Azərbaycanın ən gənc alimi: `Savadlı insana hər yerdə iş var` - MÜSAHİBƏ

Azərbaycanın ən gənc alimi: `Savadlı insana hər yerdə iş var` - MÜSAHİBƏ
  01 Mart 2016    Oxunub:86431
“Mənə deyirlər ki, sənin adın Sənan yox, Con olsaydı, pulun da çox olardı, hörmətin də...”

Sənan Eminov Böyük Britaniyanın London İmperial Kollecinin məzunu olan Azərbaycanın ən gənc alimlərindəndir. Bu yaxınlarda Bakı Ali Neft Məktəbinin Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə rəhbər təyin olunan S.Eminov 1987-ci ildə Bərdə şəhərində anadan olub. Bakı Özəl Türk Liseyinin məzunudur. İndiyədək müxtəlif kimya olimpiadalarında iştirak edirən gənc alim bir sıra uğurlara imza atıb. O, kimya olimpiadalarında Azərbaycana ilk qızıl medal qazandırmaqla tarixə düşə bilib. Gənc alim, həmçinin “First of First” kubokunu qazanan ilk azərbaycanlıdır.

Almaniyanın Yakobs Universitetində 3 illik bakalavr təhsili alan alim yüksək nəticələrinə görə, London İmperial Kollecindən təklif alaraq, təhsilini orada davam etdirib.

Dünyanın ən yaxşı təhsil ocaqlarından birində təhsil alan S.Eminov AzVision.az-a müsahibəsində ölkədə təhsilin səviyyəsi, tələbə-müəllim münasibətləri, xaricdə təhsil alan tələbələrin Azərbaycana qayıtmaması və s. bu kimi mühüm məqamlar ətrafında fikir bildirib.

- Söhbətimizə kimya fənnini seçməyinizdən başlayaq. Sizi bu sahəyə cəlb edən nə oldu? Niyə məhz kimya?

- Bu sahəyə uşaqlıqdan marağım olub. Həmişə kimya üzrə alim olmağı arzulayırdım. Kimya fənninin günlük həyatımızda, texnologiyada tətbiqi məni daha çox cəlb edirdi. Bu günkü seçimimdə də məhz texnologiya sahəsinə olan marağımın çox böyük rolu var. Məhz ona görə də London İmperial Kolleci seçdim.

Mətbuatda yayılan xəbərlərdə London İmperial Kollecin tələbəsi olduğum qeyd olunur. Çox insan elə bilir ki, London İmperial Kolleci Azərbaycandakı adi kolleclər səviyyəsindədir. Sosial şəbəkələrdə şərhlər yazırlar ki, guya Londonda “kollec” bitirib gəlib, Azərbaycanda alim olmuşam.



Qeyd edim ki, “İmperial Collec of London” sözündəki “collec” ifadəsi bizim bildiyimiz kolleclerdən deyil. Bu ifadə universitetin adıdır. Bu da çox vaxt səhv anlaşılır.
Xatırladım ki, “Pensilini” kəşf edən Aleksandr Fleminq London İmperial Kollecdə işləyib. London İmperial Kollecdə onlarla Nobel mükafatı alan alim çalışır. Mənim araşdırmalarım biokütlə ilə bağlıdır. Biokütlə bütün növ bitkilər deməkdir. Elmi işim biokütlənin bioyanacaqlara çevrilməsi ilə bağlıdır. Bioyanacaqlara isə bio-dizel, bio-etanolu misal göstərmək olar. Bio-kütlə neftə alternativ olan yanacaq növüdür. Dörd illik elmi işlərim, çap olunan elmi əsərlərim bu sahəni əhatə edir.

-Bizdə adətən xaricdə təhsil alan tələbələrin əksəriyyəti ölkəyə qayıtmır, orada qalıb işləməyə üstünlük verirlər. Siz necə oldu ki, Azərbaycana qayıtdınız və Bakı Ali Neft Məktəbində çalışmağa qərar verdiniz?

-Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xarici mütəxəssislərin əvəzinə, xaricdə təhsil almış, potensiallı azərbaycanlı gəncləri Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinə gətirmək istəyir. Bu, onun ən böyük ideologiyasıdır. Elmar müəllim, məni göstərərək deyir ki, bu oğlanın adı Con olsaydı, hamı ona tərəf qaçacaqdı. Bunun adı Sənandı deyə, bunu ölkəmizə, təhsil müəssisəmizə gətirməyək? Conu gətirib yüksək maaş veririk, onun yerinə niyə öz Sənanımızı gətirməyək? Bəlkə də Sənan Condan daha səviyyəli universiteti bitirib. Onun adı Condu deyə, gəlib bizim ölkədə yüksək maaş alır. Sənan isə yüksək reytinqli univeritet bitirib, magistratura və doktrantura məzunudur amma onu gözardı edirik.

Hazırda burada işləyənlərin çoxu xaricdə təhsil almış azərbaycanlı gənclərdir. Əcnəbilər pulunu alıb, dərslərini keçirirlər. Onlar üçün təhsilin gələcəyi maraqlı deyil.
Mən onlardan fərqli olaraq, tələbələrimin yüksək nailiyyətinə sevinirəm. İmtahanlar, qiymətləndirmələr zamanı onlarla birlikdə həyəcan keçirirəm. Bizim mərkəz Böyük Britaniyanın Heriot Uatt Universiteti ilə əməkdaşlıq edir. Bacardığımız qədər çalışıq ki, tələbələr savadlı olsunlar.

-Xaricə təhsil alan Azərbaycanlı tələbələr niyə ölkəyə qayıtmaq istəmirlər?

-Əgər ölkəmizdə yaxşı şərait varsa, mənim sahəmə uyğun bir mərkəz və ətrafımda yaxşı insanlar varsa, niyə burada qalıb işləməyim? Yəni Azərbaycana qayıdıb, burada işləməyə dəyər. Mənim üçün vətən hər şeydən üstündür.

Doktoranturanı bitirdikdən sonra məşhur “Shell” şirkətindən yaxşı iş təklifi aldım, amma mən Bakıda qalmağı seçdim. Hamı məndən soruşur ki, niyə Azərbaycana qayıtdın? Biz xaricdə oxuyuruqsa, geri qayıdıb öz ölkəmizə xeyir verməliyik.

Çox adam deyir ki, Azərbaycanda işsizlikdir, gənclər iş tapa bilmirlər. Ancaq mən onu deyə bilərəm ki, çalışan hər bir gənc üçün burada iş var. Dostlarımın çoxu xaricdə təhsil alıb. Onlar da geri qayıdıb, burada çalışırlar. Unutmaq olmaz ki, bizi xaricdə dövlət öz pulu ilə oxutdurub. Bu pul xalqın puludur. Dövlətin borcunu qaytarmaq üçün geri qayıdıb, çalışmaq bizim borcumuzdur.



Azərbaycanda savadlı kadrlara hər zaman ehtiyac var. Mənim nə anam, nə də atam nazir, məmur qohumu deyil. Bu vəzifəyə təyin olunmuşamsa, bu, potensialıma, öz savadıma görədir.
İnternetdə haqqımda yazırlar ki, görəsən, bu alim kimin oğludur, yaxud hansı nazirin qohumudur? Mənim arxamda kimsə yox, elmim, savadım dayanıb.

- Nədənsə, bizdə alim deyəndə, göz önündə yaşlı, saçı ağarmış insan obrazı canlanır.

-Azərbaycanda gənc alim olmaq avantaj deməkdir. Gənc yaşımda universitetdə müəllim işləyirəm, belə bir mərkəzə rəhbər təyin olunmuşam. Doktorluq, alimlik statusum olmasaydı, yəqin ki, bu cür ağır və məsuliyyətli işlər mənə həvalə olunmazdı.

Alimlik statusu kənardan güvən kimi görünür. Yəni, bu insan alimdirsə, ona etibar etmək olar.

Status olaraq alimlik dərəcəsi alsam da, özümü sadə bir Azərbaycan vətəndaşı, gənc kimi görürəm. Sözün açığı alim adını daşısam da, özümdə hər hansı bir dəyişiklik görmürəm. Alimliyi bir ad kimi görürəm. Buna görə fərəhlənmirəm. Alimlik elmə yenilik gətirmək deməkdir.

Mənim elmə gətirdiyim yeniliklər, elmi məqalələrim dünyanın reytinqli jurnallarında dərc olunub. Elmi məqaləm məşhur “American Chemical Society” jurnalında dərc olunub. Redaktor alimlər tərəfindən məqaləmin üzərinə “Redactor choice” (redaktorların seçilmiş məqaləsi) möhürü vurulub.

Bizdə belə bir ideologiya var ki, alim yaşlı, ağ saqqallı olmalıdır. Alim olmaq yaşlı olmaq demək deyil. Alimlik sənin etdiyin bir işdir. Alim elmə yenilik gətirən şəxsə deyilir. Burada yaş önəmli deyil.

- Gənc yaşında alim adı almaq hər insana nəsib olmur. Siz bunu bacarmısınız. Bundan sonra hədəfinizdə nələr var?

-Hədəfim bilik və bacarıqlarımı tələbələrimlə bölüşməkdir. Bilik tək kitabı bilmək demək deyil, bu bilikləri tətbiq etmək lazımdır. İlk hədəfim biliklərimi tələbələrə çatdırmaqdır. İkinci hədəfim bərpa olunan enerji sahəsinə daha da çox yeniliklər gətirməkdir.

- Tələbələrinizin bilik səviyyəsindən razısınızmı?

-Tələbələr gənc müəllimləri sevir. Tələbələrimlə yaş fərqimiz elə də çox deyil. Cəmi 5-6 yaş. Əslində Elmar Qasımovun bu siyasəti tələbələrimizin özünə bir motivasiyadır ki, siz də bu yolla getsəniz, uğur qanacaqsınız. Çalışıram tələbələrimə həm müəllim, həm də dost kimi yanaşım. Onlar məndən çəkinmədən istədiklərini soruşa bilsinlər. Gənc müəllimin bu baxımdam avantajı daha çoxdur.

Azərbaycanda qəribə auditoriya sistemi var ki, tələbələr müəllimdən qorxur. Heç vaxt tələbələrimə qorxu hissi yaratmaram. İntizamsız tələbəni dərsdən uzaqlaşdırmıram. Deyirəm ki, sərbəstsiniz, qulaq asanlara maneə olmayın.

Əsas məqsədimiz xaricdəki təhsil sistemini burada tətbiq etməkdir.

4-5 tələbəm gələcəkdə alim olacaq, buna əminəm. Onlara tövsiyyə edirəm ki, siz də alim olun, ölkəmiz üçün çalışın. Tələbələr düşünürlər ki, alimlik ancaq universitetdə müəllim işləməkdən ibarətdir. Çünki biz belə görmüşük. Xeyr, alimlik o demək deyil. Alimin heç vaxt maddi problemi olmaz. Alim burada iş yoxdur, gedib Afrikada da işləyə bilər. Savadlı, potensialı olan insanlara hər yerdə iş var.



- Maaşınız sizi qane edirmi?

- Əlbəttə, buradakı maaşı Londondakı ilə müqayisə etmək gülünüc olar. Müqayisə aparmaq məntiqsizlikdir. Məncə, ilk növbədə maaşı düşünmək lazım deyil. Fikirləşməliyik ki, aldığım maaşa layiqəm, yoxsa yox. Əmək haqqım Londondan aşağı olsa da, məni qane edir. Azərbaycanda 700 manat almaq, Londonda 7 min funt-sterlinq almağa bərabərdir.
İstədiyim vaxt Londona qayıda bilərəm, amma bu haqda düşünmürəm.

-Azərbaycanda təhsilin səviyyəsini necə qiymətləndirirsiniz? Bizdə nələr çatışmır ki, gənclər xaricdə oxumağa can atırlar?

- Biz həmişə təhsilimizi pisləyirik, narazılıq edirik. Etiraf edək ki, əvvəlki illərlə müqayisədə bu sahədə irəliləyişlər var. Son dövrlər ölkəmizdə Qafqaz Universiteti, ADA, Bakı Ali Neft Məktəbi kimi nüfuzlu təhsil müəssisələri fəaliyyət göstərir. Bu təhsilin inkişafından xəbər verir. Problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən lazımı addımlar atılır.

Hesab edirəm ki, təhsilin səviyyəsi birbaşa müəllimlərin səviyyəsi ilə bağlıdır. Yaxşı müəllim şagirdə, tələbəyə yaxşı təhsil verir. Müəllimlərimiz üzərilərində işləməli, yeniliklər təhsildə tətbiq etməlidirlər.

-Sosial şəbəkələrdə tez-tez müəllimlərin şagirdləri döyməsi ilə bağlı videolar yayılır. Bu haqda fikirlərinizi bilmək istərdik, bunun səbəbi nədir?
- Müəllimin şagirdi döyməsi düzgün hərəkət deyil. Xaricdə belə hal olarsa, həmin müəllim mütləq işdən çıxarılır. Şagird müəllimdən qorxmamalıdır. Bizdə bu qorxu sovet dövründən qalıb. Hesab edilir ki, şagird müəllimdən nə qədər çox qorxsa, bir o qədər yaxşı oxuyar. Bu, belə deyil. Müəllim şagirdə dərsi qorxu ilə deyil, sevgi ilə keçməldir. Müəllim elə mühit formalaşdırmalıdır ki, şagird onun dərs vaxtı çatanda sevinsin. Müəllim-şagird arasında hörmət olmalıdır. Müəllim şagirdi döymədən, özünə hörmət qazanmalıdır.

- Bizdə gənclərin ixtisas seçimi bir çox hallarda onun şəxsi istəyindən aslı olmur, ailə müdaxilə edir. Məsələn, filankən istəyir ki, oğlu həkim olsun, yaxud polis. Bu yanaşma nə dərəcə doğrudur?

- Özümü nümunə çəkə bilərəm ki, Bərdə şəhərində mühəndis ailəsində böyümüşəm. Anam rabitə mühəndisidir. İndiyədək qazandığım uğurlara görə ailəmə borcluyam. Onlar mənə dəstək olmasaydılar, uğur qazana bilməzdim.

Ailəm heç vaxt mənim seçimimə qarışmayıb. İndi valideynlər uşaqlarına deyirlər ki, sən mütləq həkim, hüquqşünas və s. olmalısan. Məncə, bu yanaşma səhvdir. Uşaq özü dərk etməlidir ki, o hansı ixtisasa yiyələnəcək. Bu mənada valideynlər öz istəklərini yox, övladlarının istəklərini nəzərə almalıdırlar. Mən kimyanı seçmişəm, ailəm məni başqa sahəyə yönəltsəydi, çox güman ki, mən bugünkü uğuru qazana bilməzdim. İnsan öz gələcəyini özü seçməlidir, ailə dəstək olmalıdır. Təəssüf ki, bizdə təhsildəki problemlərin biri də tələbələrin valideynlərinin arzusu ilə təhsil almasıdır. Tələbə öz ixtisasını sevməsə, uğur qazana bilməz. Hər şeydə olduğu kimi, təhsildə də sevgi ilk yerdə durur.

Müsahibənin davamı olacaq…

Hafiz Əhmədov
Foto: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti