Şəhid yaradan insanlar - Video

Şəhid yaradan insanlar - Video
  18 Aprel 2016    Oxunub:3603
Bizim eradan əvvəl. Bu məşhur ifadəni yadımıza salaq. Tarix üçün keçid ifadəsidir və mən bu fikri aprelin dörd döyüş günü barədə işlətmək istəyirəm. Tam məsuliyyətlə bildirirəm: Azərbaycan indi başqa erada yaşayır. Ruhu ilə. Təfəkkürü ilə. Hər şeyə münasibətilə. Bu artıq ayrı ölkədir. Bu artıq ayrı xalqdır.

Övladının tabutuna girən bu ana möhtəşəmdir. Bu kadrda bayraq var, şəhid tabutu var və onun qoruduğu var. Ana. Tam bir Ana Vətən tablosu.

Bu kadrlardakı insanlar da dünənin srağagünün keçmişdə qalmış, dərdqıran valideynləri deyil. Hər biri öz övladının itkisini, bir daha onu görməməyin doğurduğu fərdi fəlakət pronozunu boğmağı və özünü bu sözləri deməyə vadar etməyi bacarır.

Şəhid anası deyir: “Mənim balamın ən böyük arzusu idi və mənim balam bu gün ən böyük arzusuna çatıb”.

Başqa şəhid anası deyir: “Beş oğuldan biri şəhid olub. Dörd oğlum da Vətən uğrunda canından-qanından keçməyə hazırdır”.

Ola bilsin ki, bu gün balası yanındakı növbətçi validyenlərə həmkarlarının bu sözləri hətta əcayib görünə bilər. Amma növbətçi valideynlər üçün. Onlar artıq bizim kimi deyillər. Onlar şəhid yaradan insanlardır.

Aprelin dörd döyüş gününün Azərbaycan cəmiyyətinin həyatında yaratdığı dönüşü Xocalı faciəsi ilə müqayisə etmək olar. Amma tam əks mənada. Xocalı millətin gözünü qırmışdısa, onu sonrakı döyüşlər qarşısında məğmun bir kütləyə çevirmişdisə, "Ay aman, erməni gəldi, bizi Xocalının gününə salacaqlar!" deyən fəryad və ah daşlarımıza çevrimişdisə, dörd döyüş günü millətin özünə inamını qaytardı.

İndi kimi danışdırsan təəssüflənir ki, nahaq dayandıq. Gərək Şuşaya qədər gedib çıxaydıq. Təsəvvür edin. Biz heç vaxt Qarabağda iki-üç gündə bu qədər itki verməmişdik, 7-8 şəhid verən kimi ölkə matəmə bürünürdü. Televiziya arakəsmələrindən musiqi yığışdırılırdı. İndi isə ölənlər yox, olanlar prioritetdir. Şəhidlərin sayı barədə ən ciddi suallar belə verilən an yersiz çıxır. Müdafiə Nazirliyinin dəqiqləşdirməkdə olduğu və hələlik rəsmən 30-40 nəfər arasında dəyişən şəhid sayı artaraq 100-ə, 200-ə, hətta 10000-ə çatsa belə, məncə, heç nə dəyişməzdi. Çünki xalq fərdi yeyib. Az qala nümayiş, parad mərasimini xatırladan dəfn prosesləri ümumxalq aksiyasıdır. Şəhidin harda son mənzilə yola salınmasından asılı olmayaraq.

Hər yerdə də eyni parad, adətən tabutun arxasında, bir dua ardınca başı aşağı gedən Azərbaycanlılar üçün ənənəvi olmayan möhtəşəm izdiham, şüarlar, hayqırtı və nidalar. Biz buna bənzər mənzərələri Yaxın Şərqdə, fələstinlilərin vətən və daş müharibəsində həlak olmuş insanların taziyəsi zamanı görmüşdük.

Şəhid anası da məzmunca dəyişib. O artıq "Bizi qoyub hara getdin?. Toyu yasa çevrilən balam vay!" dediyinə görə yadda qalmır. O bir başqa varlıqdır. Baxın o analardan birinin tələbinə.

Şəhid anası Kəmalə Dadaşova deyir: “Mən şəhid analarına demək istəyirəm ki, mənim iki oğlum var. Amma indi bütün şəhidlər mənim oğlumdur.O gün mən çoxuşaqlı ana oldum! Məndə onların anasıyam, bacısıyam!”.

Bax elə bu gün bunlara görə də mən aprelin dörd döyüş günündən əvvəli bizim eradan əvvəl, sonrasını isə bizim eradan sonra adlandırıram. Bizim eradan sonra. Yəni onların erası. Şəhidlərin erası. Onların Azərbaycan cəmiyyətini və mentalelitetini keçirdikləri yeni era. Bu erada saatlar Bakı vaxtı ilə yox, cənnət vaxtı ilə işləyir…



AzVision.az


Teqlər:  





Xəbər lenti