Ermənistan müharibəni seçir

Ermənistan müharibəni seçir
  30 Aprel 2016    Oxunub:9993
ABŞ-ın “Bloomberg” agentliyinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan ilk dəfə açıq şəkildə bildirib ki, o, Qarabağ danışıqlarından imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

AzVision.az xəbər verir ki, Ermənistan prezidentinin bu bəyanatı “Hetq.am” saytına dərc olunan “Qarabağ sıçrayışı: Ermənistan tərəfinin seçimi” adlı analitik yazıda geniş şəkildə təhlil edilib. Məqalədə Ermənistanın Rusiyanın sülh təkliflərindən imtina edərək müharibə variantını seçdiyi, Sarkisyanın danışıqlardan imtina etməsinin kökündə də məhz bu variantın durduğu vurğulanıb.

Sözügedən məqalədə qeyd olunub ki, Sarkisyanın bu müsahibəsindən sonra Ermənistan XİN-in yaydığı bəyanatlar mətnində ciddi dəyişiklər oldu. Erməni tərəfi anladı ki, nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də təmas xəttində sabitliyə görə qarant rolunu öz üzərinə götürən Rusiya rəsmi Bakını danışıqlar masasına qaytarmaq üçün təzyiq göstərmir.

Erməni KİV-lər yazır ki, onlar üçün ən vacib olan hədəflərdən biri Ermənistan tərəfindən sülh müqabilində güzəştlər gözləyən dünya birliyi, xüsusilə Rusiyaya anlatmaqdır ki, onların təzyiqləri heç bir nəticə verməyəcək. Əksinə, Ermənistanın mövqeyini daha da sərtləşdirəcək.

Nəticə budur ki, aprelin əvvəlindən bəri Ermənistan-Azərbaycan sərhədində gecə artilleriya döyüşləri davam edir.

Məqalədə hazırki situasiyada Ermənistanın qarşısında 3 variantın olduğu vurğulanıb:

-Bu taktika hamıya nə qədər aydın olsa da, hərbi əməliyyatların intensivləşməsi, strateji məqsədlərə nail olunmadığı mövqe müharibəsi siyasi dalandır. Bu kluminasiya nöqtəsinə yaxınlaşdıqdan sonra partlayış baş verəcək. Erməni tərəfinin bu dalandan çıxması üçün üç variantı var.

Birinci variant

-Moskvanın Ermənistandan tələb etdiyi güzəştlərlə razılaşmaq və münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi ilə uzunmüddətli sülhə nail olmaq. Bu plana əsasən Dağlıq Qarabağ de-yure Azərbaycanın tərkibində qalır və regiona muxtariyyət statusu verilir. Bu statusun qorunması barədə zəmanəti isə Kreml üz üzərinə götürür. Kremlin planına əsasən Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olur ki, bu da Moskvaya guya İrəvan və Bakıya nəzarət etməyə imkan verir. Yəni, yeni SSRİ-nin yaradılması yolu ilə bu məsələ birdəfəlik həllini tapır

Bu strategiyanın Qarabağ münaqişəsi zonasındakı 1988-ci ildəki duruma qaytarılması faktını nəzərə almasaq, belə aydın olur ki, Rusiyanın imperiya planı regionda sülhün təminatçısı rolunu oynaya bilməz. Problem ondan ibarətdir ki, hazırki Rusiya əhəmiyyətli dərəcədə enerji, iqtisadi müstəqilliyə malik və olduqca balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycana nəzarət etmək iqtidarında deyil. Rusiya hətta Aİİ və KTMT-nın üzvü olan Belarus və Qazaxıstanı da idarə edə bilmir.

Əgər Rusiya hər hansı bir dövr üçün Qarabağ problemini dondurmağa nail olsa belə, Aİİ və KTMT-nın dağılmasından sonra erməni tərəfi hər şeyi yenidən daha çətin şəraitdə bərpa etməyə məcbur olacaq. Beləliklə, bu variant Ermənistan hakimiyyəti üçün müzakirələr predmeti olmamalıdır. Çünki onlar üçün hər şeydən əlavə bu siyasi sui-qəsdə bərabər addım olacaq.

İkinci variant

-Ermənistan tərəfi hazırki vəziyyətə adaptasiya olur və vəziyyəti belə saxlamağa cəhd edir. Məsələ bundan ibarətdir ki, Ermənistan nə qədər Azərbaycanın qarşısının alınması üçün resurs sərf edirsə, bu, silah arsenalının azalması ilə nəticələnir.

Azərbaycan isə neft və qazdan gələn gəlir hesabına öz hərbi arsenalını daha da gücləndirir. Ermənistan tərəfinin bu prosesin qarşısını almağa nə maliyyə, nə də insan resursları var. Aydındır ki, Ermənistan tərəfinin bu taktiki məqsədləri yerinə yetirmək üçün resursları yoxdur.

Üçüncü variant

-Təşəbbüsü ələ almaq və ildırım sürətli müharibəyə başlamaq, döyüş əməliyyatlarını Qarabağdan kənarda yerləşən Azərbaycan ərazilərində həyata keçirmək orada möhkəmləndikdən sonra müdafiədə oturmaqdır.

Lakin bu variant öz-özlüyündə müəyyən risklər daşıyır ki, bunu da Ermənistanın hərbi-siyasi rəhbərliyi nəzərə almalıdır. Birincisi, belə bir hücum ciddi insan itkisi ilə nəticlənəcək. İkincisi isə hücum nəticəsində işğal olunacaq ərazilərin saxlanılması olduqca çətin olacaq. Aydındır ki, bu halda Azərbaycan tərəfi itirilmiş əraziləri geri qaytarmaq üçün bütün hərbi arsenal və insan resurslarından istifadə edəcək. Üçüncüsü, bu variant uzunmüddətli müharibə ilə nəticələnə bilər ki, Ermənistan tərəfi də bundan nəyin bahasına olur-olsun qaçmalıdır.

Erməni tərəfi bu qənaətə gəlir ki, onlar üçüncü variantı seçməlidir. Başqa cür Dağlıq Qarabağ məsələsində irəliləyişə nail olmaq və bu müharibədən qalib çıxmaq mümkün deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti