Qənirə Paşayeva Xalq artistini ziyarət etdi

Qənirə Paşayeva Xalq artistini ziyarət etdi
  24 İyul 2013    Oxunub:1482
Qənirə Paşayeva Şəfiqə Axundovanı ziyarət edib
Ötən gün böyük bəstəkarımız, gözəl insan Şəfiqə Axundovanı 1 saylı Şəhər Kliniki Xəstəxanasının (keçmiş Semaşko) kardiologiya bölməsinin reanimasiya şöbəsində ziyarət etdik. Onun ayağının sınması nəticəsində xəstəxanaya düşməsi xəbərini eşidəndə çox üzüldük. Şəfiqə xanımı uzun illər öncə yaxından tanıdıqdan sonra, aramızda ağbirçək – gənc münasibətinin yanısıra... sanki qəribə bir dostluq bağı da qurulmuşdu. Arabir mütləq baş çəkməyə çalışırdım Şəfiqə xanıma. Bu dəfə, dəyərli dostumuz, gözəl sənətçimiz Aybəniz xanım Haşımaova ilə birlikdə ziyarət etdiyimiz Şəfiqə xanımla xeyli söhbət etdik. Çünki... “mənim sadəcə sizlərin quruayaqla gəlmənizə, mənə baş çəkmənizə, söhbət etmənizə ehtiyacım var, darıxıram” deyirdi. Xəstəxanaya düşməsi barədə gec xəbər tutduğumuzu, bacısı Rəfiqə xanımın bir gün öncə telefonla zəng edib xəbər verməsindən öyrəndiyimizi deyib, çətin də olsa, üzrxahlıq etmək istəsək də imkan vermir: “Canınız sağ olsun, bundan sonra tez-tez gəlin” deyir, biz də “mütləq gələcəyik” deyirik.

Baş həkimlə, şöbə müdiri ilə, həkimlərlə söhbət etdik, - sağ olsunlar, Şəfiqə xanımın sağalması üçün əllərindən gələni etməyə çalışırlar. Səhiyyə naziri, nazir müavini Abbas Vəlibəyovla danışdıq və Şəfiqə xanımın yaxşılaşması üçün bütün addımların atılacağını və müalicələrin aparılacağını və onun xüsusi diqqətdə olduğunu dedilər. İnşallah Allahın və həkimlərin yardımı ilə bu çətinlikdən də çıxar Şəfiqə xanım!
Xəstəliyinə, ağrılarına baxmayaraq hər zamankı kimi şükr və nikbinlik içində idi görkəmli sənətçi. Yeni yazaqcağı əsərlərdən, iştirak edəcəyi proqramlardan, yubiley gecəsindən... danışırdı və arabir zarafatla “ölmək istəmirəm, məni ölməyə qoymayın” deyirdi.

Şəfiqə Axundova Azərbaycan musiqisi və mədəniyyəti üçün böyük işlər görmüş dəyərli bir bəsətkardır. Hər yerdə fəxrlə “...müsəlman Şərqində ilk opera yazan qadın Azərbaycanlıdır, Şəfiqə Axundovadır!” deyirik. Şəfiqə xanım xəstəxanada belə... sənətindən ayrıla bilmir. Dəyərli dostumuz, gözəl sənətkar Aybəniz Haşımova “Şəfiqə xanım, bəlkə sizə bir əsərinizi oxuyum” deyir. Şirin bir ləhcə ilə “nə gözəl olar, ölürəm sənin oxumağınçün” deyir. Aybəniz xanım onun ünlü “Bu ayrılıq nədən oldu?” əsərini oxuyur.

Mən ki, səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?..

Duyğulanır, kövrəlir Şəfiqə xanım... gözləri bir nöqtəyə zillənir... kim bilir, nələri xatırlayır.?! Arabir çətinliklə də olsa Aybəniz xanımla birlikdə oxumaq istəyir və arabir də Aybəniz xanıma baxaraq “səsə bax, e, səsə” deyir...

Xəstə yatağında belə ona bu sənətin sirlərini öyrədən əziz müəllimi, böyük Üzeyr bəyi xatırlayır, ona rəhmət oxuyur. Onunla bağlı hazırladığım televiziya proqramlarını xatırlayır, musidiqən, yazmaqdan, yaratmaqdan danışır...

“Şəfiqə xanım, sizi hamı sevir” deyirik, üzünə çox xoş bir təbəssüüm gəlir və “elə məni yaşadan o sevgidir də” deyir. Deyir ki, “sevgi olmasa ölərəm...”

Aybəniz xanım Şəfiqə xanımın gənclərə məsləhətini xatırladır: “Gənc olanda çox şəkil çəkdirin, yaşlananda lazım olacaq” deyə... Şəfiqə xanım “Qənirə, sən mənim haqqımda yaxşı proqramlar etmişdin, heç unutmarıq” deyir. “Gör neçə illərdi sizi yaxından tanıyıram, görüşürük, maraqlı fikir və xatirələriniz var, artıq sizin haqqınızda gözəl bir yazı yazmağın zamanı gəlib” deyirəm. Sanki bir uşaq məsumiyyəti və səmimiyyəti ilə “Nə yaxşı! Mənə də gətirərsən, oxuyarsan” deyir...

Bəlkə bir çox sənət insanı, ziyalılar Şəfiqə xanımın artıq on gündən çoxdur xəstəxanada yatdığını bilmir və o səbəbdən ziyarət edə bilməyiblər. Mən onları zamanları olanda Şəfiqə xanıma baş çəkməyə çağırıram. Çünki onu heç nə bu diqqət qədər sevindirə bilməz və bilmir...

Əziz Şəfiqə xanıma bu müqəddəs Ramazan ayımızda can sağlığı arzulayıram! Arzu edirəm ki, onunla xəstəxanada deyil, konsert salonunda görüşək!

Arzulayıram ki, yubileyini onun iştirakı ilə qeyd edək və hələ neçə-neçə (necə-necə!) gözəl əsər yazıb-yaratsın..!


Teqlər:  





Xəbər lenti