`Prezidentə təkliflər təqdim edilib` - Rüfət Aslanlıdan açıqlama

`Prezidentə təkliflər təqdim edilib` - Rüfət Aslanlıdan açıqlama
  04 Mart 2016    Oxunub:1991
“Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır”.

AzVision.az xəbər verir ki, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, ötən dövr ərzində işçi qrup Palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb:

“Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. Azərbaycanda yenilik olan maliyyə bazarları tənzimləyicisi bir müddətdir həm Qərbdə, həm Şərqdə geniş tətbiq olunur. Bütövlükdə Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrar sığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olundu. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata, həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək”.

R.Aslanlı bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək. “Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratmaq, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlandıqda bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”.

İşçi qrupun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi, məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir: “Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Nəzərə alsaq ki, bu funksiyalar üç orqandan yeni yaradılacaq orqana keçəcək, buna görə də təklif olunmuş qanunvericilik zərfində məhz bu funksiyaların yeni quruma keçirilməsi üçün əlavə dəyişikliklər nəzərdə tutulub. Bunlar “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi haqqında, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi haqqında, “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə və xeyli sayda sığorta və kapital bazarları ilə əlaqədar qanunlarda ediləcək dəyişikliklər haqqında qanun layihələridir. Habelə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda da məhz bu xarakterli dəyişikliyi təmin edəcək yeniliklər təklif olunur”.

R.Aslanlı qeyd edib ki, yoxlamaları tənzimləyən iki qəbildən olan qanunverici sənədlər var. Lakin bugünkü reallıqlar göstərir ki, bu qanunlarda maliyyə sektoru müəssisələrinin yoxlanılması istisna olunur:

“Bu gün müzakirə olunan qanunvericilik zərfində nəzərdə tutulur ki, Palata gələcəkdə özünün müəyyən etdiyi qaydalar çərçivəsində tənzimləmə subyektlərində yoxlamalar aparacaq. Başqa sözlə, Palatanın yoxlama funksiyaları, prosesləri ümumi qanunvericilikdən ayrılır. Bununla əlaqədar olaraq ayrı-ayrı sektoral qanunlarda keçid müddəaları nəzərdə tutulub. Ümumiyyətlə, planlaşdırılır ki, Palatanın təşkilatlandırılmasından sonra bütövlükdə maliyyə bazarlarının tənzimlənməsi haqqında ümumi bir qanun hazırlansın. Burada isə həm lisenziyalaşdırılma, həm hesabatlılıq və yoxlamalar aspektləri birlikdə əhatə olunsun. Palata əməliyyat və maliyyə müstəqilliyinə malik olmalıdır. Bu nöqteyi-nəzərdən tənzimləmə subyektləri Palatanın fəaliyyətini maliyyələşdirmək üçün müəyyən haqlar ödəyəcək. Məhz bu prosedura hüququ əsas yaratmaq üçün müvafiq qanunlara əlavə və dəyişikliklər təklif olunur ki, bu əsasda Palata haqları ala bilsin”.

R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və Palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib.
“Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib, onu tənzimləyəcək, eyni zamanda, nağd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” Qanunla Mərkəzi Bankın valyuta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə Palatanın səlahiyyətinə keçir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti