Osmanlı əsirləri Nargin adasından necə qaçırılmışdılar – GİZLİ TARİX

Osmanlı əsirləri Nargin adasından necə qaçırılmışdılar – GİZLİ TARİX
  10 May 2016    Oxunub:54461
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

(Yazının birinci hissəsini BURADAN oxuyun)

1906-09 –cu illərdə ermənilər Bakıda böyük özbaşınalıq edirdilər. Çox hiyləgərliklə törədilən oğurluq, quldurluq hadisələrini aça bilməyən şəhər polisi Quba meydanına gələrək, ələ keçən qoçuları yığışdırıb aparmışdı.

Ancaq həmin axşam yenə eyni dəstə başqa-başqa yerlərdə iki mağazaya basqın etmiş və sahibkarı ağır yaralayaraq aradan çıxmışdı. İki gün sonra xəstəxanada özünə gəlmiş zərərçəkən polis bədəfkarların erməni millətindən olduğunu və onları tanıdığını xəbər vermişdi.

Qəzetlər həmin hadisəni belə şərh edirdilər: “Bibiheybətdəki Maştağa kəndinin əhli İslam Əliyev Kərbəlayi Ağa Manafovun evindən dükanda olduğu halda axşam saət yeddidə üç nəfər erməni xəncər və tapançalarla müsəlləh surətdə dükana girib, “ruki verx” qışqıraraq, dükanın xəzinəsini qarət ediblər. Dükandakılar onlara mane olmaq istərkən quldurlar hər iki müsəlmanı yaralayaraq qaçmışlar. Yaralılar bədəfkarlardan birisini tanımışlar. Bu, Vokzalnı küçədə sakin olan qoçu Babken idi.

Polis qorodovoyu göstərilən ünvana gedərkən bunlar arasında bərk atışma düşüb. Qorodovoyu ayağından yaralayan bədəfkarlar qaçmışlar. Bunlar barədə tədbir görülsə də, binəticə qalıbdır”.

Quba meydanında tutulan qoçular arasında Dağlı Abbas və malbaş Yusif də vardı. Polislər Abbası işgəncələrlə dindirmiş, ancaq boynuna heç nə qoya bilməmişdilər.

Azadlığa buraxılan Abbas Babkenin Vokzalnı küçədəki "Rozalina" restoranında gizləndiyini bilirmiş. O, Qurbanqulu ilə həm də priton kimi fəaliyyəti olan "Rozalina"dan çıxan Babkeni gülləyə bassalar da, çiynindən yaralanmış quldur aradan çıxa bilmişdi. Hələ də axsayan Qurbanqulu onun ardınca qaçaraq:
- Qulluğunda qalsın, köpək, onsuz da əlimdə öləcəksən, - deyə bağırırdı.

1918-ci ilin mart hadisələrində erməni - daşnak quldur dəstələri Bakıda dinc əhalini qırır, girov aparır, evləri talan edirdilər. Bandalarının başında erməni qoçuları Baken, Levon və Xaçatur (gələcəkdə məşhur klarnet və tütək çalan Karo Çarçukyanın atası) dururdular. Babken qz əzazilliyi, qaniçənliyi, quldurluğu ilə daha çox tanınırdı.

1918-ci ilin may ayında Qoçu Qurbanqulu Ermənikənddən bir qədər aşağıda, Stanislavski küçəsində (Azdlıq prospekti) Babkeni yaralayaraq əsir götürür və Dağlı məhəlləsinə gətirir. Bakının erməni milyonçuları əl-ayağa düşüb Musaya çoxlu miqdarada qızıl və pul təklif edirlər ki, o, Babkeni buraxsın. Musa öz əli ilə qulduru qudurğan it kimi gəbərdir. Bundan xəbər tutan “millət atası” H.Z.Tağıyev Musanın yanına gələrək onun alnından öpür: “Halal olsun sənə anan Nəcibə xanımın südü, əsl kişisən. Sən ki, pula aldanmadın, əsl oğulsan, əcəb edib erməni dığasını öldürmüsən!”

Ermənilərlə son atışmalar zamanı sinəsindən yaralanmış qoçu Mürsəl iki gündən sonra Musanın, Qurbanqulunun, Dağlı Abbasın əhatəsində gözlərini yumdu. İki güllə sinəsindən dəydiyindən onu yaxınlıqdakı evlərdən birinə aparıb, orada müalicəsini edirdilər.

Hər axşam Ağa Musa Nağıyev mühafizəçisini görməyə gəlirdi. “Atam, mən iki dəfə Mürsələ belə cığal işlərə baş qoşma deyə tapşırdım, çifayda, məhəl qoymadı sözlərimə. Musa, oğul, bunun tarixi oxunub, əgər qəfildən bir hadisə üz versə, çaparaq mənə xəbər eləginən”, - deyib. Qoçu Mürsəlin hüzr məclisinin xərcinin hamısını Ağa Musa çəkdi.

Dağlı Musa və qardaşı Qurbanqulunun ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdikləri köməklik idi.

1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi. Bu dövrdə Türkiyə Almaniya-Avstriya ittifaqına qoşuldu. Türkiyənin hərbi naziri Ənvər paşa və daxili işlər naziri Tələt paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə türklər Qars və Batum tərəfdən Qafqaza girdilər. Bu cəbhədə üçüncü türk ordusunun üç ordu korpusu özünün 11 diviziyası ilə iştirak edirdi. Baş komandan Ənvər paşanın özü idi. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min adam salamat qalmışdı.

1916-cı ildə say etibarı ilə çoxluq təşkil edən rus qoşunları hücuma keçərək Ərzurumu və Trabzonu tutdular. Döyüşlər zamanı türklərdən çoxu əsir alınmışdı. Onlardan təxminən 600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca acınacaqlı idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı.



Belə bir vəziyyətdə Murtuza Muxtarov, İsa bəy Hacınski, Malbaş Yusif, Məşədi Ələsgər, Dağlı Musa, Qocu Qurbanqulu, Qoçu Nəcəfqulu və başqa imkanlılar əsirlərə çox köməklik göstərmişdilər. Musa və Qurbanqulu pulla onları rus soldatlarından satın alır, yaxud qaçırıb vətənlərinə yola salınmasını təşkil edirdilər. Bəzən bir günə 10-14 əsir qaçırıldı.

Zığ burnunda bağlanan qayığı dalğalar gecə qoparıb dənizin içərilərinə aparmışdı. Gündüz rus nəzarətçiləri bu qayığı tapmışdılar. Həmin gün rus qəzetləri xəbər verirdilər: “Bu gecə Nargin adasından 12 türk əsiri qaçmaq təşəbbüsündə bulunmuş, fırtına isə qayığı çevirmiş, əsirlər boğulmuşlar”. Halbuki qaçırılan əsirlər «Cəmiyyəti Xeyriyyə» («İslamiyyə») binasında Dağlı Musanın təşkil etdiyi qonaqlıqda istirahət etməkdə idilər.

Dağlı Musanın Brilyant Ağakərimə söylədiklərindən məlum olur ki, 1917-ci ilin əvvəlindən sonunadək 200 nəfərdən artıq türk əsir zabit və əsgərin qaçırılması faktı öz əksini tapır.

Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cumhuriyyətinin köməyinə gəldi və Bakını erməni-daşnaq işğalından azad etdi. Amma paytaxtın işğaldan azad olunması tək türk əsgərlərinin adı ilə bağlı deyil. Bakının işğaldan azad edilməsində yenicə formalaşan Azərbaycan ordusunun, eləcə də Bakı qoçularının rolu çox böyük olub.

Bakını azad etmək uğrunda yalnız hərbçilər deyil, həm də Bakı qoçuları da mübarizəyə qalxmışdılar. 1918-ci ildə ermənilər Bakıya hücum edəndə, qoçu Nəcəfqulu, Malbaş Yusif, Şahpələng, Musa, Qoçu Qurbanqulu öz vəsaitləri hesabına aldıqları xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar, özləri də igidliklə döyüşüblər.

Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa onların bir neçəsini, o cümlədən Qoçu Qurbanqulunu ordenlə təltif edib. 1920-ci ildə bolşeviklər tərəfindən həbs olunan qoçu Nəcəfqulu güllələnir. Onunla birgə ermənilərə qarşı vuruşan daha 11 Bakı qoçusu da ölüm hökmünə məruz qalır. Dağlı Musa isə Türkiyəyə yollana bilir.

1924-cü ildə Musanın əmisi Məşədi Məlik və qardaşı Qoçu Qurbanqulunu həbsə alırlar. Lakin Bakı Neftçilər Cəmiyyətinin səyi sayəsində Məşədi Məlik zaminə buraxılır. Bir qədər sonra Məşədi Məlik də M.C. Bağırovun qəbuluna düşərək Qurbanqulunun da azad edilməsinə nail olur.

Millət fədailəri olan qardaşlar haqqında M.C. Bağırov və Azərbaycan millətini cəlladı, NKVD-nin başçısı Yulian Sumbatov-Topuridze də kifayət qədər məlumatlı idilər.

1934-cü ildə Dağlı Musa həbsə alınarkən onunla Topuridze arasında belə bir dialoq olur..
S.Topuridze: - Müttəhim Musa Əhməd oğlu, sovet hökuməti qırdığın erməniləri sənin üçün keçməyəcək.
Musa Əhmədoğlu: - Bəs Bakıda ermənilərin qırdığı on minlərlə azərbaycanlının qanını kimin üçün keçəcəklər?!

S. Topuridze hər vəchlə çalışırdı ki, Musaya ölüm hökmü çıxarılsın. Lakin M.C.Bağırov ona cəmi dörd il həbs qərarı çıxarılması tapşırığı verir.

Topurudzenin sifarişi ilə Dağıı Musaya məhbəsdə iki dəfə sui-qəsd təşkil olunur, amma olayın qarşısı qoçu haqqında hər şeyi müfəssəl bilən nəzarətçilər tərəfindən alınır.

1941-ci ildə müharibə başlayan zaman Dağlı Musa hərbi komisarlığa gələrək könüllü əsgər aparılmasıni təkidlə tələb edir. Lakin tibbi komisiyadan çıxa bilmir. Onun bədənində səkkiz qəlpə və güllə yaraları vardı.


Teqlər:  





Xəbər lenti