Dövlət xidmətləri nə qədər asandır? - Hər il Prezidentə hesabat təqdim olunacaq

Dövlət xidmətləri nə qədər asandır? - Hər il Prezidentə hesabat təqdim olunacaq
  10 İyun 2016    Oxunub:2928
“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev deyib ki, “ASAN xidmət indeksi” formalaşdırılacaq və hər bir dövlət orqanının xidməti bu indeks üzrə qiymətləndriləcək: “Bu fərman sırf dövlət orqanlarının göstərdikləri xidmətlərin qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə nəticəsində həmin xidmətlərin vətəndaşlar üçün nə dərəcədə asan olması müəyyənlşəcək, çatışmazlıqlar varsa, həmin xidmətlərin daha əlçatan, şəffaf olması barədə təkliflər hazırlanacaq. Bu çatışmazlıqlar və təkliflər barədə hazırlanan hesabat ölkə prezidentinə təqdim ediləcək. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görüləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti