`8 ildir ailəmi görmürəm...` - Prezidentin əfv etdiyi əcnəbilər

`8 ildir ailəmi görmürəm...` - Prezidentin əfv etdiyi əcnəbilər
  29 Dekabr 2015    Oxunub:16065
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq, Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Sərəncam 210 nəfərə şamil edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.

Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.



Prezidentin əfv etdiyi Kamerun vətəndaşı Nya-Nceutcha Daniel 8 il məhbəs həyatından sonra azadlığa çıxıb.

41 yaşlı Daniel AzVision.az-a açıqlamasında həbsxanada olduğu müddətdə Azərbaycan dilini öyrəndiyini bildirib. Əcnəbi vətəndaş azadlığa buraxılmasına görə, ölkə başçısına təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevə və birinci xanıma minnətdaram. Həyatdı, hər bir insan səhv edə bilər. Cəzamı çəkdim, artıq azadlıqdayam. Həbsxanada bizə yaxşı baxdılar. Hamıdan razıyam. Həbsdə olduğum zaman özümə yeni dostlar tapdım, Azərbaycan dilini öyrəndim”.



Daniel tezliklə ölkəsinə qayıdacağını söyləyib.: “8 il öncə Bakıya gəlmişdim. Bir ildən sonra həbs olundum. 15 il cəza kəsilmişdi. İndi isə cənab prezident məni əvf etdi. Narkotik maddə satışına görə həbs olunmuşdum. Həbsdə olduğum müddətdə qohumlarımdan, ailəmdən heç kim məni ziyarət etməyib. Çünki onlar çox uzaqda, Kamerunda yaşayırlar. Bir oğlum var. O, həbsə düşən zaman çox balaca idi. İndi oğlum böyümüş olar. Onun üçün çox darışmışam. Sənədlərimi düzəltdikdən sonra ölkəmə qayıdacağam”.



Prezidentin sərəncamı ilə azadlığa çıxan əcnəbi məhkum, Böyük Britaniya vətəndaşı 1982-ci il təvəllüdlü Arulkumaran Paramasinqam da prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Prezident İlham Əliyevə və onun həyat yoldaşı Mehriban xanıma təşəkkür edirəm. Azadlığa buraxıldığım üçün çox sevincliyəm. Azərbaycanda yaxşı doslarım var. Azadlıq üçün darıxmışdım. Azərbaycanı heç vaxt unutmayacağam. Bakını çox sevirəm”.

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti