Həyat hekayələri | Könlümə dağ düşüb

Həyat hekayələri | Könlümə dağ düşüb
  27 İyun 2013    Oxunub:1495
Səfurə Çərkəzqızı

Yenə yay gəldi...
...Uşaqlıqda atam bizi hər yay dağa aparardı. Üç-dörd qonşu yığışıb, bir yerdə istirahətə gedərdik. Qadınlar yola düşməzdən bir-iki gün qabaq pal-paltarları, yorğan-döşəkləri xurcunlara, fərməşlərə yığıb hazır saxlayardı. Biz - Aran Qarabağın uşaqları ta yük maşınının həyətimizdə dayandığı günə qədər ancaq dağdan danışardıq, xəyallar uydurardıq.
Yola düşdüyümüz gün sevincimizdən gah ora-bura qaçardıq, gah da yük maşınının üstünə çıxıb, dəli kimi atılıb-düşərdik. Kişilər boxçaları, xurcunları, fərməşləri, uzun, əyri alaçıq çubuqlarını maşına yığardı. Maşın yola düşəndəsə səsimizdən qulaq tutulardı. Bu dəfə dağa gedə bilməyən, aşağıdan yuxarıya həsrətlə bizə baxıb gözləri dolan uşaqlara hay-küyümüzlə, qaş-göz oynatmağımızla yanıq verərdik...

Ən çox Laçının dağlarına gedərdik. Yoluzunu gördüyümüz hər şey bizə maraqlı gələrdi.
- Ona bax, nə yekə dağdı!
- O, mənim dağımdı!
- Şəlaləyə bax!
- Hanı, hanı?
- Odeeyy..! Uzaqda!

Arada səsimiz kəsilərdi, birimizi yuxu tutardı, birimizi ürək bulanması...
Bəzən anlamadığımız şeylər də olardı. Qəfildən böyüklər qısqırardı:
- Aşağı yatın, səsinizi də çıxarmayın! Dığalardı!

“Dığa” dedikləri bir göz qırpımında maşınımızı daşa tutardı. Səsimizi içimizə salardıq. Bircə daşların səsi gələrdi: tap, tap, tap...

O vaxt nə mən, nə də o biri uşaqlar dığanın nə olduğunu bilirdik. Mənim təsəvvüründə dığa tüklü heyvan idi, hələ bir az da eybəcər. Hardan biləydik ki, bu “tüklü heyvanlar” sinəmizə dağ çəkib, bizi dağa həsrət qoyacaqlar! Bunu heç boyüklər də bilmirdi. Nə biləydilər, o vaxt hələ radiolarda, televizorlarda
“Kür, Araz, Ararat,
Nə gözəldi, bu həyat!
Qardaş olur Hayestan, Azərbaycan”
oxunurdu axı...

Uşağıydıq, böyüklər “qalxın, dığalar geridə qaldı!” deyən kimi qorxu da, “tüklü heyvanlar” da yadımızdan çıxardı. Yenə gördüklərimizə sevinməyə, qışqırmağa başlayardıq...

Maşın bizi atıb tuta-tuta gəlib çatardıq arzuladığımız məkana. Alaçığımızı Laçının meşəsi, suyu, çiçəyi can dərmanı olan dağlarında qurardıq. Alaçıqda yatmağın ləzzəti bambaşqadı! Çayın şırıltısı, böcəklərin nəğməsi, tər-təmiz hava...Gecənin bir vədəsindəsə qalın yorğana bərk-bərk bürünüb, aranda çəkdiyini bir gecədə canından çıxarırsan.

Dağın xınası da var axı... Gör neçə ildir, o xınadan əllərimə yaxmıram! Barmaqlarım çat verib dağ xınası üçün!!! Xınanı daşların üstündəki mamırlardan düzəldərdik. İyi hələ burnumdadır. Dağ xınası əllərimizi qıpqırmızı qızardardı, lalə kimi. Qızlarla yarışa girərdik, görək, kimin əlləri daha çox qızarıb. Hələ, xınadan şüşələrə doldurub kəndə də gətirərdik.

Bulaq suyu, dağ havası... Bu ikisi oldumu, iştahsız adam belə, qurda dönər. Qonşular bir yerdə qazan asıb, quzu ətindən qovurma bişirərdi. Bir tərəfdə də köz üstündə dəm alan kəklikotu çayı. Ocağın ətrafında palaz sərilərdi, süfrə açılardı. İki-üç günə olardıq dağ adamı. Yanaqlarımız qızarardı, qaysaq tutardı, hər səhər yediyimiz dağ qaymağı kimi...

Kəklikotu, əvəlik, qantəpər, yarpız, rəngbərəng cicək dalınca dağa qalxardıq. Elə bil, dağ bizi sehirləyərdi, dalxdıqca, qalxmaq istəyərdik. Birdən göy guruldayardı, şimşək çaxardı. Qəfil yağışa düşərdik. Bir qayanın altında daldalanıb, şıdırğı yağışın kəsməyini gözləyərdik...

Yenə yay gəldi... Könlümə qəfil yağan dağ yağışında islanmaq düşüb...


Teqlər:  





Xəbər lenti