Qalmaqallı qanun yenidən müzakirəyə çıxarılır

Qalmaqallı qanun yenidən müzakirəyə çıxarılır
  02 İyun 2016    Oxunub:2396
Bu gün Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.
Komitənin sədri İsa Həbibbəyli bildirib ki, “Elm haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmağa hazırdır. Layihə ikinci oxunuşda parlamentdə müzakirə edildikdən sonra daha da təkmilləşdirilib. Yeddi fəsil, 40 maddədən ibarət layihədə elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, dövlətin vəzifələri, elmin inkişafı üzrə dövlət proqramları, elmi işçilərin vəzifələri, işə qəbulu, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi işçilərin ictimai birlikləri, elmi dərəcələr, adlar, dissertasiya şurası və digər məsələlər əksini tapır.

Komitə sədri cəmiyyətin gözlədiyi bu sənədin Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verdiyini deyib. Layihə ilə bağlı ictimaiyyətdə geniş müzakirə olunan məsələlərdən biri Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsidir ki, komitə sədri bununla bağlı Milli Məclisə layihə daxil olduğunu deyib. Bildirib ki, bu məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi ilə tənzimlənəcək.

İsa Həbibbəyli bu dəyişiklikdən sonra gənclərin elmə axınının güclənəcəyini bildirib.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi uzun müddətdir geniş müzakirələrə yol açsa da parlamentə çıxarılmırdı. Sözügedən qanun layihəsi deputatlar arasında da birmənalı qarşılanmır. Əksər deputatlar bu qanun layihəsini dəstəkləsə də, bir çoxları bu addımın hələ tez olduğunu düşünür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti