Birləşən banklarda ad və sədr müəmması...

Birləşən banklarda ad və sədr müəmması...
  03 Fevral 2016    Oxunub:3848
Azərbaycanda daha 3 kommersiya bankı konsolidasiyası ilə bağlı ilkin razılığa gəlib.

Məlumata görə, "NBC Bank" ASC bu ilin aprel ayında "Parabank" ASC və "Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılıq əldə edib. Hazırki durumda bir neçə bankın da birləşəcəyi gözlənilir.

Maraqlıdır ki, birləşən banklar hansı ad altında fəaliyyət göstərəcəklər? Yeni banka rəhbər necə təyin ediləcək?

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar arasında anlaşma zamanı iri səhmdarların necə formalaşdırılması məsələsi razılaşdırılır.

AzVision.az-a açıqlama verən ekspert qeyd edib ki, səhmdarların sayı birləşmə prosesində aktivlərin həcminə görə müəyyən olunur.

“Adətən kapitalı böyük olan bankın səhmdarı çox olur. Buna uyğun olaraq yeni səhmdarlar formalaşır, hər üç bank razılığa gələrək idarə heyətinin sədrini müəyyən edirlər. Hansı bankın adının seçilməsi yenə də tərəflərin razılığı əsasında müəyyənləşir. Bu barədə bir qədər sərbəstçilik var. Birləşən banklar ya hansısa bankın adını götürüb elə davam edə, ya da yeni adla qeydiyyatdan keçib fəaliyyətlərini davam etdirə bilərlər. Burada bank sektorunda payı yüksək olan, inamı yüksək olan bankın adının seçilib davam etməsi praktikasına üstünlük verilir. Adətən banklar birinin adının saxlanmasında maraqlı olurlar. Çünki həmin ad bank sektoruna tanış olur”,-deyə ekspert vurğulayıb.

V.Bayramovun fikrincə, prosedura əsasən depozitlərin hamısı yeni banka transfer edilir: “Yeni bankda depozit saxlamaq imkanına malik olurlar, eyni zamanda kredit müqavilələri olur. Çünki banklarda fərqli kredit faizləri var. Müştəri hansı kredit faizində, müddətdə, məbləğdə, valyutada kredit götürübsə, müqavilə başa çatanadək müqavilə şərtləri dəyişilmir. Müqavilə şərti müştərinin də razılığı olarkən dəyişilə bilər. Burada kredit və əmanət müqavilələri olduğu kimi saxlanır. Yeni müqavilələr də elan olunmuş bankın adına rəsmiləşdirilir. Şərtlərin qalması ilə bütün müqavilələrin yeni elan edilən bankın adına rəsmiləşdirilməsi həyata keçirilir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti