Həyat hekayələri | At da getdi, ad da getdi...

  05 İyul 2013    Oxunub : 527
Həyat hekayələri | At da getdi, ad da getdi...
Səfurə Çərkəzqızı

Dünən

...Oyunumuzun lap şirin yerində əvvəlcə atın ayaqlarının səsini eşitdik. Sonra da atın üstündəki adamın səsini:
- Ay ev yiyəsi!
At ağlımızı oğurladı, oyunumuz yarıda qaldı...
-A bala, ay uşaq, dədənə deyərsən, sabah Əmir kişi oğlun evləndirir, onu da toya çağırır!!

Ağzımızı açıb aşağıdan yuxarıya- atın üstündə dümdik dayanan adama, yerindəcə oyur-oyur oynayan ata baxırdıq. Kişi ata bir qamçı vurub, yolasarı götürüldü. Biz də dalınça. At o biri məhəlləyə girəndə ağlımıza qoyduq ki, biz də at sürək. Hərəmiz bir çubuq mindik, birini də qamçı əvəzinə əlimizə götürdük. Bayaqkı atlı kimi altımızdakı “at”ı qamçılayıb gəldiyimiz tərəfə “çapmağa” başladıq:hu! Hu! “At”larımızın ayaq səsləri bir-birinə qarışdı:
-Dqrıt...dqrıt...dqrıt...

Bu səhnə atla bağlı yaddaşımda ilişib qalan son xatirədir. O vaxt kənddə tək-tük evlərdə at qalmışdı. Amma hələ toy təklifçiləri atsız keçinə bilmirdilər...

Ulu keçmiş

“Nə xaricilər, nə də bədəvilər at üstündə ox atmaq məharətinə malik olublar.Türk isə yəhər üstündən heyvanı, quşu,nişangahı, adamı, ovuna ortaq olmaq istəyən bir vəhşini məharətlə vurur. Onun atı bir anda irəli-geri, sağa-sola hərəkət edir, eniş-yoxuş keçir, o isə ox atır. Özgəsi bir ox atmağa macal tapmamış, türk on ox atır...

Türk ata baxmaqda ən mahir mehtərdən mahir, at öyrətməkdə ən mahir təlimçidən mahirdir.

Əgər türkün güzəranına, gündəlik həyatına nəzər yetirsən, görərsən ki, o, ömrünün əsas hissəsini yerdə deyil, at üstündə keçirir...

Türk at belində silkələnib acanda heyvanlardan birini kəsib yem edir. Susuzluq duyanda madyanlardan birini sağıb südünü içir. Altındakı ata istirahət vermək istəyəndə yerə düşmədən, başqa bir atın belinə sıçrayır...”

Oğuz türkləri haqqında olan bu fikirlərisə ərəb tarixçisi əl-Cahiz xəlifə əl-Mütəvəkkilə ünvanladığı məktubda yazıb. Miladi tarixi ilə 864-cü ildə.

Yalan gələcək

...Ayağımı atın üzənginə qoyub yəhərin üstünə atıldım. At yorğa yerişlə yeriməyə başladı. Onun bu ahəngi, təzəcə nallanmış ayaqlarından çıxan səslər mənə ləzzət verirdi. Gözlərimi yumdum. Elə bi, gözəl bir musiqinin sehrinə düşmüşdüm. Ta qəbrə kimi bax beləcə, tələsmədən yol getməyə hazırdım. Birdən ahəng pozuldu:
- Salam! Atın üstündə yatmısan ki!

Gözlərimi açdım. Jurnalist həmkarlarımdan biri atın üstündəydi, düz qarşımda dayanmışdı. Atlar fınxırıb ayaqlarını tappıldatdılar.
- Həə, çoxdandı, özümü belə yaxşı hiss eləməmişdim!
- Elə mən də. Bu nə əzəmətmiş, elə bilirəm, başım buludlara dəyir! Maşınlardan nə canımız qurtardı! İndi nə səs-küy var, nə də yol qəzaları!
- Nə də tıxaclar!
- Həə, vallah! Dədə-babalarımız nətər də ağıllıymış, deyirəm. Sakitcə, heç yerə tələsmədən kişi kimi ömür sürürmüşlər. Biz onlardan qabağa gedib neylədik?!
- Heç nə? Texnikanın, internetin, müasirliyin əsirinə çevirildik, həyatımızı asanlaşdırmaq istədik, bəlalara düşdük.
- Nəysə, yaxşı oldu təzədən atları minməyimiz. Türk at üstündə olmalıdır. Kişisi də, qadını da. Di sağ ol!
- Yaxşı yol! Atdan muğayət ol!

...Atın başını çevirdim. Şəhərin küçələrini heç belə görməmişdim. Atlıların sayı-hesabı yoxuydu. Siyasətçilər, müğənnilər, aktyorlar, jurnalistlər, yazıçılar, sadə adamlar- hamı at üstündəydi. Hamının da əynində milli paltar. Özümə baxdım, mən də onlar kimi geyinmişdim. Qəfildən bir capar gəldi:
- Yol verin, kənara çəkilin!

Atlılar bir andaca yolun sağına, soluna düzülüb gözləməyə başladılar. Mən də onların arasındaydım. Arada atlar darıxıb ayaqlarını yerə döydü, atlılar eyhamla bir-birinə qaş-göz elədi. Kimsə ehmalca pıçıldadı:
- Gəldi!

Onun atı dördnalla çapırdı, əsl Qarabağ atıydı. O, atın üstündə elə əzəmətli görünürdü ki! Əynindəki milli paltarsa ona ayrıca görkəm verirdi.

Bir göz qırpımında yanımızdan gəlib keçdi. Biz də atlarımızı mahmızlayıb onun arxasınca yola düşdük. Yenə atların ayaq səsləri bir-birinə qarışdı...
Yuxudan ayılanda o səslər hələ də qulaqlarımdaydı...



Teqlər: