Həyat hekayələri | Həyata uzanan əllər

Həyat hekayələri | Həyata uzanan əllər
  15 İyul 2013    Oxunub:1315
Səfurə Çərkəzqızı

...Barmağımı üçüncü dəfə liftin düyməsinə basdım. Heç nə dəyişmədi. Əsəblərim bir az da gərildi:
- Zəhrimara qalmış..!
- İşləmir, ay bacı!
Geri çevirildim. Cavan bir qız pilləkənləri düşürdü. Ayağının biri havadaydı, qoltuğuna dirənən əl ağacından bərk-bərk yapışmışdı. Yerişi elə əzablı görünürdü ki! Ona komək eləmək istədim, amma cəsarətim çatmadı. Qüruruna toxunacağımdan ehtiyatlandım...

- Ayaqlarınızla qalxmalı olacaqsız, lift işləmir...

Mən hələ də yerimdən tərpənmədən ona baxırdım. Üzündə qəribə bir ifadə vardı, anışdıra bilmədim, gülümsəyirdi, yoxsa, dodaqları, yanaqları çəkdiyi əzabdan dartılmışdı...

...Çöl qapı bərk çırpıldı, diksindim...

...Pilləkənləri qalxanda içim qarmaqarışığıydı. Müsahibəyə, onunla görüşməyə heç həvəsim qalmamışdı. Ayaqlarımı güclə sürüyürdüm. Bu gün səhərdən, nədənsə, içimi yenə bədbinlik bürümüşdü. Hər şey mənə mənasız görünürdü. Həə, noolsun, getdim, müsahibə aldım, sonra yazdım. Ayın axırında da üç-beş manat qonorar aldım, xərclədim, sonra yenə, yenə... Noolsun? Bu, nə mənasız həyatdı?! Bir yandan da, bayaqkı qız yadımdan çıxmırdı! Yazıq, görəsən, hara gedirdi? Avtobusa minə biləcəkmi?! Heç halım yoxdu, elə bil, əlillər evinin ağırlığı çöküb üstümə. Off, bircə evə getsəydim, başımı atıb yatardım...

Qapının zəngini basanda ürəyimdə Allaha yalvarırdım, kaş, evdə olmasın! Amma necə evdə olmaya bilər, dünən zəngləşib danışmışıq axı?! Görəsən, onun da ayağı əlildi, bəlkə, əlləri yoxdu? Belə şeylər görməyə bu gün heç hazır deyiləm... Bəlkə qayıdım?! Həə, ən yaxşısı budu! Qayıdıram! Geri dönüb bircə addım atmışdım, qapı açıldı:
- Gəlin, gəlin, xoş gəlmisiz!
Geriyə yol qalmamışdı...

O, əlil arabasındaydı. Qəşəng geyinmişdi, saçlarını səliqəylə toplamışdı, dodaqlarını azca boyamışdı. Gözləri işıldayırdı...
Ona yaxınlaşdım, burnuma yüngül, xoş ətir dəydi. Amma hələ də ağzımı acıb danışmağa həvəsim yoxuydu. Güclə gülümsəməyə çalışdım:
-Təranə xanım sizsiz?
-Həə, mənəm! Keçin içəri!

... Otaq darısqal olsa da, çox səliqəli, təmiziydi. Hər yerdə zövqlü, təmizkar qadın əlinin tumarı, səliqəsi duyulurdu. Otağın bir küncündə- balaca çarpayıda iki-üç yaşlında bir uşaq yatırdı. “Bu uşaq onun ola bilməz! Axı o...” Ürəyimdən keçirdiyim bu fikiri o dəm gözlərimdəm oxudu:
- Oğlumdu, həkimlər ana olmağıma icazə vermirdilər, inad elədim. Nə əzab-əziyyətlərə qatlaşdım! Düz doqquz ay yataq şəraitində qaldım...
Gözləri doldu, səsi titrədi, səyriyən dodaqlarını bir-birinə sıxdı:
- O da yeriyə bilmir. Həkimlər deyirlər, ümid azdı, amma, mən inamımı itirmirəm...
Arabanı çarpayıya bir az da yaxınlaşdırdı. Uşağın üstünü örtdü, başına sığal çəkdi:
- Baladı, nə olur, olsun şirindi..!
Sonra dolabın siyirməsindən bir yığın foto-şəkil çıxartdı:
-Siz bunlara baxın, mən çay hazırlayım.
- Yox, yox, mən hazırlayaram..!
Gülümsündü:
-Qorxursuz? Qorxmayın, bəs, hər gün mənim işimi kim görür?! Hər şeyi özüm eləyirəm. Hərdənir qardaşım qızı gəlir... İnsan hər şeyə alışır. Şükür, əllərim sağdır...

Mən də onunla mətbəxə keçdim. Burda da səliqə-sahman vardı. O, çay dəmlədi, fincanları yudu, səliqəylə quruladı. Sonra fincanlara çay süzdü:
- Həə, istəyirsiz, indi mənə kömək eləyin, çayları otağa aparın.
Biz çay içə-içə xeyli söhbət elədik:
-Sağlam doğulmuşam, üç yaşımda mənə bir iynə vurublar, ondan sonra ayaqlarım iflic olub. Amma əlil olduğuma görə utanmamışam, mübarizə aparmışam, ali təhsil almışam. Ayaqlarım olmasa da, əllərimi həmişə həyata doğru uzatmışam...

Şəkillərin arasından toy şəkilini tapıb göstərdi:
-Ərim əlil deyil. Mən ona ərə gəlmək istəmirdim, əl çəkmədi. Həqiqətən, sevirdi məni. Mənim ona yazığım gəlirdi. Fikirləşirdim ki, onu bədbəxt eləyəcəm, həyatına yük olacam. Di gəl, bunu ona başa sala bilmədim. Əvvəl elə bilirdim, yazığı gəlir mənə, sonra gördüm yox, mən onu yazıq günə qoymuşam...

Güldü, gözünün üstünə düşən tellərini qadına yaraşan bir ədayla geri çəkdi. O, sevildiyinə görə xoşbəxtiydi. Bunu onun üz-gözündən oxudum.
-Siz də onu sevdiz?
- Onu necə sevməyə bilərdim?! Amma yazıq, indi ikimizə baxmağa məcburdu...
Nəsə demək istədim, söz tapmadım... Yaxşı ki, özü danışdı:
-Yenə şükür! Məndən də betərləri var. Hərənin qisməti bir cürdü, əsas odur ki, bu qismətlə yaşamağı, özü də, gileylənmədən yaşamağı bacarasan!!!

...Pilləkənləri aşağı düşəndə ayaqlarım quş olub uçurdu. İçim yüngülləşmişdi, ruhum təzələnmişdi. Elə bil, çoxdan qapısı açılmayan, toz, kif basmış bir otağı təmizləyib günə vermişdin...
Redaksiyaya – ondan aldığım müsahibəni yazmağa tələsirdim. Əminiydim, çox əla alınacaq!
Həmin gün bir həqiqətə də inandım: Sən demə, insan əlini, ayağını itirməklə əlil olmurmuş! Əlil qəlbi kor, duyğusuz, aciz, yaşamağı bacarmayanlarmış!!!


Teqlər:





Xəbər lenti