Gəncə dindarları bəyanat verdi - Foto

Gəncə dindarları bəyanat verdi - Foto
  03 Dekabr 2015    Oxunub:2294
Dini radikalizmə qarşı mübarizə ilə bağlı Gəncə şəhər fəallarının yığıncağı keçirilib.

Yığıncaqda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, bildirib ki, ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi müstəqil Azərbaycan bu gün unitar, hüquqi, dünyəvi və tolerant bir dövlətdir. Ölkə qətiyyətlə idarə olunur, cəmiyyətdə əmin-amanlıq, sabitlik hökm sürür.

Nardarandakı terror hadisələrinin dövlətimizə və dövlətçiliyimizə hər zaman sədaqət nümayiş etdirən gəncəlilər tərəfindən qətiyyətlə pislənildiyini deyən icra başçısı noyabrın 23-24-də ekstremist qüvvələrin məkrli niyyətlərinin qarşısının Gəncədə Aşura günlərində yüksək səviyyədə alındığını diqqətə çatdırıb.

Vurğulanıb ki, bu gün hər bir gəncəli Vətənimiz Azərbaycanın dünyada artan nüfuzu ilə qürur duyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, bu siyasətin təntənəsi uğrunda daim öndə olmaqdan şərəf duyurlar.

Çıxış edən ziyalılar, təhsil işçiləri, din xadimləri, gənclər Vətənimizin daha da qüdrətlənməsi, inkişafı, tərəqqisi, xalqımızın firavan və əmin-amanlıq şəraitində yaşaması, Şeyx Nizami yurdu Gəncənin hər zaman yüksəlişdə olması üçün bundan sonra da, böyük əzmkarlıqla çalışacaqlarını, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, müstəqilliyimizə xələl gətirəcək qüvvələrə qarşı qətiyyətlə mübarizə aparacaqlarını bəyan ediblər.

Sonda Gəncə dindarlarının dini radikalizmi pisləyən Bəyanatı oxunub.




Teqlər:





Xəbər lenti