Bakıda tarixi bina sökülür - Nazirlik nə deyir?

Bakıda tarixi bina sökülür - Nazirlik nə deyir?
  30 Mart 2016    Oxunub:4268
Mədəniyyət və Turizm Nazirliyi paytaxtın “Sovetski” adlanan ərazisində yerləşən 3 əsrə malik tarixi binanın sökülməsi ilə bağlı sakinlərin iradlarına aydınlıq gətirib.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev AzVision.az-a açıqlamasında bildirib ki, istənilən abidəni sökmək üçün prosedur qayadalarına nəzarət etmək lazımdır.

“Nazirlər Kabinetinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qərarı var. Qərara əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yollar və komunikasiya xətləri çəkilir. Bu məqsəd üçün torpaqlar alınır. Dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün bu abidələrin sökülməsi gündəmdə ola bilər. Ancaq bu, o demək deyil ki, həmin bina söküləcək. “Sovetski”də bütün proseslər Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilir”.

Nazirlik rəsmisi qeyd edib ki, tarixi abidə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülə bilər. Ancaq yerli əhəmiyyətli tarixi mədəniyyət abidəsi nəzərdə tutulur.

“Sovetski” sakini Faiq Əliyevin sözlərinə görə, etdiyi müraciətlərdən sonra maliyyə naziri və mədəniyyət və turizm naziri əraziyə baş çəkərək, sakinlərlə görüşüblər.

“Fevralın 27-də prezidentə yazdığım məktubdan sonra maliyyə naziri Samir Şərifov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev binaya baxış keçirdilər. Əbülfəs Qarayev şəxsən mənə söz verdi ki, bina sökülməyəcək”.

Qeyd edək ki, sökülmə təhlükəsi ilə üzləşən bina 1895 -1909-cu illlərdə inşa edilib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti