Dövlət nardaranlıların borcunu bağışlamadı

Dövlət nardaranlıların borcunu bağışlamadı
  14 Dekabr 2015    Oxunub:3558
“Nardaran qəsəbəsində 500-dən çox abonent qazla təchiz olunub”.
Bunu AzVision.az- a açıqlamasında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib. Onun sözlərinə görə, “Azəriqaz”ın əməkdaşları tərəfindən Nardaran qəsəbəsində texniki baxış keçirilən, müqaviləsi yenilənən və sayğac quraşdırılan mənzillərə təbii qazın verilişi dekabrın 12-dən bərpa edilib.

O, qeyd edib ki, hazırda digər küçələrdə qaz xətlərinin üzərində qeyri-qanuni birləşmələr “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ləğv olunur, mənzillərə texniki baxışlar keçirilir: “Həmin təmizləmə işləri bitdikdə, abunəçilərlə yeni müqavilə bağlanıb, sayğaclar quraşdırıldıqdan sonra digər küçələrə də mərhələli şəkildə təbii qazın verilişi bərpa olunacaq”.

“Azəriqaz” sözçüsü bildirib ki, borclu abonentlər mütləq şəkildə borclarını ödəməlidir: “Nardaranda ümumilikdə 1900-dən çox abonent var. Odur ki, borclu abonentlərin borclarının bağışlanmasından söhbət gedə bilməz. Borclu abonentlər üçün akt tərtib edilir və onlar sənədləri imzalayır. Bəzi abonentlərə borcları ödəmək üçün müəyyən vaxt verilir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 mln. manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.


Teqlər:  





Xəbər lenti