Deputatlardan dollar kreditləri ilə bağlı müraciət

Deputatlardan dollar kreditləri ilə bağlı müraciət
  12 May 2016    Oxunub:8695
10 min dollara qədər olan kreditlərə güzəştin tətbiq edilməsi yenidən gündəmə gəlib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib ki, dollar kreditlərinə güzəştin olması ilə bağlı onlara müraciət daxil olmayıb.
Şura sədri qeyd edib ki, bununla bağlı müraciət olunarsa, baxıla bilər.

Millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov isə bildirib ki, dollar kreditləri ilə bağlı təkliflər aidiyyatı qurumlara çatdırılıb.

Deputat Əli Məsimli AzVision.az-a açıqlamasında bildirib ki, aprel ayının 29-da həmkarı Vahid Əhmədovla birlikdə hazırladıqları təkliflər paketi 3 ünvana - Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərilib.

Millət vəkili qeyd edib ki, 29 apreldə göndərdikləri paket mayın 3-də Palatada qəbul olunub.

“Ola bilsin ki, bu məsələyə hələlik baxmayıblar. Amma məlumat onlara mayın 3-də çatıb. Bu barədə mətbuatda xeyli məlumat gedib. Ümumiyyətlə, dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunarsa, bu həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar. Həmçinin bu addım əhalinin banklara inamını artırar və bu da iqtisadiyyata güclü təkan verər. Ona görə də məsələnin həllinin sürətləndirilməsi banklar və əhali üçün sərfəlidir”-deyə Ə.Məsimli vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti