Bakıda qanunsuz tikililər sökülür

Bakıda qanunsuz tikililər sökülür
  18 Mart 2016    Oxunub:3399
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin yaşıllıq zonalarının qorunması və genişləndirilməsinə xüsusi diqqətlə yanaşır.
Paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində sərt mübarizə aparılmasının zəruriliyi barədə ölkə başçısı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib. O cümlədən vaxtilə paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən və ümummilli lider Heydər Əliyevin iştirakı ilə salınmış “Dostluq” parkı ərazisindəki qeyri-qanuni tikililərin sökülməsi barədə göstəriş verilmiş, göstəriş 2000-ci illərin sonunda icra olunmuşdu. Təəssüf ki, sonradan həmin ərazidə yenidən qanunsuz tikinti aparılıb, ötən il təkrar olaraq bu tikililərin söküntüsünə başlanıb.

İcra Hakimiyyətindən verilən məlumata görə, bundan əvvəl Bakının Suraxanı rayonu ərazindəki hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçu rayonu ərazisindəki Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkar edilmiş qanunsuz tikililərin söküntüsü həyata keçirilib. Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilib, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.

Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdirələcək, dövlət başçısının Bakını ekoloji baxımdan dünyanın ən gözəl və ən abad şəhərlərindən birinə çevrilməsi istiqamətində verdiyi tapşırıqlar yerinə yetiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti