Təhsil haqqını ödəyə bilməyən tələbələrə güzəşt ediləcək

Təhsil haqqını ödəyə bilməyən tələbələrə güzəşt ediləcək
  06 İyun 2016    Oxunub:5253
Bu gün Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinq keçirilib.
AzVision.az–ın məlumatına görə, yeni icraçı direktor Rüfət Mahmud bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub.

Rüfət Mahmud qeyd edib ki, fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. “İlk növbədə Fondun fəaliyyəti tələbələrə kreditlərin verilməsi ilə başlayacaq. Tələbələrə yaşamaq üçün maliyyə vasitələrinin ayrılması, stexnikaların alınması üçün dəstəyin göstərilməsi də bura daxil olacaq.
Hər bir universitet Müşahidə Şurası tələbə yerini ayrırır və fonda sərmayə olaraq qoyur. Bu gün 10 universitetdə 350-400 arası tələbə yeri fondun balansındadır. Hər il bu rəqəmlər artacaq və universitetlər yenidən tələbə ayıracaqlar”.

İcraçı direktorun sözlərinə görə, kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər.

“Fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Eyni zamanda krediti alacaq tələbə həqiqi aztəminatlı olmalıdır və ailəsində kreditlə bağlı defolt vəziyyət olmamalıdır. Valideynin illik gəliri də nəzarə alınır. Belə ki, ildə 10 min manatdan artıq valideynin gəliri olmamalı, tələbənin yaşı 25 yaşdan çox olmamalıdır. Təhsil kreditləri bu il bakalavrda oxuyanlar üçün müəyyənləşdirilib. Eyni zamanda təhsil müddətində ümumi orta müvəfəqiyyət göstəricisi 71 baldan yuxarı olmalıdır”.

R.Mahmud qeyd edib ki, kreditlər maksimim 8 faiz nəzərdə tutulub: “Tələbə universiteti bitirəndən sonra güzəştli bir il müddət alır və 10 il müddətinə krediti qaytarır. Fondun maliyyə əməliyyatları üçün agent bank-“Kapitalbank” seçilib. Digər banklarla da əlaqə yaradılacaq. Tələbələr üçün krediti qaytarmaq mexanizmləri işlək vəziyyətdə olacaq”.

Sonra fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi (www.maarifci.az) barədə söhbət açılıb. Bildirilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumatlar yerləşdirilib.

Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti