Nəcməddin Sadıkov işdən çıxarılmayıb - Nazirlikdən sərt açıqlama

Nəcməddin Sadıkov işdən çıxarılmayıb - Nazirlikdən sərt açıqlama
  10 May 2016    Oxunub:5177
Müdafiə Nazirliyi Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun istefası məsələsinə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, Sputnik-in bu barədə sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, Nəcməddin Sadıkov barədə yayılan məlumatların heç bir əsası yoxdur:

"Bəzi üzdəniraq saytlarda Ordumuza qara yaxmaq, böhtan xarakterli və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan yazılar dərc olunub. Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə sosial şəbəkələrdə və bir sıra saytlarda gedən materiallar dezinformasiyadır. General-polkovnik vəzifəsinin başındadır.

Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı var", — deyə V. Dərgahlı bildirib.

Onun sözlərinə görə, mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər: "Onlardan fərqli olaraq Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd — torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixioloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər".

Qeyd edək ki, bu gün ölkənin bir sıra KİV-lərində və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən azad edildiyi barədə məlumatlar yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti