Deputatdan ev alanlar üçün `qırmızı işıq` təklifi

Deputatdan ev alanlar üçün `qırmızı işıq` təklifi
  18 May 2016    Oxunub:3482
Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik barədə qanun layihəsi müzakirə edilib.
Qanun layihəsində dəyişiklik qabaqlayıcı qeydiyyatla bağlı olub.

Millət vəkili Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bildirib ki, mənzil və qeyri-yaşayış sahələri ilə bağlı qabaqlayıcı qeydiyyat prosedurunun tam işləməsi olduqca vacibdir. Deputatın sözlərinə görə, bu halda bir mənzilin, qeyri-yaşayış sahəsinin bir neçə nəfərə satılması, vətəndaşların aldadılması halları aradan qalxacaq:

“Qanunun 17-ci maddəsinə çox cüzi bir düzəliş lazımdır. Ondan sonra qanun başqa formada işləyəcək. Tutaq ki, bu gün bir MTK sahibi yaşayış binası tikmək istəyirsə, həmin binanın özülü qazılanda təsdiq olunmuş layihə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçir. Bu zaman məlum olur ki, həmin ərazidə tikilən bina neçə blokdan və neçə mənzildən olacaq. MTK sahibi mənzili satarkən Daşınmaz Əmlak Komitəsində həmin mənzilin bundan öncə kiməsə satılıb-satılmaması məlum olacaq. Kompüterdə həmin mənzilin üzərində qırmızı işarə qoyulur ki, artıq bu mənzil satılıb. Qırmızı işarə ilə bilinəcək ki, həmin mənzil eyni vaxtda bir neçə nəfərə satılıb, yoxsa yox.

Hansısa dələduz ikinci dəfə həmin mənzili satmaq istəyəndə, alıcını aldatmaq mümkün olmayacaq. Bu problemin aradan qaldırılması üçün 17-ci maddədə kiçik dəyişikliklər lazımdır”.

Deputat rəsmi qurumların bu məsələyə müsbət qiymət verdiyini vurğulayıb.

“İnsanlar güclə pul tapıb mənzil almaq istəyir, hansısa dələduz mənzili 3 nəfərə satır və insanlar günlərlə, aylarla məhkəmə yollarında qalırlar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti