Prezidentin məmurlara tövsiyə etdiyi yerli mebel... - Reportaj (FOTOLAR)

  05 Fevral 2016    Oxunub : 40076
Prezidentin məmurlara tövsiyə etdiyi yerli mebel... - Reportaj (FOTOLAR)
Prezident İlham Əliyev dövlət rəsmiləri ilə keçirdiyi sonuncu iclasda maraqlı təkliflərlə çıxış edib. Ölkə başçısı daxili istehsalın artırılması üçün məmurlara yerli mebel və avtomobillərdən istifadə etməyi tövsiyə edib.

Prezidentin bu çıxışı ictimaiyyət arasında müsbət qiymətləndirilib.

"Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır"-deyə ölkə başçısı çıxışı zamanı qeyd edib.

AzVision.az bu dəfə prezidentin məmurlara tövsiyə etdiyi yerli mebellərin qiyməti və onların xarici istehsaldan fərqini araşdırmağa çalışıb. Bu məqsədlə paytaxtda bir neçə mağazaya baş çəkdik.

“Modern” mebel dükanında satıcı işləyən Samirə Davudova müştəri qıtlığından şikayətlənib.Satıcının sözlərinə görə, manatın məzənnəsinin dəyişməsindən sonra xaricdən gətirilən mebellərin qiyməti bahalaşıb.



“Alıcılarımızın əksəriyyəti Türkiyə istehsalı mallara üstünlük verirlər. Qiymətlər qalxandan sonra Türkiyə mebellərinin alışı xeyli azalıb. Bizdə mebellər əsasən Çin və Türkiyədən gətirilir”.

S.Davudova qiymətlərin 500-1000 manat civarında bahalaşdığını söyləyib.

“Əvvəl 2300 dollara satışa çıxarılan mebeli indi 2700-2800 manata müştəriyə təklif edirik. Yerli mallara maraq nisbətən azdır.

“Padişah”, “Damla”, “Wood Pecker”, “Kristal”, “Gümüş”- bunlar yerli istehsalla məşğul olurlar”.
Satıcının firkincə, yerli istehsal xaricdən gətirilən məhsuldan keyfiyyətinə görə heç də geridə qalmır.



“Yerli məhsullar arasında zövqlü və keyfiyyətli mallarımız çoxdur. Qiymətlər də münasibdir. Qiymətlər bahalaşandan sonra müştərilərimiz əsasən yerli mebel almağa çalışırlar.

Çindən gətirilən 6 nəfərlik stol-stul dəstini 1200 manata satırdıq. Hazırda qiymətlər 2000 manatdan bahadır. İnsanları da qınamaq olmaz, hamı ucuz mal almağa çalışır”-deyə satıcı xanım bildirib.



Baş çəkdiyimiz mağazada yerli istehsal olan divanların qiyməti 650-1300 manat arası dəyişir. Xaricdən gətirilən divanlar yerli məhsuldan iki dəfə baha qiymətədir.

“Çindən gətirilmiş qarderob dəstini əvvəl 1200 manata satırdıqsa, indi 2000 manatdır.Çünki onun şəhərə girişi elə 1200 dollardır”.



S. Davudovanın fikrincə, yerli istehsalla xaricdə istehsal olunan mebellərin kefiyyətində ciddi fərq yoxdur.

“Kefiyyətdə ciddi fərq yoxdur. Mebellərin materialları demək olar ki, eynidir. Sadəcə insanlar xarici mal almağı prestij hesab edirlər. Alıcılara elə gəlir ki, Türkiyədən və ya başqa ölkələrdən gətirilən mebellər daha kefiyyətlidir. Əslində isə heç bir fərq yoxdur.

Hazırda alver yox dərəcəsindədir. 5-6 ay var ki, işsizlikdən əziyyət çəkirik. Satışda hər şey var, amma alıcı yoxdur. Əvəllər heç olmasa toy edənlər məcburiyyətdən mebel alırdılar, indi toy da yoxdur”.



Reportaj zamanı ofis mebellərinin qiymətləri ilə də maraqlandıq.

Müdir masası: iş stolu, kreslo, stul, masa və kitab rəfi birlikdə minimum 2000 manatdan başlayır, qiymətlər 10-15 minədək dəyişir.
Satıcıların sözlərinə görə, vəzifəli şəxslər daha çox xarici mebellərə üstünlük verdiyindən qiymətlər nisbətən baha olur.



Məsələn, normal müdir otağını bəzəmək üçün azı 5 min manat pul lazımdır. Divan və kreslo da əlavə edilərsə, qiymət dəyişir.

Normal işçi masasının dəyəri azı 200-400 manat

İclas masası 400-9000 min manat

Ofis üçün divan-kreslonun qiyməti isə 2000-3000 min manat

Müdir otağı üçün nəzərdə tutulan şkafların qiyməti1000 manatdan başlayır.

Satıcıların sözlərinə görə, ölkəmizdə də yüksək səviyyədə ofis mebelləri istehsal edilir. Yerli mebellərin qiyməti xarici maldan xeyli ucuzdur.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: