`Con Kennedinin oğlundan stimul aldım` - MÜSAHİBƏ

`Con Kennedinin oğlundan stimul aldım` - MÜSAHİBƏ
  02 Mart 2016    Oxunub:21969
“Afrikanın ən hündür zirvəsi olan Kilimancaroya qalxmaq istəyirəm. Bu, ən böyük arzumdur”

AzVision.az saytının budəfəki müsahibi Azərbaycan Alpinizm Federasiyasının prezidenti, New York Vəkillər Kollegiyasının üzvü Məmməd Abbasbəylidir.

-Məmməd bəy, bu yaxınlarda Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçildiniz. Öncə sizi təbrik edirik. Bilmək istərdik bu idman növünün inkişafı ilə bağlı qarşınızda hansı vəzifələr durur?

- Federasiya pezidenti seçilmək mənim üçün şərəfdir. Bildiyimiz kimi, bu sahədə müəyyən problemlər mövcuddur. Hesab edirəm ki, problemlər varsa, bunların qarşısını almaq üçün dəyişikliklər ediləcək. Problemləri sadalayanda işin nə dərəcədə məsuliyyətli olduğunu başa düşürəm. Qarşımızda kifayət qədər mühüm, çətin və məsuliyyətli iş durur.

Rəyasət Heyətində gənc, professional insanlar toplanıb. Bu baxımdan hesab edirəm ki, çətinliklərin və problemlərin öhdəsindən gələ biləcəyik.

Qeyd edim ki, bizdə daha çox başqa millətlərin təmsilçiləri bu idman növünə maraq göstəriblər. Azərbaycanda insanlar əsasən döyüş idman növlərinə meyillidirlər. Buna görə bizim federasiya bir qədər kölgədə qalıb. Cəmi 150-yə yaxın federasiya üzvümüz var. Bu kifayət qədər az rəqəmdir. 90-cı illərin ortasında isə federasiya inkişaf dövrünü yaşayıb.



- Hədəfiniz nədən ibarətdir, yaxud hansı dağları fəth etməyi düşünürsünüz?

- Fəth etmək sözünü sevmirəm. İnsan təbiətin qarşısında acizdir. Yəni dağı, zirvəni fəth etmək düzgün səslənmir. İnsan zirvəni fəth edə bilməz. Biz sadəcə zirvələrə qalxıb, orada öz bayrağımızı dalğalandırmışıq. Bu, böyük fəxrdir.

Misal üçün deyim ki, alpinistlərimiz 2001-ci ildə Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro, 2002-ci ildə Avstraliyanın ən böyük zirvəsi Kostyuşka, 2004-cü ildə Cənubi Amerikanın ən hündür zirvəsi Akankaqua dağı, 2005-ci ildə Şimali Amerikda McKinley dağı, 2005-ci ilin dekabrında Antarktidada Vinsor massivi, 2007-ci ildə Comolunqma-Everest zirvələrinə qalxıblar

Comolunqma zirvəsinə qalxaraq orada Azərbaycan bayrağını dalğalandıran ilk azərbaycanlı İsrafil Aşurlu olub. O, məndən öncə federasiyanın prezidenti olub. Federasiyanın inkişafında onun da çox böyük töhvələri olub. Bu günə qədər yeganə “Qar bəbiri” titulunu alan alpinistimiz İsrafil Aşurludur. Hazırda 2-3 alpinistimiz var ki, bir neçə zirvəyə qalxdıqdan sonra bu titula sahib olacaqlar.

-Federasiyada mövcud olan problemləri həll etmək üçün hansı addımları atmağı planlaşdırırsınız?

- Hazırda federasiyanın əsas prioritetlərini müəyyənləşdiririk. Artıq Rəyasət Heyətinin üzvləri seçilib. Qarşımızda çox ciddi planlar, layihələr var. Bunların üzərində işləyirik.
Təəssüflər olsun ki, təşkilatçılıq baxımından federasiyada müəyyən boşluqlar var. Bizim prioritetlərimizdən bir də təşkilatçılığı dirçəltməkdir.

Federasiyaya daha çox cavanları, idmanla məşğul olmaq istəyən gəncləri dəvət edəcəyik. Nəticədə üzvlərimizin sayı artacaq və kəmiyyət-keyfiyyət baxımından federasiya yenilənəcək.



-Alpinizm Federasiyanın maddi bazası varmı?

-Bu günə qədər federasiyanın təlim mərkəzi olmayıb. Biz təlim mərkəzinin yaradılması istiqamətində müəyyən tədbirlər həyata keçirəcəyik. Düzgün maliyyə resusları əldə edərək təlim mərkəzi yaradacağıq. Əsas prioritetlərimizdən biri də budur ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ilə (FAİREX) sıx əməkdaşlıq edək. Təəssüflər olsun ki, bu günə qədər federasiyamız digər dövlət qurumları ilə kifayət qədər yaxşı münasibət qura bilməyib.

- Bir çox aplinistlər ölkə ərazisində zirvələrə qalxmaq üçün icazə verilmədiyindən şikayətlənirlər. Bu haqda nə deyə bilərsiniz?

-Doğrudur, bu istiqamətdə müəyyən problemlər var. Hazırda belə problemlərin aradan qaldırılması üçün təsis sənədlərinə, nizamnamə və digər qaydalara yenidən baxılır. Bütün diqqətimizi alpinizm sahəsində lazım olan qaydaların hazırlanmasına yönəldirik. Qanunvericliyinə uyğun olaraq ölkəmizdəki dağlarda, milli parklardakı zirvələrə yürüşlər təşkil etmək fikrindəyik.

- Hansı zirvələrə qalxmağı planlaşdırırsınız?

- İndiyədək yalnız “Elbrus” zirvəsinə qalxmışam. Yeni zirvələrə də çıxmağı planlaşdırıram. Alpinizmi sevirəm. Alpinizmə qəlbən bağlı olmasaydım, federasiyaya gəlməzdim. Zirvəyə qalxmaq istəməyən alpinist olmaz. Afrikanın ən hündür zirvəsi olan Kilimancaroya da qalxacağam. Bunu çoxdan planlaşdırıram. Dağa qalxmaq insanın fiziki gücündən yox, ruhununun gücündən aslıdır.

-Sizcə, zirvəyə qalxmaq, yoxsa vəzifədə yüksəlmək daha yaxşıdır?

-Dağa, zirvəyə qalxmaq və kariyera pillələrində ucalmaq fikrimcə, eyni istiqamətlidir. İnsan iddialı olduğunu sübut etməlidir. Burada bacarıq vacibdir. Bacarıq olmasa, insan heç bir niyyətinə çata bilməz. Həm dağa qalxmaqda, həm də vəzifədə irəliləməkdə müəyyən amillər olmalıdır. Bunlar arasında həm bənzər, həm də fərqli məqamlar çoxdur. Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır. Belə bir fikir var: “Əgər siz sevdiyiniz işlə məşğul olursunuzsa, heç vaxt məzuniyyət götürməzsiniz. Hər zaman məzuniyyətdə olarsınız”.

-Hüquqşünas olmaq asandır, yoxsa alpinist? Özünüzü daha çox hansı sahədə görürsünüz? Sizi hüquqşünas, yoxsa alpinist kimi təqdim edək?

-Mən nə hüquqşunas, nə də alpinistəm. Mən idarəediçiyəm. Hər bir sahənin işinin təşkili üçün o sahə üzrə mütəxəssis olmağa ehtiyac yoxdur. Hər bir təşkilatın düzgün idarə olunmasında idarəçilik qabiliyyəti, bacarıq əsasdır. Təkilatda mövcud olan peşəkar fəaliyyətin düzgün istiqamətləndirilməsi də idarəedicidən aslıdır. Hər hansı təkilatın rəhbəri mütləq deyil ki, həmin sahənin peşəkarı olsun. Mən böyük şirkətlərin rəhbəri olmuşam. Hüquq üzrə təhsil almışam.




-Bildiyimiz kimi, siz həm də Nyu-York Vəkillər Kollegiyasının üzvüsünüz?

-Amerikda təhsil almış və orada hüquq bazasına yiyələnmiş insanlar iki gün ərzində dövlət imtahanlarından keçmək, daha sonra and içməklə Vəkillər Kollegiyasının üzvü ola bilərlər. Mən 2000-ci- ildə Amerikada hüquq fakültəsini bitirdikdən sonra imtahan verdim. İmtahandan uğurla keçdiyimə görə Nyu-York Vəkillər Kollegiyasına üzv seçilmişəm. Bir az lovğalanmaq olmasın, amma Vəkillər Kollegiyasına üzv olmaq asan iş deyil. İmtahanlar kifayət qədər qəliz və çətindir.

Bir dəfə televiziyada Con Kennedinin oğlunun müsahibəsini verirdilər. O, dedi ki, mən Nyu-York Vəkillər Kollegiyasına iki dəfə imtahan vermişəm və keçə bilməmişəm. O, üçüncü dəfə də imtahan verəcəyini açıqladı. Bu çıxış mənim üçün bir stimul oldu. Və fikirləşdim ki, imtandan uğurla keçib Nyu- York Vəkillər Kollegiyasının üzvü olacağam.

Con Kennedinin oğlundan daha uğurlu imtahan verdim və Nyu-York Vəkillər Kollegiyasının üzvü seçildim. O, daha sonra imtahan verərək Vəkillər Kollegiyasına üzv oldu.

Amerikada hər bir ştatın özünün vəkillər kollegiyası var. Nyu-York Vəkillər Kollegiyası ona görə ən perspektivli orqan sayılır ki, vəkillik sahəsində ən çox işlər Nyu-York ştatında aparılır. Nyu -York Vəkillər Kollegiyası Amerikada ən çox hörmət edilən idarədir.

-Hüquqşünas kimi sizə müraciət edirlərmi?

-İndiyə kimi məhkəmələrdə vəkil kimi iştirak etməmişəm. Çünki mən daha çox kommersiya və şirkətlərdə idarə etmə ilə məşğul oluram.




-ABŞ və Azərbaycanın hüquq sisteminin oxşar və fərqli cəhətləri hansılardır?

- Azərbaycanın bu günkü hüquq sistemi alman və SSRİ-nin hüquq sistemi əsasında qurulub. Bu kontinental ənənəvi sistemdir. Amerika, İngiltərədə hüquq sistemi isə Anqlo-sakson hüquq sistemidir. Yəni orada qanunverici orqan kimi məhkəmələr fəaliyyət göstərir. Məhkəmənin qərarı təhlil olunur və gələcəkdə buna istinad edilərək oqanunvericilik mənbəyi kimi qəbul olunur. Amerika federal ölkədir. Azərbaycan isə unitardır. Azərbaycanda bir qanunvericilik var. Amerikda isə 50 qanunvericilik mövcuddur. Hər bir ştatın öz qanunları var. Bu baxımdan bizim hüquq sistemi ilə Amerikanı müqayisə etmək düzgün deyil. Tam səmimi olaraq deyirəm ki, Azərbaycanın qanunvericilik bazası kifayət qədər inkişaf edib.

- ABŞ nə qədər demokratik ölkə olsa da, orada da qanunvericilik ideal deyil.

-İdeal heç nə yoxdur. Bunu tam səmimiyyətimlə deyirəm. Azərbaycan konsititusiyası bir qədər humanistdir. Bəzi dövlətlərin konsititusiyalarında isə çatışmazlıqlar daha çoxdur.

- Biznes fəaliyyətinizi davam etdirirsinizmi? Yenidən Amerikaya qayıtmağı düşünürsünüzmü?

-Mən Amerika vətəndaşı deyiləm, Azərbaycan vətəndaşıyam. Əlbəttə, yenə Amerikaya gedəcəm. Həm federasiya rəhbəri, həm də şəxsi işlərimlə əlaqədar Amerikaya səfərlərim olacaq.

-Amerikadan Azərbaycan qayıtmaq sizin üçün çətin olmadı ki?

-Hər mühitin, hər ölkənin üstünlükləri və çatışmazlıqları var. Amerikanın üstünlüyü oranın təhsil sistemidir. Amerikanın çatışmayan cəhətləri də çoxdur. Dostluq, qohumluq nöqteyi-nəzərindən orada çatışmayan cəhətlər çoxdur. Amerika çox böyük ölkədir. Orada uşalaqlar 16 yaşları olan kimi evdən çıxırlar, universitetlərdə təhsil alırlar. Amerikanın bir başından o biri başına təyyarə ilə 5-6 saata uçmaq lazımdır. Azərbaycanda isə biz daha çox qohumpərvər, dostsevərik. Mən uşaqlarımın bu isti və dostluq mühitində böyüməsi üçün Amerikadan Azərbaycana qayıtmaq qərarına gəldim.




-Övladlarınızın gələcəkdə alpinist, yoxsa hüquqşünas olmasını istərdiniz?

- Gələcəkdə övladlarımın hansı sahəyə yönələcəyini zaman göstərəcək. Bunu indidən deyə bilmərəm. Ancaq onları özümüzlə dağlara aparacağam. İstərdim ki, alpinizm onların həyatında hobbi kimi qalsın. Mənim iki böyük oğlum var. Bu il onları da özümlə ekspedisiyaya aparmağı planlaşdırıram.

-Ölkəmizdə hər hansı bir zirvəyə çıxmaq üçün icazə almaq tələb olunur. Deyilənə görə icazənin müddəti zirvəyə çıxmaqdan daha uzun çəkir. Sizə zirvəyə çıxmaq üçün icazə verilirmi?

-Biz Azərbaycanda yaşayırıq və bu ölkənin öz qanunvericiliyi var. Qanunvericiliyə hər kəs riayət etməlidir. Planlarımızı düzgün qursaq, aidiyyatlı qurumlardan lazım olan icazələri alarıq. Bizim zirvələrimizin əksəriyyəti milli parklar və qoruqların daxilindədir. Oralar xüsusi rejimlə qorunur. Heç kim milli parkda istədiyi hərkəti edə bilməz. Planlarımızı aidiyyatı qurumlara əvvəlcədən bildirəcəyik ki, səfərlərimiz daha asan olsun.

-Zirvəyə çıxmaq kənardan adi görünə bilər, amma bu heç də asan deyil. İnsan həyatı hər addımında təhlükə altında olur.

-Zirvəyə çıxan zaman insan birinci öz xarakterini, sonra yaxınlarını sınağa çəkir. Bu, çox önəmli məsələdir. Mən Elburus zirvəsinə güvəndiyim insanlarla gedirdim. Dağa qalxmağın hər addımı ölümdür. Alpinizmdə əsas məqam təhlükəsizlikdir. Bu çox riskli bir addımdır. Hətta dağ hündür olmasa belə düzgün hazırlaşmalısın, bu başlıca şərtdir.

İnsanı həyatda üç şey formalaşdırır. Birinci onun genidir. Bu, dəyişdirilə bilməz. İnsan valideynlərinin, babalarının geni ilə yaşayır. İkinci insanın tərbiyyəsidir. Ailə və təhsil təbiyyəsi əsasdır. Üçüncü isə mühitdir. İnsanı yaşadığı mühit formalaşdırır. Mən həmişə bu prinsiplərə inanaraq yaşamışam.



- Uğur qazanmaq üçün gənc nəsilə hansı tövsiyyələri vermək istərdiniz?

-Gənclər təhsil və tərbiyəyə üstünlük verməlidir. İnsan ilk növbədə özünə güvənməlidir. Təhsilinə, bacarığına inanmalıdır. İnsan ancaq beyni və bacarığı ilə irəli gedə bilər. Uşaqlarıma da bunu deyirəm ki, birinci təhsildir. Bunu diqqət yetirmək lazımdır. Bir də gənclərimiz özləri üçün düzgün mühit seçməlidirlər. Bu çox vacib seçimdir. Elə gənc var ki, boş vaxtını gedib çayxanda keçirir, küçədə dava salır. Bu doğru yanaşma deyil. Gənclər asudə vaxtlarını əqidəli insanlarla, savadlı insanlarla keçirməlidilər.

-Sonda isə şəxsi həyatınızla bağlı soruşaq. Məmməd Abbasbəyli övladları üçün necə valideyndir?

-Valideynin məsuliyyəti övladına düzgün dəyərləri aşılamaqdır. Biz hamımız müsəlmanıq. İslam dünyasında yaşayırıq. Bu dünyəvi dəyələri valideynlər övladlarına sözlə ötürməməlidirlər. Çünki uşaq sözə qulaq asmır, onlar böyüklərin hərəkətlərindən tərbiyyə götürürlər. Biz öz hərkətlərimizlə uşaqlarımızı tərbiyyələndirməliyik. Ailədə həm demokratiya, həm də diktatura olmalıdır. Bununla tarazlığı saxlamaq olar. Həm onları fərəhləndirməli, həm də mükafatlandırmalıyıq. Yəqin ki, mən yaxşı atayam.

Hafiz Əhmədov
Fotoqraf: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti