Yardımlıda `Banqladeş mafiyası`?! – XÜSUSİ REPORTAJ + FOTOLAR

  19 Mart 2016    Oxunub : 43229
Yardımlıda `Banqladeş mafiyası`?! – XÜSUSİ REPORTAJ + FOTOLAR
Bir neçə gün öncə Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gecə saatlarında 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkarlanıb. Qaranlıq və sıx duman şəraitində təqib olunan pozucular sərhəd naryadının “Dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, silahlı müqavimət göstəriblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, sərhəd pozucularına cavab atəşi açılıb. Nəticədə onlardan 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanılıb. Yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb. Artıq onların cənazələri torpağa tapşırılıb.

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Həmçinin hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları və bir “Browning” markalı tapança aşkarlanıb. Öldürülənlərin 3-ü banqladeşli, 2-si isə Yardımlı rayonunun Ostayir kəndinin sakinləri Rəhimov Sadiq Teyyub oğlu və Qasımov Əkbər Əjdər oğlu olub.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup da hadisə yerində olublar.



Banqladeş vətəndaşlarının Yardımlıda nə işləri vardı? Onların qanunsuz olaraq dövlət sərhədlərimizi pozmalarına səbəb nədir? Bələdçilik edən kənd sakinləri kimlərdir? Onları kim bu yola çəkib? Hadisənin mətbuatdan gizlədilən gerçək səbəbləri nədir?

AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün Yardımlı rayonuna, hadisənin baş verdiyi kəndə yollanıb.

Rayon sakinləri hadisədən çox təsirləndiklərini deyiblər: “İki kənd uşağının Banqaldeş sakinləri ilə necə əlaqəsi ola bilər? Rayonumuzda gənclərin bəziləri bu yola əl atır, İrana keçmək istəyən insanlara pul müqabilində bələdçilik edirlər. Bəzən dini quruplar, bəzən narkotik maddələrin daşınması üçün səhədlərimizi qanununsuz keçməyə cəhd edirlər. Onlar da dövlətimiz tərəfindən cəzalarını alırlar. İndi sərhədlərimiz çox gücləndirilib. Və pul müqabilində kiməsə bələdçilk edən sakinlər səhədçilərimiz tərəfindən elə oradaca zərərsizləşdirirlər. İran tərəfindən də bizim tərəfə keçməyə cəhd edənlər olur. Onlar da öz cəzalarını alırlar”.



Söhbətdən belə məlum oldu ki, Sadiq və Əkbərə Banqlaşdeş vətəndaşları 500 manat pul veriblərmiş... Dəyərdimi 500 manata görə qanunu və sərhədi pozub, həyatını riskə atmağa?!.

Yardımlı rayonunun icra başçısını əvəz edən birinci müavin Azər Xamiyev isə AzVision.az -a açıqlamasında hadisələrin baş vermə səbəbini qanunsuz miqrant axını və böyük pulların dövriyyəsilə izah etdi:

- Yardımlının ümumi əhalisinin sayı 64 mindir. Dünyanın hər yerində cinayət hadisələri törədilir. Əlbəttə ki, insanlar yaşayan yerdə cinayətlər də olur. Həyat nə qədər davam edir, bir o qədər də belə hadisələr baş verir. Hər bir insan bilir ki, dövlətin sərhədini pozmaq cinayətdir. Hazırda hüquq mühafizə orqanları bu məsələni araşdırır. Fikrimcə, bu, qanunsuz miqrant axınıdır. Bəlkə də bunun araxısında böyük pullar dayanır. Dünya bilməldir ki, Azərbaycanda bütün səhədlər qorunur, hüquq-mühafizə orqanları öz işlərini düzgün formada icra edirlər. Miqrant axını varsa, terror da ola bilər. Ona görə də bunun qarşısını vaxtında almaq lazımdır.



Məlumata görə, Bakıdan bir xarici vətəndaşın Yardımlıya - İran səhədinə gətirilməsinin xərci 1000 manatdır. Bu, əlbəttə ki, rəsmi məlumat deyil.

Rayon rəsmisi Banqladeş vətəndaşlarının niyyətlərindən də söhbət açdı: “Bu, bir şəbəkədir. İki ay öncə də 8-10 nəfərə yaxın Banqladeş vətəndaşı Yardımlıdan İrana keçməyə cəhd edən zaman sərhədçilərimiz tərəfindən saxlanılmışdı. Şükür olsun ki, bu işin içində heç bir dövlət orqanlarımızın adı hallanmır. Sadəcə, həmin xarici vətəndaşları yerli dəllal sakinlər müşayət edirlər. Bəlkə də bunlar hansısa mafioz qüvvələrdir. Necə ki, dünyada narkotik maddələrin satısı ilə bağlı xüsusi kanallar var, bu da ona oxşayır. Bu da bir kanaldır, Yardımlı üzərindən keçirilməyə cəhd edilir. Hüquq-mühafizə orqanlarımız bunun qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirirlər. Həmin Banqaldeş vətəndaşarının üzərində odlu silahların tapılması da buna işarədir. Gənclərimiz həmin xarici vətəndaşlara pul müqabilində bələdçilik etmək istəyiblər. Banqladeş vətəndaşları miqrantdırlar, onlar rəsmi olaraq Azərbaycana gəlirlər. Bütün sənədləri də üzərlərində olur. Ancaq bundan sonra isə Azərbaycandan İrana qanunsuz getmək istəyirlər. Çox güman ki, onları həmin ölkədə qarşılayan adamlar da var. Bəlkə də həmin xarici vətəndaşlar dini ekstremist qruplara bağlıdır. Həmin şəxslərin kəşfiyyatçı olmaları da mümkündür”.

Azər Xamiyev deyir ki, İcra hakimiyyətinin nümayəndələri sərhəddə öldürülən sakinlərin ailələrinə baş çəkiblər: “Həmin gənclər 500 manat təkliflə razılaşıb, irəli düşmək istəyiblər. Bunun da əvəzini həyatları ilə ödədilər. Sərhəddən İran tərəfinə bir kilometrlik məsafə var. Onlara deyiblər ki, bu bir kilometlik yolu bizimlə gedin-qayıdın, min manat cibinizdədir. Ağıllı adama bir milyon da versən, razı olmaz. Ağılsız adam isə 100 manat da versəniz, razı olar.



Yardımlı, demək olar ki, cinayət işlənməyən bir rayondur. Burada bütün qapılar hər zaman açıqdır. Yeganə cinayət sakinlərin bələdçilk işlərinə cəlb olunmalarıdır. Hazırda həmin gənclərlərin hansı şəbəkə tərəfindən bələdçiləyə cəlb olunmaları araşdırılır. Bir tərəfdən, sevinirik ki, sərhədlçilərimiz dövlət səhədlərimizi yaxşı mühafizə edirlər. Digər tərəfdən də təəssüləndirik ki, gənclər bu yolu cəlb edilib, həlak olur, valideynlərini, doğmalarını pis vəziyyətdə qoyurlar. Rəhimov Sadiqin qardaşı da hazırda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.

Sərhədi pozarkən gülləyə tuş gələn gənclərin yaşadıqları Ostayır kəndinə yollandıq və ailələrlə həmsöhbət olduq. Əkbər Qasımovun əmisi Habilin sözlərinə görə, heç kəsin bu əməldən xəbəri olmayıb:

- Biz hamımız normal həyatımızı yaşayırıq. İşləyir və çörək pulumuzu qazanırıq. Əkbər çox gənc idi. O, banqladeşliləri tanımazdı. Heç onların dillərini də bilmirdi. Yəqin, hər şey istintaq zamanı üzə çıxacaq. Dövlətimizin qanunları var. Onu pozan hər bir şəxs cəzasını alır. Biz Əkbərin onlarla necə əlaqə qurduğunu bilmirik. Bu, çox ağır dərddir. Bəlkə də kimlərsə onun başını yozub, pulla şirnikləndirib, öz tərəflərinə çəkiblər. Çünki o, çox gənc idi. Atası da xəstə adamdır. Bu hadisədən sonra vəziyyəti daha da ağırlaşıb.

Əkbər indiyə kimi heç vaxt iran tərəfinə keçməmişdi. O, çox sakit bir oğlan idi, dükanda satıcılıq edirdi. 250 manat maaş alırdı. Atası da pensiya alır. Dolanırdılar, heç bir problemləri də yoxdur. Bu, hər birimiz üçün faciədir. Sabah başqa valideynin də başına gələ bilər. O, aldanıb, kiminsə təsiri altına düşüb bunu etsə də, yenə dövlətin qanunlarını pozub. Dövlətimiz özü hər şeyi müəyyən edəcək. Biz dövlətimizə inanırıq və hər zaman da qanunlarımıza tabeyik”.



Əkbər Qasımovun dostları isə bizimlə söhbət zamanı onun borcu olduğu üçün bu yola əl atdığını söylədilər: “Əkbərin 1100 manat borcu vardı. Onu ödəyə bilmirdi. Yəqin kimsə deyib ki, 500 manat pul qazanacaq, o da fikirləşmədən razı olub. Nəticədə də bu hadisələr başına gəldi”.

Sərhədi qanunsuz keçməyə cəhd edən zaman öldürülən Sadiq Rəhimov ailəsində vəziyyət isə lap faciəvidir. Sadiqin iki balaca körpəsi var, üstəlik, yoldaşı hamilədir. O, heç bir yerdə işləmirmiş. İndi uşaqlarına baxacaq adam da yoxdur. “Bu, çox dəhşətlidir. Uşaqlara yemək lazımdır. Evə pul gətirən isə yoxdur. Biz nə edəcəyimizi bilmirik”,- deyir ailə üzvləri...

...Daha sonra hadisənin baş verdiyi sərhəd xəttinə üz tutduq. Orada isə sərhədçilərimizin yüksək səviyyədə mühafizə təşkil etdiklərinin şahidi olduq.

Rayon prokurorluğundan isə bildirdilər ki, hadisə ilə bağlı istintaq davam edir: “Bu hadisədə günahkar olan bütün şəxslər qanunvericilik çərçivəsində öz cəzalarını alacaqlar”.



Qeyd edək ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hafiz Əhmədov

Foto


Teqlər: