Gəncədə 20 Yanvar şəhidləri anılıb - Fotolar

Gəncədə 20 Yanvar şəhidləri anılıb - Fotolar
  20 Yanvar 2016    Oxunub:9198
1990-cı il 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Gəncə şəhəri Şəhidlər Xiyabanında ümumşəhər toplantısı keçirilib
AzVision.az xəbər verir ki, öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.

Sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qazaxlar məscidinin axundu Hacı Rahil tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək 26 il bundan öncə törədilən “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib. Elmar Vəliyev qeyd edib ki, “20 Yanvar” hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.

Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şöbəsinin sədri Almaz Aşurov, şəhid anası Piriyeva Minayə çıxış edərək Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə şəhid ailələrinə göstərdikləri hərtərəfli qayğıya görə şəhid ailələri adından minnətdarlıq bildirib, Azərbaycan bayrağının işğal olunmuş torpaqlarımızda dalğalanmasını arzu ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi axund Hacı Tahir Abbasov çıxışında şəhidlərə Allahdan rəhmət diləyib, dualar oxuyub. Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunur. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub.

Qalereya




Teqlər:  





Xəbər lenti