"Əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar var"

"Əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar var"
  23 İyul 2013    Oxunub:1248
İlham Əliyev: "Bütün daxili proseslər daxildə də həll edilməlidir"
"Hesab edirəm ki, jurnalistlərin vətənpərvər olması çox vacib bir məsələdir. Ümumilikdə deyə bilərəm ki, Azərbaycan jurnalistikası dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, hətta partiya maraqları ön plana çıxır. Əlbəttə ki, bu hallara yol vermək olmaz. Xüsusilə gənc, müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da düzgün olmalıdır".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışı zamanı deyib.

Bu məsələ ilə bağlı daima öz fikirlərini bildirən İlham Əliyev qeyd edib ki, bu, sadəcə bir şüar deyil, zərurətdir: "Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çöx böyük rolu var. Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil bir dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq, bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir və bu vəziyyəti bizim cəmiyyətimiz təqdir etməli, qiymətləndirməlidir. Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir, dövlət maraqları müzakirə edilməlidir, ilk növbədə, dövlətə zərər verə biləcək hər hansı bir hallara yol verilməməlidir, eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində öz həllini tapmalıdır. Bu barədə mən dəfələrlə öz fikirlərimi bildirmişəm, bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da bu problemləri öz həllini ölkə daxilində tapmalıdır. Bütün məsələləri biz özümüz həll etməliyik. Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və ölkənin strateji xarici və daxili siyasəti ilə bağlı demək olar ki, fikir ayrılığı yoxdur. Belə olan halda bütün daxili proseslər daxildə də həll edilməlidir".

Dövlət başçısı bildirib ki, bu gün müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir: "Bizim taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir və Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur. Ona görə də hesab edirəm ki, vətənpərvərlik mövzuları bizim mətbuatda daha geniş yer almalıdır, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Mətbuatda bu mövzularla bağlı yazılara rast gəlmək olur, amma hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daima gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi vacibdir. Çünki, bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük nailiyyəti ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər bu arzularla yaşamışlar, ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, biz müstəqil və azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Və biz bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik sadəcə dövlət atributları deyil, müstəqil həyat, müstəqil siyasət, dövlət və milli maraqların qorunmasıdır".

İlham Əliyev vurğulayıb ki, bu gün internet kimi universal bir vasitə var: "Bundan daha geniş şəkildə istifadə etmək lazımdır. Çünki ictimai, milli, dini dözümlülük, iqtisadi islahatlar və xarici siyasət sahəsində Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər var, çatışmayan məsələlər var. Bunu biz də deyirik, jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olmalıdırlar. Ancaq bununla bərabər nailiyyətlər də kifayət qədərdir və biz haqlı olaraq fəxr edirik ki, qısa müddətdə Azərbaycan müstəqil dövlət kimi formalaşdı, gücləndi, bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir, beynəlxalq aləmdə böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi və sosial problemlərin həllində bir çox ölkələr üçün nümunə ola bilir".

Dövlət başçısı bildirib ki, inkişaf etmiş ölkələrin bir çoxlarının kriteriyaları artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi sahədə: "Yəni deməyə sözümüz çoxdur, sadəcə olaraq bu işləri koordinasiya etməliyik. Vətənpərvərlik duyğuları başqa məsələlərdən üstün olmalıdır. Ölkə daxilində təbii ki, müxtəlif baxışlar var, siyasi tendensiyalar var və burada toqquşmalar təbiidir və bu, hər bir normal cəmiyyətdə olmalıdır. Biz öz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Müstəqillik ən böyük sərvətdir, biz onu qorumalıyıq. Bundan sonra da çalışmalıyıq ki, müstəqillik, dövlətçilik, azadlıq Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi hallarda biz üzülürük ki, hələ də başqa psixologiya ilə yaşayanlar var, hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar var. Xaric deyəndə, mənim üçün fərq etmir, bu xaric hansı qütbdədir. Azərbaycanın problemləri Azərbaycanın daxilində öz həllini tapmalıdır. Hesab etmirəm ki, xaricdən dəstək almaq müstəqilliyin əlaməti ola bilər. Xüsusilə, indiki dünyada müxtəlif yerlərdə proseslər mənfi istiqamətlərdə cərəyan edir, qarşıdurmalar, qiyam, kütləvi etirazlar... Yəni bizdən çox bizim maraqlarımızı güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə də hesab edirəm ki, bax bu məsələlərlə bağlı gələcəkdə daha ətraflı fikirləşməliyik. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, azad mətbuatın Azərbaycanda davam etməsində öz səylərini göstərəcək və beləliklə, mətbuat Azərbaycanda ən yüksək zirvələrə çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti