Bu müharibənin dərsləri və tərsləri - Salam Sarvan

Bu müharibənin dərsləri və tərsləri - Salam Sarvan
  09 Aprel 2016    Oxunub:5852
Salam Sarvan

Biz müharibə istəyirikmi?
İnsan elə qurulub ki, həyatın adi axarındakı xırda məişət mübahisələrini də istəməz. Amma həyat elə qurulub ki, hər gün hansısa gərginliyin iştirakçısı olursan. Heç olmasa, ot tayana soxulmuş qonşu qoyununun təhrikiylə.


İnsan elə qurulub ki, yaşadığı cəmiyyətdə rahatlığını pozacaq münaqişələr arzulamaz. Amma cəmiyyət elə qurulub ki, reallıqların diqtə elədiyi konfliktlərin içindən keçməli olursan. Heş olmasa, dincliyinə canavar kimi soxulmuş bir məhkəmə çəkişməsinin, bir karyera intriqasının, bir nüfuz dartışmasının.

İnsan elə qurulub ki, böyük dağıntılar, dəhşətli itkilər gətirən müharibələr ağlının ucundan, qəlbinin qırağından da keçməz. Amma dünya elə qurulub ki, bütün tarixi ərzində odlu müharibəsiz bircə ili də olmayıb, soyuq müharibəsiz bircə anı da.

Olmayacaq da. Dünyanın bundan sonrakı gedişatı daha betər olacaq. Bu vəhşi gedişatın qarşısına zərif gül dəstəsiylə, kövrək qədəmlərlə, nazik səslə çıxmağımız onu durdura bilməz. 90-cı illərdə Bakıya girmiş Qorbaçov tanklarının lüləsinə Azərbaycanlıların gül-çiçək taxmasını görmüşəm axı. O, nə insanlıq, o nə mələklik idi, ilahi. Eləmişik axı biz bunu. Biz sülhü, dincliyi istəmişik axı. Nooldu?! Noolacaq?! Noolsun?!

Hə, dünya barədə yalnız arzular gözəl, yalnız xəyallar şirin, yalnız ideallar təmiz.

Oğlum Tural hanı? Onu Qazılıq dağının yamacında görüblər, gül-çiçək dərirmiş... Təsəvvür elə ki, 1941-ci ilin 22 iyun səhəri faşistlərin SSRİ-nin üstünə yeridiyi vaxtda incə qəlbli, kövrək duruşlu, çiçək ətirli bir rus yazarı xalqına deyir ki, mən müharibə istəmirəm, nədən ki, müharibə qeyri-humanist bir şey. Və bu da batır xalqın ağılına, müqavimət göstərmir. Almanlar rahatlıqla ölkəni işğal eləyərək Hitlerlə Himlerin “Ost” planını reallaşdırmağa başlayırlar. Kommunistlər sıraya düzülüb güllələlənərkən son bağırtıları bu olur: “biz müharibə istəmirik”.

Bitərəflərin 70 faizi Qərbi Sibirə sürgün edilərkən, 20 faizi də qula döndərilərkən qəzəblə hayqırırlar: “biz müharibə istəmirik”. Qadınlar ən dəhşətli təhqirlərə məruz qalarkən vahimə işində qışqırırlar: “biz müharibə istəmirik”. Və yavaş-yavaş ölkənin hər yerində bu təhqirlərin, bu vəhşiliklərin qarşısında camaatın həmin qəzəbli bağırtıları ritmini dəyişərək qəh-qəhəyə, hırıltıya çevrilir: “ay nemes, ay qardaş, dəymə bizə, biz müharibə istəmirik”. Yəni artıq Qarabağdakı son əməliyyatlar zamanı vətənpərvərliyi lağa qoyan Zamin Hacının gözəl gülüşünə oxşar bir hiss Jukovların vətənində immunitetə dönür.

Yox, bunu heç təsəvvür də eləmə.

Hə, bəşəri-ilahi duyğuların dərinliyində olmalarına rəğmən Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da... məhz bu elmentar həqiqəti dərk edərək müharibələri can-başla qəbul ediblər. Bu elementar reallığı anladıqlarına görə ali hisslərin ucalığında olan düşüncə adamlarının tam əksəriyyəti əllərinə silah alıb, vuruşub, öldürüb, ölüb.

İndi yenə təsəvvür elə ki, bizim neçə illərdir atəş altında qalmış kəndlərimizdən birinin ağsaqqalı əlini gözünün üstünə qoyub qarşıdakı yüksəkliyə səslənir: Aşot, sən canın, o topun lüləsini oyana eləginən, biz müharibə istəmirik, müharibə qeyri-humanist bir şeydir. Aşotun da cavabı bu olur: ağsaqqal, bağışla, vallah, bilmirdim. Və bununla da münaqişə bitir. Hə? Allah sizi güldürsün.

Kosmopolitizm çox ülvi dəyər. Bu ideya tarixin dərinliklərindən gəlir. Səhv eləməsəm, antik yunan fəlsəfəsindən – kiniklərdən, stoiklərdən. “Mən dünya vətəndaşıyam” deyən Aristippin, Diogenin zamanından min illər keçib, amma bu ideya dünyaya zərrəcə fayda verməyib. Çünki cəfəngiyyatdır. Belə sərsəm ideyalarla insan nə özünü, nə də dünyanı dəyişmək gücündə. İstəsək də, istəməsək də, bu gərdişi-dövran milli fərqlərlə, milli sərhədlərlə qurulmuş. Qarşıdurma qaçılmaz. Din fərqləri, dünyagörüş fərqləri, hətta dil fərqləri dərin qatlarda potensial nifaq ocaqlarıdır.

Ümumən, köklü dəyişikliklərlə bağlı xam xəyalları qırağa tullamaq lazım, gözəl insan. Dinləri ləğv eləmək, dilləri yaxınlaşdırmaq, milli özünəxaslığı rədd eləmək absurddur, mümkün deyil, olmayacaq. Bu reallığın içində hansısa nazik bağlara ümid eləməkdən başqa çarə yox. Görünür, humanizmin də tamam başqa prinsipini tapmaq gərək. Ki, işlək ideya olsun, işlək mexanizm olsun.

Ahaa... İndi özün bax, dünyanın daha kəlləli yerlərində tapılmayan bu mexanizmi bizim axtarmağımıza dəyərmi?

Ona görə də, əziz qardaşlarım, son döyüşlərədə canlarını vermiş əsgərlərimizin siyahısını əlinizdə tutub hay-küy salmayın ki, dəyərdimi bu döyüşlərə? Lap inanıram ki, insan qədri bilidiyinizdən edirsiniz bunu, yumşaq ürəyiniz yanır adamlara. Lap inanıram ki, mən bu ölkədə yaşamıram və həmvətənlər olaraq bir-birinizə səmimi qəlbdən nifrət etdiyinizi görmürəm, bir-birinizə qarşı nə fırıldaqlardan çıxıdğınızı görmürəm. Görmürəm ki, cəmiyyətdə aqressiya hansı həddədir, görmürəm ki, biri-birinizi parçalamağa necə hazırsınız.

Amma burda bir əmma. “Dəyərdimi?” sualını özünüzünkülərə yox, neçə illərdir sərhədlərimizi basmış, əkdiyimiz ağacların yerində minalar basdırmış erməni silahlılarına verməlisiniz axı. Həm də təkcə bu son günlərdə öldürülənlərin yox, indiyədək öz torpağında düşmən gülləsinə tuş gələn 3000-dən çox gəncimizin şəkillərini əlinizdə tutaraq gedib dayanmalısınız erməni əsgərlərinin qarşısında və onlardan soruşmalısınız. Ta bu sorğunu hansı üslubda edəcəksiniz, özünüz bilərsiniz: istərsəniz yaxalarından yapışıb qəzəblə qışqırın, istərsəniz məlahətli səslə pıçıldayın.

Hə, insan hər şeydən qiymətlidir. Hərçənd bu düşüncənin özü də məhz insan eqoizminin uydurması. Amma bu, ayrı söhbətin mövzusu. Hərçənd hətta bu eqoyla belə bəzən insançün həyat ən qiymətsiz şeyə çevrilə bilir. Məsələn, intihara əl atan Bariz üçün beş-altı yüz manat pul borcuna görə, tarana əl atan Mübariz üçün isə torpaq təəssübündən gələn qürur, mənlik borcuna görə. Bizə baxma, biz “oxumuş” adamlarıq, bir intellektual hiylə, bir intellektual murdarlıq var canımızda. Amma mən “sadə” dedyimiz adamların qəlbindəki vətən eşqinə inanıram axı.

Nə qədər eşitmək olar bu söhbətləri ki, böyük dövlətlərin oyunudur? Nə qədər eşitmək olar bu söhbətləri ki, ermənilərin arxasında güc dayanıb, biz torpaq ala bilmərik onlardan? Nə qədər eşitmək olar bu söhbətləri ki, hakimiyyətin şəxsi marağıdır?

Bu nə cəfəngiyyat? Hakimiyyətin nəyinə lazımdır axı müharibənin gətirəcəyi reytinq? Guya bilmirlər ki, reytinq keçici şeydir, ən ciddi ajiotajın da ömrü bir aydan artıq olmur?! Durub deyərlər ki, sadəlövh özünsən! Ümumən, ya zəlzələdən, ya vəlvələdən, hakimiyyətin daxilə hesablanmış imitativ hərəkətlərə ehtiyacı yox axı.

Həm də bu xalq təkcə bu hakimiyyətin yox ki, elə bundan qabaqkı Elçibəy hakimiyyətinin də vaxtında Qarabağ uğrunda qurbanlar verib. Ondan əvvəl 20 yanvarda qurbanlar verib. Ondan əvvəl “Azadlıq” meydanında qurbanlar verib. Dünyada o vaxt da böyük güclər var idisə, belə çıxır ki, o vaxtkı hərəkətlərimizdə də bizi oynadıblar, belə çıxır ki, o vaxtlarda da vuruşmağa ehtiyac yox imiş, belə çıxır ki, o vaxtlarda da verdiyimiz qurbanlar mənasız imiş.

Həə? Onda bu məntiq bizi heçliyə-puçluğa aparır axı. Aparıb o düşüncəyə dirəyir ki, ümumən, SSRİ-nin – əlimizdə, arxamızda olan o böyük gücün tərkibindən çıxmaq lazım deyilmiş, müstəqilliyimiz dekorasiya imiş.

Minlərlə dəyərləndirmə apara bilərsən. Amma millətin Qarabağı almaq istəyinə, yeri gələndə buna görə toparlanmaq əzminə o minlərlə subyektiv şərtlərin heç birinin dəxli yox. Xalq həmişə səmimi. Biz də bu səmimiyyətdən yana, bu ruhun qorunmasından yana. Hökumətlər də dəyişə bilir, dünyada siyasi şərtlər də dəyişə bilir, amma xalq həmin xalq olaraq qalır axı. Həmin xalq həm də diri qalmalı, bizcə. Ölüvay yox, ruhsuz yox, məğlub kompleksin gətirdiyi aqressiyayla, mənfi enerjiylə özünü dağıdan toplum olaraq yox.

Gərək bunu deməzdim, amma ta keçib. Son hadisələrə biganə qalanları da hardasa anlamaq olar. Amma biz dəhşətli bir şey gördük: xalqın bu fədakarlığına görə qıcıqlananlar da oldu, xalqa acığı tutanlar da oldu. Ki, bu xalq bu həmrəyliyi bu hakimiyyətə də qarşı niyə göstərmir? Vallah, oldu! Yanlış anlaşılmasın, heç bir müxalif partiyadan getmir söhbət. Ağrılı o ki, biz bunu ayrı-ayrı adamlarda gördük.

Hə, dəhşətli deqradasiya gedibmiş cəmiyyətdə, bir tör-töküntülük, bir cır-cındırlıq varmış, bəzi mənəviyyatlarda parazitlik varmış. Niyə belə oldu? Yenə minlərlə səbəb saymaq olar, baş sındırmağın mənası yox. Amma belə cəmiyyətlərin bir müharibədən keçməsi, keçib durulması təəssüf ki, vacib görünür. “Kakraz”, həmin müharibənin meydanı da var, motivi də. Əlbəttə ki, söhbət itkilər hesabına durulmaqdan getmir. Elə bir müharibə ki, hamı gedib sağ-salamat qayıtsın.

Hə, bu ancaq arzu ola bilər. Hə, dünya barədə yalnız arzular gözəl, yalnız xəyallar şirin, yalnız ideallar təmiz.

Gərək bunu da deməzdim, amma ta bu da keçib. Müharibə ovqatına qoşulanlara, nə acı ki, bu şantajı da gördük: qohumlarınız döyüşdə olsaydı, belə danışmazdınız. Mən bu yanaşmanın tayfaçılıq, qohumçuluq təfəkküründən gələn primtiv yanaşma olduğunu bir qırağa qoyuram. Amma “qarğış” tutdu axı. Müharibə ruhunu bu ərəfədə yazılarında daşıyan yazıçılarımızın qohumları döyüşlərdə həlak oldu: Pərviz Cəbrayılın, Şərif Ağayarın... Onlar yenə də dedilər ki, Vətən sağ olsun!

Hə, qardaşlar, bizi Qazılıq dağının yamacında gül-çiçək dərməyə qoymurlar, məcbursan ki, Qazilik yüksəkliyinə bayraq sancasan. Məsələn, Lələtəpədəki kimi. Yoxsa, bayaq dediyim məntiqin dalanına dirənirik: belə çıxır ki, coğrafi və mədəni qloballaşma artıq bərqərar olub bu dünyada.


Teqlər:





Xəbər lenti