`Bizə əxlaqsız kimi baxırlar…` - Kimsəsiz qızların dəhşət dolu həyatı (FOTOLAR)

`Bizə əxlaqsız kimi baxırlar…` - Kimsəsiz qızların dəhşət dolu həyatı (FOTOLAR)
  15 Dekabr 2015    Oxunub:44060
“Kimsəsiz olduğumuz üçün adımız damğalıdır. Ləkə yaxmağa adam tapmayanda bizi yada salırlar…”

Onlar kimsəsizdirlər. Yanlarında nə ataları var, nə də anaları. Dar günlərində arxa-dayaq olacaq, yıxılanda əllərindən tuta biləcək qardaş-bacıları da yoxdur. İllər öncə valideynləri tərəfindən tərk edilən bu uşaqlar Bakının Qızıldaş qəsəbəsində özləri üçün kiçik bir dünya qurublar. Tək, kimsəsiz, amma ümid dolu dünya...

Hələ də kimlərinsə yolunu gözləyir, onları atan valideynlərini tapmaq ümidi ilə yaşayırlar. Yaşadıqları həyat, sadəcə dəhşət doludur.

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “kimsəsizlər yataqxanası”na baş çəkib, valideyn himayəsindən məhrum olan “uşaqlar”la görüşdük. Keçmişin ağır xatirələrini yada salıb, onların kədərli həyatlarına işıq salmağa çalışdıq.

“Günlərlə ac-susuz zirzəmilərdə qalırdıq”

İlk həmsöhbətimiz illər öncə valideynlərini itirən Oksana və Alyona bacılarıdır.



Brankeviç Oksana Nikolay qızı: “1989-cu ildə anadan olmuşam. 2000-ci ildə valideynlərimizin vəfatından sonra yetim qaldıq. Ailədə beş uşaq idik: 3 bacı, iki qardaş. Ata-anam dünyasını dəyişəndən sonra gedəcək yerimiz olmadığından küçələrdə qalmağa məcbur olduq. Hamı bizdən üz döndərdi. Hazırda yanımda bircə bacım Alyona var. Bacımdan başqa heç kimim yoxdur. Qardaş-bacılarım da bizdən üz döndəriblər, əlaqəmiz yoxdur”.

Oksana valideynlərini itirəndən sonra həyatının alt-üst olduğunu deyir: “Hamı bizdən üz döndərəndən sonra bacımla küçələrdə qaldıq. Günlərlə ac-susuz gəzirdik. Təsəvvür edin, tək qız uşaqları küçədə necə yaşaya bilər? Yağışlı havalarda zirzəmilərdə yatırdıq. 2001-ci ildə polislər bizim acınacaqlı vəziyyətimizi gördülər. Onlar kimsəsiz olduğumuzu bilib Mərdəkanda yerləşən 2 saylı internat məktəbinə gətirdilər. 9 il həmin məktəbdə təhsil aldım. Daha sonra bizi Qızıldaş qəsəbəsindəki yataqxanaya gətirdilər. Burada yerləşən məktəbdə 3 il mühasibat-operatorluq bölməsində oxumuşam”.



“Dəli kimi sevdiyim oğlan məni atıb getdi”

Həmyaşıdları kimi Oksananın da ən böyük arzusu ailə qurmaq, xoşbəxt həyat yaşamaq olub: “Hər bir gənc qız kimi mən də xoşbəxt ailə qurmaq istəyirdim. Amma bu arzularım puç oldu.

Məktəbdə oxuyanda bir oğlanı sevirdim. Uşaq evindən çıxandan sonra onunla qeyri-qanuni şəkildə ailə qurduq. Bir oğlumuz oldu. Onun adı Brankeviç Ruslan Kamran oğludur. Hamilə olduğumu biləndə həmin oğlan çox qorxdu. Bilirdi ki, valideynləri heç vaxt mənimlə ailə həyatı qurmağına razı olmayacaq. Sevdiyim oğlan bizi atıb Rusiyaya qaçdı. Allah heç kimi kiməsə möhtac etməsin. İndi biz kiməsə möhtacıq. Həyatım boyu mən çox çətinliklər görmüşəm. Öz əziyyətim, alın tərimlə çörək pulu qazanmışam. Sosial müavinət almıram. O, heç uşağın üzünə belə baxmadan biz tərk edib getdi. Bir müddət sonra eşitdim ki, oğlan ailə həyatı qurub, amma övladı olmur. Allah heç vaxt yetimin haqqını yerdə qoymur. Anasından fərqli olaraq oğlum Ruslan yetim deyil. Onun atası olmasa da anası var. Mən oğlum üçün həm anayam, həm ata”.

Oksana ən böyük çətinliyinin evsizlik olduğunu söyləyir: “Çox istərdim ki, mənim də bir evim olsun. Gördüyünüz kimi bu yataqxanada iti bağlasan qalmaz. Çox pis vəziyyətdədir. Qışda soyuqdan donuruq. Mətbəx yox, hamam yox. Oğlum olandan sonra işləyə bilmirəm. Ona görə çətinlik çəkirəm, uşağa yemək, pampers ala bilmirəm.

Bu yaxınlarda bizi Xoşqədəm Hidayətqızının verilişində biabır etdilər. Düzdür, nigahda olmadığım birindən uşağım oldu. Bu, o demək deyil ki, biz pozğunuq. Biz də insanıq. Biz də istəyirik övladımız olsun. Qocalanda bizə övladımızdan başqa heç kim kömək etməyəcək.



Biz yetimik, kimsəsizik, amma fahişə deyilik. Bizim də atamız-atamız olsaydı, haqqımda belə söhbətlər danışmazdılar. Amma görürlər təkik, küçələrdə zülümlə çörək qazanırıq, hamı deyir ki, bunlar pozğundurlar”.

“Kimsəsiz olduğumuz üçün oğlanlar bizi aldadıb, ailə qurmurlar”



Bacılarla sağollaşandan sonra yataqxananın digər sakini Allahverdiyeva Yeganə Mirzə qızı ilə həmsöhbət olduq:

“1974-cü ildə Gəncədə anadan olmuşam. Dünyaya gələndən sonra valideynlərim məni uşaq evinə yerləşdirib. 6 yaşıma qədər orada qalmışam. Sonra məni Maştağadakı internat məktəbinə yerləşdirdilər. Orada 9 il oxudum. Daha sonra Şüvəlana apardılar. Ordan isə Qızıldaşa gətirdilər. Burada da 2 il saç ustası-dərzilik peşəsini öyrəndim. Getməyə yerim olmadığına görə hələ də bu yataqxanada qalıram.

Valideynlərim indiyədək məni axtarmayıblar. Bir dəfə internatda oxuyan zaman valideynlərimi axtarmaq istədim. Çünki həmin internat məktəbində bütün uşaqlar ata-analı idilər. Yetim bir mən idim. Həmin vaxt ata-anamı çox axtardım, tapa bilmədim. Sonra yavaş-yavaş ora mənim kimi yetim uşaqlar gəlməyə başladı. Mən də onlara alışmağa başladım. Artıq tək olmadığımı hiss edirdim. İndi isə ata-anamı axtarmıram. Çünki qorxuram ki, birdən onlar narkoman, içki düşkünü, oğru olar. Elə valideynim olmaqdansa, yetim qalmaq daha yaxşıdır”.



Çətin günlər yaşadığını deyən Yeganə hələ də ailə qurmadığını deyir: “Heç vaxt ailə həyatı qurmamışam. İstəsəydim bir uşağım olardı. Amma istəmədim. İstəmirəm ki, mənim çəkdiyim əziyyəti balam çəksin. Şükürlər olsun ki, küçədə qalmıram.

Evim olandan sonra ailə də qura bilərəm. Burda ailə qurmaq olmur. Bizi aldadırlar. Bir oğlanı canımdan çox sevirdim, o da məni çətin vəziyyətdə qoyub qaçdı. Ailəsi razı olmadı, mənimlə ailə qursun. Ondan sonra heç kimə inamım qalmayıb. Yetim qızları sevib alan olmur. Bizə əxlaqsız kimi baxırlar, ailə həyatı qurmaq istəmirlər. Yetim qızları oğlanlar aldadırlar. Fikirləşirlər ki, bizi qoruyan heç kim yoxdur. Hazırda işləyə bilmirəm, səhhətim imkan vermir. Nəzir pulu ilə dolanıram. Həyatımız çox çətindir, inanın elə vaxt olub intihar etmək istəmişik, amma yenə də dözmüşük. Bəlkə də bizim yerimizdə başqa qızlar olsaydı, çoxdan özlərini öldürərdilər”.

“Bizə yiyəsiz, kimsəsiz damğası vurulub”



Söhbətimizi iki uşaq anası Ellada Cəfərova ilə davam edirik:

“Doğum haqqında şəhadətnamədə atamın adı Gülağa kimi qeyd olunub. Bəlkə də səhv yazılıb. Amma pis səslənməsin deyə həmin adı deyirəm. Vəsiqəmdə isə atamın adının qarşısına XXX yazılıb. XXX-ları heç sevmirəm. Qızıldaş yetimlərin vətəni deyil. Getməyə başqa yerimiz olmadığına görə bura sığınmışıq. Biz də hamı kimi normal, gözəl yerdə yaşamaq istəyirik.

İki qızım var. Özüm kimi yetim oğlanla ailə həyatı qurmuşdum. Düşündüm ki, onun anası da mənə ana olacaq. Amma xəyallarım puç oldu. Ərim məni atıb getdi. Bizə yiyəsiz, kimsəsiz damğası vurulub. İstəsək də o damğanı silə bilmirik. Kimsə pozğunluq edir, damğanı bizə vururlar. Bu çirkabı kimin üstünə ataq? Deyirlər ki, orada yetimlər qalır, pozğunluq edirlər. 3 manata özlərini satır, sonra çörək alıb yaşayırlar. Biz heç vaxt o yolla evimizə çörək pulu gətirməmişik.



On ildir ki, yoldaşımdan xəbərim yoxdur. Onunla rəsmi nigahada girməmişdik. Çünki anası mənə demişdi ki, ona oğul nəvəsi versəm, övladı ilə rəsmi nigaha girməyə icazə verəcək. Övlad Allahın verdiyi bir paydır. Bu mənim əlimdə olan bir şey deyil ki, ona oğul bəxş edim. Birinci qızım, daha sonra ikinci qızım oldu, məni rəsmi nigaha salmadılar. 8 il onlarla yaşadım. Çox incidirdilər. Çünki mənim arxamda duran atam-anam yox idi. Ayrıldım həyat yoldaşımdan. Biz dünyaya ağlamaq üçün gəlməmişik ki? Biz də üzümüzün gülməsini istəyirik”.

“Hicab taxdığıma görə, mənə iş vermirdilər...”



Ellada valideynlərinin kim olduğunu hələ də bilmir: “Anamın kim olduğunu heç vaxt bilməmişəm. Balaca olanda həmişə qapıya baxardıq. Deyərdik ki, Allahım nə olar, bizim də yanımıza gələn olsun. O arzularla böyüdük. Amma heç kim gəlmədi. Valideynlərimi başa düşə bilmirəm. İnsan necə qız övladını küçəyə ata bilər? Axı mənim günahım nə idi? İnanıram ki, Allah mənim haqqımı yerdə qoymayacaq.

Bir vaxtlar namaz qılırdım, hicab taxırdım. Bütün günü Allaha ibadət edirdim. Başım bağlı olduğu üçün heç kim mənə iş vermirdi. Gərək başımı açıq qoyub pozğunluq edim ki, məni işə götürsünlər? Bir il olmaz ki, hicabı açıdım. İndi Qızıldaşda haqqımızda olmazın sözlər danışırlar. Yiyəsiz olduğumuza görə, elə bilirlər biz fahişəlik edirik”.

“Ağ gəlinlikdə gəlin köçmək, ən böyük arzum idi”



“Kimsəsizlər yataqxanası”nın digər sakini Muradova Günel Vaqif qızı da acı həyat hekayəsini bizimlə bölüşüb:
“Maştağada internat məktəbində böyümüşəm. Ata-anam dünyasını dəyişib. 16 yaşım olanda atamı tapdım. Anam isə məni dünyaya gətirən zaman vəfat edib. Atamı tapsam da, o məni özü ilə aparmadı, imtina etdi.

İndi şükürlər olsun, ailə həyatı qurmuşam, iki övladım var. Qızımın adı Yağmur, oğlumun adı isə Efecandır. Qızımın atası azərbaycanlıdır. Oğlumun atası isə Türkiyə vətəndaşıdır. Türklə dini kəbinlə ailə həyatı qurmuşam. Oğluma soyadını da verib. O, hazırda bizimlə yaşamır, Türkiyədədir. Sağ olsun, oğlu üçün pul da göndərir. Həyatda ən böyük arzum odur ki, övladlarım mənim kimi həyat yaşamasınlar. Onların ali təhsil almasını, oxuyub yaxşı peşə sahibi olmasını istəyirəm” .



Günel internat məktəbində oxuyarkən başına gələn dəhşət dolu anları bizimlə bölüşüb: “İnternatda Bağırov Rəna adlı bir tərbiyyəçi işləyirdi. O, bizə işgəncə verirdi. Yemək tapa bilmirdik. Zibillikdən çörək tapıb yeyirdik. Həmişə qapının önündə dayanıb anamı gözləyirdim. Amma o gəlmirdi, gözüm yollarda qalırdı. Uşaqlarım üçün süpürgəçilik etmişəm. Xidmətçi işləmişəm. Gəlinlik geyiməmişəm. Yetim olduğuma görə qapıdan qovulmuşam”.

“Bizim bir adımız var: kimsəsizlər...”



Onlara pozğun, fahişə damğası vurulsa da, 26 yaşlı kimsəsiz Mədinənin kafedə qab yuyub, alın tərilə çörək qazdığının şahidi olduq. Qızıldaşa repotaj üçün gəldiyimiz görən Mədinə qonaq olduğumuz kafedə bizə yaxınlaşaraq başından keçənləri anlatdı: “Mən İbrahimova Mədinə Qabil qızı. 1989-cu ildə anadan olmuşam. Anam rəhmətə gedəndən sonra məni 3 saylı uşaq evinə atıblar. Oranı bitirdikdən sonra Bilgəhdəki internat məktəbində oxudum. Oranı əla qiymətlərlə bitirmişəm. Əlaçı olmuşam. Sonra Qaradağ rayonundakı 8 saylı Bakı Peşə Liseyində əla qiymətlərlə təhsilimi davam etdirdim. Təhsilimi bitirdikdən sonra ailə həyatı qurdum. Damla və Adəm İbrahimov adlı iki övladım var. Sığınacaq yerim olmadığıma görə oğlumu 3 illik uşaq evinə vermişəm.



Bizim bir adımız var: kimsəsizlər. Ana sevgisi, ata tərbiyyəsi görməmişik. Sonra da deyirlər ki, internat qızları pozğun olurlar. Biz yıxılmamışıq, çətin günlər yaşasaq da, ayaqda durmağı bacarmışıq. Uşaq vaxtı yıxılanda əlimizdən tutanımız olmayıb, bizim yaşadığımızı nə qədər danışsaq da, heç kim başa düşə bilməz”.

Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti