Metsamor: Dinc soyqırım - İğdırdan reportaj (VİDEO)

  27 May 2016    Oxunub : 12290
Metsamor: Dinc soyqırım - İğdırdan reportaj (VİDEO)
...İğdır indi daha çox Sumqayıtın zəhər saçan dövrünü xatırladır. Göy üzü qapqara, insanlar əzgin, bir vaxtlar yaşıllığı, torpağının münbitliyi ilə ad çıxaran yerlər əkin-biçinsiz…

İğdırda erməni terroru var gücü ilə davam edir. Metsamor Atom Elektrik Stansiyası İğdırdan 500 metr məsafədə yerləşir. Mütəxəssislərin fikrincə, maksimum radiasiya 6 ola biləcəyi halda , İğdırda radiasiya dərəcəsi 13-dür. “Metsamor”un soyutma sisteminin suyunu Araz çayı təmin edir. Köhnə texnologiya ilə tikilən, dəfələrlə partlamaq təhlükəsi ilə qarşılaşan zavod zəhərli maddələri filtr sistemi olmadan havaya buraxır. Qalan axıntı suları isə İğdırın içməli su və suvarma sisteminə qarışır. Beləliklə, bütün İğdırın indisi, gələcəyi zəhərlənir. Uşaqlar radiasiyalı su içir, radiasiyalı su ilə suvarılmış meyvə və tərəvəzləri yeyir. Heyvanlar radiasiyalı qrunt sularını canına çəkmiş otlaqlarda otlayır.

Yerli əhali təhlükənin hansı həddə olduğunun fərqindədir. Onlar bu atom stansiyasına “Metsamor” yox, “Çernobıl” deyirl’r. Gəzdiyim Alican, Daşburun, Qacar kəndlərinin sakinləri deyirlər ki, bu kəndlərdə yalnız bir xəstəlik var, o da xərçəng. Elə ev yoxdur ki, radiasiyadan əziyyət çəkən adam tapılmasın. Radiasiya nəticəsində yaranmış xəstəliklərdə istifadə edilən dərmanlar isə Türkiyədə istehsal edilmir. Bu dərmanlar çox böyük çətinliklə xaricdən gətirilir. Yeganə ümid yeri əkin-biçin olan əhalinin isə maddi vəziyyəti xaricdən gəlmiş dərmanları əldə etməyə imkan vermir.



İğdırda hamilə qalıb normal uşaq dünyaya gətirmək möcüzədir. Ana bətnindəki döl ya 3-4 ay yaşayır, ya da şikəst doğulur. Hər sakin anemiyadan əziyyət çəkir. Körpə uşaqlar qan xərçəngindən, qadınlar döş xərçəngindən əziyyət çəkir. Xərçəngin ən çox yayılan növü isə ağciyər xərçəngidir.

Bu insanların yeganə günahı Ermənistan kimi terrorçu, heç bir beynəlxalq qaydaları qəbul etməyən ölkə ilə həmsərhəd olmalarıdır.

İğdır Osmanlı İmperiyasına ən son qatılan Səfəvi ərazisidir. Dünyanı ovcunda oynadan Osmanlı sultanlarına sözünü deyə bilən torpaq gözlə görünməyən, əllə tutulmayan, mübarizə aparmağın öz əlində olmadığı bəla ilə üzləşib. Bu kəndlərdə hələ də 10 kişidən doqquzunun adı İsmayıl yox, məhz Şah İsmayıldır. Şahlıq da, İsmayıllıq da yalnız adlarda qalıb.



İndi İğdıra Şırnak vilayətindən PKK terrorundan əziyyət çəkən kürdlər köçürülür. İllərlə Azərbaycan dilini, adətlərini, qaydalarını yaşadan, hər küçəsində Azərbaycan bayrağı dalğalanan İğdırın etnik tərkbi dəyişdirilir. Digər tərəfdən isə xəstə, şikəst əkin-biçinsiz azərbaycanlılar köç etmiş kürdlər tərəfindən sıxışdırılır. Hazırda əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən İğdırın bələdiyyə sədri də kürd əsillidir.

“Metsamor” un heyvan qətliamı

İğdırdakı heyvanlar ikibaşlı, ikiçənəli, üçayaqlı doğulur. Müxtəlif anomaliyalarla doğulan heyvanların ömrü qısa olur. İğdırın körpə uşaqları iki başı olan inəkləri, ikiçənəli atları fantastik cizgi filmlərindən yox, gündəlik həyatlarından tanıyır.

“Yaşıl İğdır” yoxa çıxıb…

İğdırın bitki örtüyü, əkin-biçin sahələri tənəzzül dövrünü yaşayır. Əhali günlərlə əziyyət çəkib yetişdirdiyi, lakin məhsul ala bilmədiyi torpaqlar radiasiyalı qrunt suları ilə yuyulur. Sakinlər sahələrdən aldıqları cüzi meyvə-tərəvəzi övladlarına qorxa-qorxa yedirdir.

Naxçıvanı gözləyən bəla

Naxçıvanla İğdır arasındakı məsafə 212 km.–dir. Beynəlxalq qaydalara görə, nüvə materialları yalnız və yalnız dəmir yolu vasitəsilə daşına bilər. Ermənistan isə bütün məsələlərdə olduğu kimi, bu vəziyyətdə də qaydalara riayət etmir. “Metsamor”dan nüvə materialları hava yolu ilə daşınır. Bu isə o deməkdir ki, həmin təyyarələrdən biri partlayarsa, Naxçıvan, Ermənistan, İğdır, Qars, Van, Ardahan, Antep və s. dünya xəritəsindən silinəcək.



Onu da qeyd edim ki, İğdırdakı qədər ağır olmasa da, Naxçıvanda da xərçəng xəstələrinin sayı artır.

Gəzdiyim bütün İğdır kəndləri Metsamor Atom Elektrik Stansiyasının ağrı-acısını, zəhərini canında-qanında daşıyır. Şüalanmanın fəsadları hər yerdə görünür. Gəzdiyim kəndlərdə sağlam görünüşlü sakinə rast gəlmək mümkün deyildi. Qacar, Daşburun, Mələkli, Alican, Qazançı sakinlərindən sağlam dişi olan, beli bükülməyən, saçı vaxtsız ağarmayan insana rast gəlmək çətin idi.

ANONS:
Növbəti hissədə
- Türkiyə Ekologiya Nazirliyinin İğdır rəsmisinin video müsahibəsi
- İğdırın əczacılıq sahəsi üzrə əsas təminatçısı və ASİM DER (Erməni Yalanları ilə Beynəlxalq Mübarizə Dərnəyinin sədri) ilə Metsamor Atom Elektrik Stansiyasının İğdıra verdiyi zərər, sakinlərin əziyyət çəkdiyi xəstəliklər və “Metsamor”la bağlı Ermənistanı geri çəkilməyə məcbur etməyin yolları haqda geniş video reportajlar təqdim ediləcək


Günay Arda AzVision.az/Femida.az
Bakı-Naxçıvan-Iğdır-Bakı


Mövzu ilə bağlı oxyun:
Azərbaycanlı əsir və girovlar `Metsamor` da işlədilir - ŞOK İDDİA

Teqlər: