`Gənclərimiz qara qüvvələrin əlində alət olur` - PA rəsmisi

`Gənclərimiz qara qüvvələrin əlində alət olur` - PA rəsmisi
  17 Dekabr 2015    Oxunub:4820
Dini Qurumlarla İş üzrə Dövləti Komitəsi və Yeni Azərbayan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dinlərdən siyasi məqsədlər üçün istifadə edildikdə, radikal cərəyanlar yaranır:

“Azərbaycanda dini konvensiyalar arasında ziddiyyətlər yoxdur. İslam Quranda yazılanlara söykənməlidir. Ənənəvi islam əslində islamın ilkidir. Sonralar kimlərsə bunları öz maraqları üçün yozublarsa, müəyyən qanunlar çıxarıblarsa, bu, hər bir xalqın öz inkişaf yoluna uyğun olub. Bu, xalqın öz tarixi və keçdiyi inkişaf yolu ilə bağlı olub. Milli islam dini yaratmaq olmaz.

Heç kim deyə bilməz ki, Azərbaycan, yaxud İran islamı yaradıram. Amma hər bir ölkənin dövlət-din modeli ola bilər. Məsələn: bəzi ölkələr Konstitutsiyasında islam dövləti olduğunu bildirir. Amma Azərbaycan Konstitutsiyasında yazılmayıb ki, dinimiz nədir. Qanunlarımızda da hansı dinə açıq üstünlük verdimiz əksini tapmır. Azərbayan dünyəvi dövlətdir. Azərbaycanın islam ölkəsi olması əhalinin əksəriyyətinin islam dini daşıyıcısı olması ilə bağlıdır”.

M. Qurbanlı əhalinin 96 faizinin islam dininə mənsub olduğu bildirsə də, hamının islamın vacib şərtlərini yerinə yetirmədiyini xatırladıb: “Bu şərtləri yerinə yetirmək üçün dövlətin qanunlarında məcburedici normalar yoxdur. Amma Səudiyyə Ərəbistanında dövlət səviyyəsində məcburedici tələblər var. Əgər Səudiyyə Ərəbistanında orucluq ayında yemək yediyinizi görsələr, polis sizi cəzalandıracaq. Bizdə isə könüllülük prinsipi mövcudur. Eyni zamanda islamın vacib şərtlərini yerinə yetirən, oruc qılan, namaz qılanı da heç kəs cəzalandıra bilməz”.

M. Qurbanlı 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə yardım etməklə bərabər, bəziləri Azərbaycanda məscidlər tikib, müəyyən təbliğati işləri aparıblar: “Azərbayanda ənənəvi şiəliyin müxtəlif mərasimlərini radikal şiəliyin mərasimləri səviyyəsinə qaldırmaq istəyiblər. Məsələn, İmam Hüseynin əzadarlığı əvvəllər də keçirilib. İndi bunu güc nümayişi adı altında etmək niyyətlərini görməkdəyik. Əvvəllər xarici ölkələrdən hətta nümayəndələr gəlib, bunu idarə edirdilər. Bu, təhlükəli idi. Hətta Nardaranda İmam Hüseynin əzadarlıq mərasimlərini xarici ölkələrdən gələnlər idarə edir, belə mərasimlər zamanı ayrı-ayrı bayraqlardan istifadə edilir, xüsusi dəstələr olurdu. Dövlət, hökumət bu cür məsələlərə biganə qala bilməzdi”.

M. Qurbanlı qeyd edib ki, din idarəçilik forması deyil, Azərbaycan dünyəvi dövlətdir: Nardaran hadisələrində müəyyən qüvvələr Azərbaycanın dünyəvi dövlət idarəçiliyində zidd idarəçilik nümayiş etdirirdilər: Harada görünüb ki, seçki yolu ilə formalaşmayan qurumlar bütöv bir kəndin adından çıxış etsin? Ancaq Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda fətva verə bilər. Həm də bu fətva tövsiyyə xarakteri daşıyı, əməl də edə, etməyə də bilməzsən. Ancaq qanunlara mütləq əməl edilməlidir. Ona görə də Nardarandakı hadisələrə həm siyasi, həm ideoloji müstəvidə mütləq cavab verilməlidir”.

M. Qurbanlı Qubada bir gəncin iki əlinin kəsilməsinə də toxunub: “Deyirlər ki, guya borcu olub. Ancaq bunun özü də bir vəhşilikdir. Belə halların qarşısı ideoloji müstəvidə alınmalıdır”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur: “Təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir. Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qadağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyinə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk”.

Millət vəkili Şahin İsmayılov deyib ki, Nardaranda birinci sinfə gedən qızların yalnız 10 faizi 11-ci sinifdə oxuyur: “Bu kimi halların aradan qaldırılması vaibdir”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə qeyd edib ki, dini xurafata qarşı mübarizədə təhsil böyük önəm daşıyır: “Biz ilk növbədə azərbaycançı olmalıyıq. Müstəqillik bizə elə-belə verilməyib, şəhidlərimiz olub. Torpaqlarımızı da işğaldan sülh yolu ilə azad etməyə çalışırıq, bu olmayacaqsa, bu torpaqları da döyüşərək azad edəcəyik. Məni dövlətçiliyimizdən heç kim ayıra bilməz. Bu, aldığım təhsillə, Azərbayсanın zəngin mədəniyyəti və ənənələri ilə bağlıdır. Sabah Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edəcək. Bu müsabiqədə dini radikalizmə qarşı mübarizə istiqamətinə də yer ayrılacaq”.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti