Yunusovların şikayəti təmin edilmədi

Yunusovların şikayəti təmin edilmədi
  11 Mart 2016    Oxunub:1337
Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Proses hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilib. Məhkəmə onların müraciətini təmin etməyib. Vəkil Elçin Sadıqov bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.

Xatırladaq ki, A.Yunus və L.Yunus müalicə məqsədilə xarici ölkəyə getmələrinə icazə verilməsilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmə onların müraciətini təmin etməyib.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti