`Ermənilər öz mövqelərini qoyub qaçdılar` - VİDEO

`Ermənilər öz mövqelərini qoyub qaçdılar` - VİDEO
  04 May 2016    Oxunub:5920
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi Milli Ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb.

AzVision.az xəbər verir ki, Azərtac-ın müxbiri cəbhənin Goranboy istiqamətində həmin hərbi qulluqçularla görüşərək söhbət edib, onların döyüş təəssüratlarını öyrənib.

Aprelin 2-dən 5-dək gedən döyüşlərdə strateji yüksəkliklərin düşməndən azad olunmasında iştirak edən gizir Mehman Çobanov deyib: “Döyüşlərdə xeyli itki verən düşmən silahlarını, texnikasını qoyub qaçdı. Onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdik”.

Mehman Çobanov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi onlarda böyük ruh yüksəkliyi yaradıb: “Hər zaman döyüşə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı Allahın köməyi ilə azad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Onların qisasını alacağıq. Bunu düşmən də yaxşı bilir”.

Kapitan Mirdamət Bağıyev döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Mirdamət Bağıyev aprel döyüşlərini belə xatırlayır: “Aprelin əvvəlində düşmənin təxribatının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər gördük. Üzərimizə gələn erməni tanklarının qarşısını aldıq. Bir-bir mövqe dəyişərək, erməni qüvvələrinin 17 texnikasını və xeyli sayda şəxsi heyətini məhv etdik. Düşmən Azərbaycan əsgərinin gücünü görüb, öz mövqelərini, silah-sürsatını qoyub qaçdı. Beləliklə, strateji yüksəkliyi düşməndən azad etdik”.

Qeyd edək ki, aprelin 2-də döyüşdə yaralanan Mirdamət Bağıyev bunu heç kimə bildirməyib, döyüşü davam etdirib. Yalnız döyüşlər səngiyəndən sonra müalicəyə gedib.

Aprelin əvvəlindəki döyüşdə düşmən üzərində qələbənin qazanılmasında, strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında tankçılarımızın da böyük rolu olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilən İsabala Məmmədov deyib: “İrəli” komandası verildikdən sonra hücuma keçdik. Düşmən birinci eşalonu qoyub qaçmağa başladı. Hücumu davam etdirib heyətimlə düşmənin 3 zirehli texnikasını, 1 tankını, 4 mövqeyini məhv etdik”.

İsabala Məmmədov bildirib ki, əgər düşmən torpaqlarımızı tərk etməsə, Azərbaycan Ordusunun zərbəsi daha şiddətli olacaq.




Teqlər:  





Xəbər lenti