“Qarabağ”dan nə gözləyək? – TƏHLİL

“Qarabağ”dan nə gözləyək? – TƏHLİL
  25 İyul 2013    Oxunub:1385
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Nüfuzuna görə ikinci dərəcəli klub turniri sayılan Avroliqada ölkəmizi təmsil edən “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”da məhz bu gün turnirin sözügedən mərhələsində cavab qarşılaşmalarına çıxacaqlar.

Payataxt təmsilçisi ilə Lənkəran klubunun müvafiq olaraq Norveç və İsraildən “2” alaraq qayıtması bütün ümidləri “Qarabağ”a bağlamağımızı şərtləndirib. Düzdür, Ağdam klubunun da Bakıdakı 2:1 hesablı qələbəyə rəğmən, Polşaya rahat getdiyini demək olmaz. Hər halda, "Pyast"ın mümkün minimal hesablı qələbəsi Qurban Qurbanovun komandasının mübarizəni dayandırması demək olacaq. Bəs görəsən, məsul oyun öncəsi “Qarabağ”dan nə gözləmək olar?

“Qarabağ” necə oynamalıdır?

Əslində, hələ ilk matçdan əvvəl ağdamlıların oyunu hava ötürmələri üzərində qurmasının yanlış olacağı asan proqnoza gəlirdi. Başqa sözlə, Qurban Qurbanovun “ikinci mərtəbə”dən oynamaq strategiyası ilə Namiq Yusifov (1, 70 sm), Reynaldo Silva (1, 73 sm), Qara Qarayev (1, 75 sm), Vüqar Nadirov (1, 75 sm) və Riçard Almeyda (1,77 sm) kimi o qədər də ucaboylu olmayan oyunçulara güvənmək ideyası heç cür uzlaşmırdı. Hər halda, ilk oyunda meydana Çaba Horvat (1,93 sm), Jan Polak (1,87 sm), Adrian Klepçinski (1,87 sm) və Damian Zbozyen (1,86) kimi hündür boylu müdafiəçilərlə meydana çıxan “Pyast”ın komandamızın hücumlarını necə asanlıqla qarşıladığını və nisbətən ucaboylu olan Nikolos Gelaşvilinin rəqib müdafiəçilərin arasında necə “itdiyini” hamı gördü. Hava toplarında rəqibdən geri qaldığımızın Marçin Robakın Ansi Aqolini qabaqlayaraq hesabı açdığı anda da şahidi olduq. Əvəzində, “Pyast”ın qapısına fərdi oyunla yol tapan “Qarabağ” yerlə oynadıqda daha təhlükəli olduğunu isbatladı. Deməli, “köhlən atlar” bu dəfə nəhz belə oyun üslubuna üstünlük verməlidir. İlk qarşılaşmadan sonra rəqib düşərgəsindən gələn açıqlamalardan polşalıların cavab matçında erkən qol istəyində olacağı aydınlaşırdı. Belədə, Qurban Qurbanovun komandası rəqibin erkən qol istəyini əngəlləməlidir. Bunu reallaşdırmaq mümkün olsa, oyunu əks-hücumda quracaq komandamızın əks həmlələri üçün geniş imkan yaranacaq ki, belə vəziyyətdə də Vüqar Nadirov, Reynaldo Silva kimi sürətli, Riçard Almeyda kimi texnikalı futbolçular rəqibin qapısına yol tapa bilər.

Qurbanov qalib heyəti dəyişməyəcək

Qarşılaşma ərəfəsində maraq doğuran məqamlardan biri də komandaların hansı heyətlə meydana çıxması məsələsidir. Əslində, Qurban Qurbanovun hansı oyunçulara bel bağlayacağını təxmin etmək çətin deyil. Avroliqada bu mövsüm geridə qalan üç matçda cəmi 15 futbolçunun xidmətindən yararlanan “köhlən atlar”ın çalışıdırıcısının bu dəfə də gözlənilən “onbirliy”ə güvənməsi proqnozlaşdırılır. Mövqelər üzrə bölüşdürməli olsaq, “Qarabağ”ın qapısını yenə Miro Varvodiç qoruyacaq. Müdafiənin sağ cinahında Maksim Medvedev, solda isə Ansi Aqoli yer alacaq. Müdafiənin mərkəzi isə kamandanın kapitanı Rəşad Sadıqovla Admir Teli forma geyəcək. Yarımmüdafiədə “qara iş” görmək vəzifəsi Qara Qarayevlə Namiq Yusifovun üzərinə düşəəcək. Cinahları və tək hücumçunu topla "qidalandırmalaq” məsələsi isə braziliyalı Riçard Aımeydaya həvəalə olunacaq. Yarımmüdafiənin sağ və sol cinahlarından hücuma dəstəyi isə Reynaldo Silva və Vüqar Nadirov verəcək. Hücum xəttində isə hər nə qədər gözləntiləri qarşılamasa da, bu dəfə də Nikolos Gelaşvilinin forma şansı qazanması daha çox inandırıcıdır.

“Pyast”ın hansı oyunçularla meydana çıxacağına gəlincə, 4-4-2 taktiki sixem ilə mübarizə aparacaq “Pyast”da baş məşqçi Marçin Brozun “çərçivə”də Yakub Şumskiyə etimad göstərməsi gözlənilir. Müdafiə xəttində Adrian Klepçinski, Çaba Horvat, Jan Polak və Damian Zbozyen yer alacaq. Orta xəttdə Mateuş Matras, Tomaş Podqorski, Matey İzvolt və Lukaş Hanzel oynamalıdır. Hücum xəttdə iki forvarda güvənən polşalıların matça ön xəttində Ruben Jurado və Marçin Robakla başlaması gözlənilir.

Keçmişə ekskurs

Püşk bu gün qarşılaşacaq “Pyast” və “Qarabağ”ı avrokuboklarda ilk dəfə üz-üzə qoysa da, iki ölkə təmsilçilərini bir-biri üçün yad rəqiblər saymaq olmaz. Belə ki, Polşa və Azərbaycan klubları sözügedən cütlüyün oyunlarına qədər 10 dəfə qarşı qarşıya gəlib. İlk dəfə avrokuboklarda debüt etdiyimiz mövsümdə üzləşən iki ölkə klublarından “Qutnik”lə “Xəzri”nin UEFA kubokundakı qarşılaşmasından polşalılar qalib ayrılmışdı. Doğma meydanda komandamızın qapısından 9 cavabsız top keçirən sözügedən komanda Bakıda 2:2 hesablı heç-heçəyə razılaşmışdı. 1997/1998-ci illər mövsümündə Çempionlar Liqasının ilkin təsnifat mərhələsində də “Neftçi”ni bu ölkənin “Vidzev” klubu dayandırmışdı. Bakıda 2:0, Polşada isə 8:0 hesabı qeydə alınmışdı. Növbəti mövsümdə də Çempionlar Liqasında yolumuz Polşa təmsilçisi ilə kəsişmiş və bu dəfə bu ölkənin LKS klubu “Kəpəz”ə 4:1 və 3:1 hesabları ilə qalib gəlmişdi. Bundan sonrakı illərdə müvafiq olaraq UEFA İntertoto kubokunun 2000/2001-ci illər mövsümündə “Zaqlembe” “Viləş”i (4:0; 3:1), 2005/2006-сı illər mövsümündə “Lex” “Karvan”ı (1:2; 2:0), UEFA kubokunun 2007/2008-ci “futbol ili”ndə “Qrotsilin” “MKT Araz”ı (0:0; 0:1) üstələmişdi. Sonrakı iki mövsümdə isə Avropa Liqasında ardıcıl iki dəfə qarşılaşan “Xəzər Lənkəran”la “Lex”in duelindən polşalılar hər iki halda 0:1 və 4:1 hesabları ilə qalib ayrılmışdılar. Elə 2010/2011-ci illər mövsümündə də Çempionlar Liqasında “Lex” səddini aşa bilməmişik. Düzdür, o vaxt “ev”də minimal hesabla uduzan “İnter” səfərdə həmin hesabla qalib gəlmişdi, amma sonda penalti seriyasında sevinən tərəf polşalılar olmuşdu. İki ölkə təmsilçilərinin bugünkü dueli ərəfəsində Polşa klubunu üstələdiyimiz yeganə avrolubok qarşudurması isə məhz bu gün meydana çıxacaq “Qarabağ”ın adı ilə bağlıdır. Belə ki, 2010 /2011-ci illər mövsümündə Avroliqada mübarizə aparan “köhlən atlar” turnirin üçüncü təsnifat mərhələsində “Visla”nı Krakovda 1:0, Bakıda isə 3:2 hesabı ilə məğlub etməklə mərhələ adlamışdı

“Qarabağ” üçün bolqarıstanlı

İki komandanın cavab qarşılaşması ərəfəsində matçın başlama vaxtının və oyunu idarə edəcək hakimin kimliyi də maraqla gözlənilirdi. Qarşılaşmadan bir neçə gün əvvəl isə bütün bu suallara aydınlıq gəldi. Məlumat üçün bildirək ki, Polşanın Qlivitse şəhərinin "Pyast" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və görüşü bolqarıstanlı referi Stanislav Todorov idarə edəcək.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti