Hansı təhlükəlidir: Şiə, yoxsa sünni radikalizmi?

Hansı təhlükəlidir: Şiə, yoxsa sünni radikalizmi?
  27 Noyabr 2015    Oxunub:29988
Ötən gün Bakının Nardaran qəsəbəsində baş verən hadisə ölkədə dini təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.

Xəbər verdiyimiz kimi, Nardaranda bir qrup radikal islamçıya qarşı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardaran hadisələrinə hakimiyyət rəsmiləri tərəfindən sərt reaksiya verilib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq.

Komitə sədrinin sözlərinə görə, Nardaranda törədilmiş hadisələrə görə, din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar: “Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir”.



Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, hüquq-mühafizə orqanları Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürməlidir.

S.Novruzov hesab edir ki, bu, silahlı dəstələrin hazırlanması, dövlətin quruluşunun dəyişdirilməsinə cəhd, eləcə də onların hansısa ölkələrin təsir vasitələrinə çevrilməsi nəticəsində baş verən hadisədir.

Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edib, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndirib.

“Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur. O, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil”, -deyə bəyanatda vurğulayıb.

QMİ təkzib etsə də, Nardaranda baş verən hadisəni törədənlərin radikal şiə məzhəbinin üzvləri olduğu hər kəsə məlumdur. Nardaran hadisələrini əks etdirən videogörüntülərdə sakinlər özləri bunu etiraf edirlər.

Ortaya maraqlı sual çıxır: Azərbaycanda şiə radikalizimi, yoxsa sünni radikalizmi daha təhlükəlidir?



Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu AzVision.az-a bildirib ki, dində məzhəblərin yaranması təəssübkeşliyə əsaslanır. Müdafiə etdiyi dəyərlər baxımından aqressiv və ya qeyri-aqressiv ola bilirlər: “Məsələn, cihadı əsas götürənlər, onun mənasını anlamayanlar, bütün təriqətlərin hamısı aqressivdir. Amma elmin öyrənilməsini əsas tutan təriqətlərin hamısı maarifçi təriqətlərdir. Nurçular buna aiddir. Həm elm, həm də cihadı əsas götürənlər isə şiələrdir. Bu baxımdan təriqətlər İslamın hansı şərtini əsas götürüb, onun əsasında məzhəb yaradıblarsa, onunla həmin məzhəbin təhlükəliliyi müəyyən olunur”.

Partiya sədri hesab edir ki, cihadı əsas götürən və İslamın əsas şərtini qəbul edənlər və düzgün anlamayan təriqətlərin hamısı aqressiv və təhlükəlidir.

Onun sözlərinə görə, bunlara sələfilər, vəhhabiləri aid etmək olar: “Bir çox təriqətlər var ki, onlar İslamın buyurduğu 5 vacib əməldən birini daha üstün tuturlar. Bu zaman onlar radikal islamçı olurlar. Cihadı üstün tutan təriqətlər isə vəhabilər, sələfilər, İŞİD-çilərdir. Şiə məzhəbindən olan bəzi radikal islamçılar var ki, onlar daha çox Əfqanıstanda məskunlaşıblar”.



Politoloq Qabil Hüseynli isə deyir ki, bu məzhəblərin yaranması hakimiyyət uğrunda gedən savaşların nəticəsidir. Uzun illər bu parçalanmadan istifadə ediblər: “Bu, çox təhlükəlidir. Daxildə qarşıdurma yaradacaq, ölkəni parçalaya biləcək ideologiyanın formalaşmasına gətirib çıxaran amildir. Sünni və şiə təriqətini yayanlar, ölkədə İslam dinin eleyhinə təbliğat aparan adamlar kimi qəbul edilməli və məsuliyyətə cəlb olunmalıdırlar. Çünki vicdan azadlığı o demək deyil ki, ölkədə müxtəlif mənsəbləri, təriqətləri bölərək kimsə özünü lider hesab etsin. Bu kimi məsələləri yayan adamlar da öz ambisiyalarını üzə vuran adamlardır”.

Dini təriqət üzvlərinin ciddi təhlükə mənbəyinə çevrildiklərini deyən Qabil Hüseynli hesab edir ki, ölkədə sünnilərin daha çox vəhabiləşməsi prosesi gedir.

Politoloqun sözlərinə görə, vəhabiləşən sünnilər daha çox aqressiv, dövlətə qarşı barışmaz mövqedə dayanan siyasiləşmiş islamçıdırlar.

“Ümumiyyətlə məzhəb, təriqət ardınca gedən, özünü müsəlaman adalandıran adamlar siyasiləşmiş İslamın qollarıdır. Buna görə də din siyasətdən ayrıdır”.

Q.Hüseynli onu da qeyd edib ki, siyasətlə məşğul olan, dini siyasiləşdirən, dini siyasətə alət edən adamlardan məsuliyyət tələb etmək lazımdır.



Məlumat üçün bildirək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda həyata keçirdiyi əməliyyat zamanı 42 radikal dini təriqət üzvü tutulub. Bundan əlavə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakının Yasamal rayonunda Nurçulara qarşı keçirilən əməliyyatlarda 70-dən çox dini təriqət üzvü saxlanılıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti