İlhamə Quliyevanın vəsiyyəti yerinə yetirilməyəcək

İlhamə Quliyevanın vəsiyyəti yerinə yetirilməyəcək
  26 Fevral 2016    Oxunub:177847
Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının vəsiyyəti ilə bağlı teleaparıcı Elgiz Əkbərin fikirlərinə münasibət bildirib.

AzVision.az-a açıqlama verən O.Nadirov Elgiz Əkbərin vəsiyyətlə bağlı dediklərinin onun şəxsi fikiri olduğunu bildirib.

“Bu söhbəti Elgiz Əkbərdən birinci dəfədir eşidirəm. Ola bilsin ki, bu, Elgizin şəxsi fikridir. İnsan dünyasını dəyişəndən sonra arxasından çox söz deyirlər”,-deyə xalq artistinin oğlu vurğulayıb.

O.Nadirov bildirib ki, İlhamə Quliyevanın ölümü Azərbaycan üçün böyük itkidir: “Anamın ölümü Azərbaycan xalqı üçün böyük itkidir. Mənim üçün çətinliklər bundan sonra olacaq. Anamla sonuncu dəfə sırağagün axşam saat 11-də danışmışıq. Onunla tez-tez dərdləşərdik, İlhamə Quliyeva mənim üçün həm ana, həm də sirdaş idi”.

Xalq artistinin oğlu anasının tabutda dəfn olunması ilə bağlı vəsiyyətinə də aydınlıq gətirib: “Anam tabutda dəfn olunmasını istəyirdi. Biz müsəlmanıq və müsəlman adətlərində heç kim tabutda dəfn olunmur. Anamın bu istəyini yerinə yetirə bilməyəcəyəm, Anam Kərbəla, Məşhəd ziyarətlərində olub. Mən onu tabutda dəfn edə bilmərəm”.

Qeyd edək ki, xalq artistİ İlhamə Quliyeva verilişlərin birində dünyasını dəyişərkən tabutda dəfn olunmasını vəsiyyət edib: “Arzu edirəm ki, vəfat edəndə məni torpağa qoymasınlar. Gözəl bir qoz ağacından tabut düzəltsinlər. İçini qəşəng krujevalarla bəzəsinlər, gözəl qapağı da olsun. Məni yerə qoymasınlar, qurd-quşdan qorxuram”

Teleaparıcı Elgiz Əkbər isə İlhamə Quliyevanın mirasının əsgərlərə bağışlanması ilə bağlı ona vəsiyyət etdiyini bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti