Hansı mətbuat katibləri işləyə bilmir? - SORĞU

Hansı mətbuat katibləri işləyə bilmir? - SORĞU
  25 Noyabr 2015    Oxunub:6874
Son günlər bir çox xəbər saytlarında nazirlərin işdən çıxarılması, dövlət məmurlarının həbsi ilə bağlı təzadlı və təsdiq olunmamış xəbərlər tirajlanır. Mətbuat Şurası və Prezidentin köməkçisi Əli Həsənov yalan xəbər yayan KİV-lərə xəbərdarlıq edərək onların cəzalandırılacağını bəyan edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov AzVision.az-a açıqlamasında bildirib ki, oxucular arasında yalan xəbər yaymaqla çaşqınlıq yaradan onlayn KİV-lərin siyahısı hazırlanıb, cəmiyyətə təqdim olunacaq:

“Yalan və böhtan xarakterli məlumat yayan internet KİV-lərin adı cəmiyyətə açıqlanacaq. Həmin hallarla bağlı qanunvericilik çərçivəsində ölçü götürüləcək”.

Jurnalistlər iddia edirlər ki, KİV-lərin dəqiqləşdirilməmiş xəbər yaymasında nazirliklər, dövlət qurumları da məsuliyyət daşıyır. Səbəb kimi, nazirliklərin mətbuat xidmətlərinin KİV-lərlə yaxşı işləməməsi göstərilir.

AzVision.az məsələnin aktuallığını nəzərə alaraq KİV nümayəndələri arasında sorğu keçirərək hansı qurumun mətbuat xidmətinin işindən razı və narazı olduqlarını öyrənməyə çalışıb.

Modern.az saytının əməkdaşı Aytən Əliyeva Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Sərhəd Xidmətindən məlumat almağın çətin olduğunu bildirib.

“Elə nazirliklər də var ki, sorğulara həddindən artıq gec cavab verirlər. Bakı şəhər İcra Hakimiyyətinin bağçalarla bağlı idarəsi isə ümumiyyətlə rəsmi göndərdiyim sorğuya belə, cavab vermir. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti isə ürəyi istəyəndə cavab verir, keyfinə düşməyəndə isə heç telefonu da götürmür. Xüsusilə, son vaxtlar nazirlik rəsmiləri suallara yalnız rəsmi sorğu ilə cavab vermək tələbi irəli sürürlər. Bu da onlayn mətbuatda məlumatın gecikməsinə səbəb olur”.

Qafqazinfo.az saytının redaktoru Elnur Məmmədli hesab edir ki, nazirliklərinin bir çoxunda mətbuat xidmətləri üzərlərinə düşən məsuliyyəti ya anlamırlar, ya da onlara tamam başqa işlər həvalə olunub. Jurnalistin fikrincə, mətbuat katibləri xəbərə yox, xəbərsizliyə xidmət edirlər: “Son bir neçə ildə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbərinin “Qafqazinfo”da hər hansı bir açıqlaması, hər hansı xəbərə münasibəti, aydınlaşmasını görə bilmərsiniz. Bu bizim tərəfdən olan bir problem deyil. Sadəcə olaraq qurumun rəhbəri ilə işləmək mümkün deyil. Ən çox müraciət etdiyimiz DİN-in mətbuat xidmətidir. Hadisə və ya hər hansı şikayətlə bağlı material hazırlanır və təbii ki, DİN-in də mövqeyi lazım olur. Amma vaxtında cavab verilmir. Müdafiə Nazirliyini jurnalistlərin suallarına “susqunluq”la cavab verən nazirliklərdəndir. Suallara vaxtında və normal cavab vermirlər”

Virtualaz.org saytının əməkdaşı Fatimə Kərimli rəsmi qurumlardan nadir hallarda cavab alan jurnalistlərdəndir. Onun göndərdiyi sorğular bəzi nazirliklərin elektron adresində cavabsız qalır: “Rəsmi qurumlar nadir hallarda operativ cavab verirlər. 5 gün əvvəl Maliyyə Nazirliyinə sorğu göndərmişəm . Bu gün, sabah deyə-deyə hələ cavab yazmayıblar. Bakı şəhər İcra Hakimiyyətindən də cavab almaq müşkül məsələdir. Bir nəfər tapa bilmirəm ki, sualımı verim. Gün boyu etdiyim zənglər cavabsız qalır. Qurumun mətbuat katibi Nailə Məmmədovanın telefona cavab verməsi İsa Məsihin zühuruna oxşar hadisədir”.

“Azadinforum” saytının redaktoru Elçin Bayramlının qeyd edib ki, Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi, Təhsil Nazirliyi, “Azəriqaz” İB jurnalistlərin sorğularına vaxtında cavab vermir.

Baku.ws saytının müxbiri Şahin Həbibov konkret ad çəkməsə də bəzi hallarda nazirlik rəsmilərinin sualları cavablamaqdan yayındıqlarını və ya konkret olaraq cavab vermək istəmədiklərini söyləyib: “Ölkə əhəmiyyətli mühüm xəbərlərə rəsmi qurumlar reaksiya vermirsə, məlumatı olduğu kimi də təqdim etmək olar. Əksər nazirliklər sorğunu cavablandırmağa çalışırlar. Təəssüf ki, bəzi hallarda jurnalistin sualına konkret cavab verilmir. Daha doğrusu söz toplusundan ibarət tərifnamə göndərilir. Ancaq bu o demək deyil ki, jurnalist cavab əldə etmədikdə öz xəyalının məhsulunu oxucuya sırımalıdır. Elə bizim işimiz cavabı verilməyən suallara cavab almaqdır. Bunun üçün bir balaca peşəkarlıq kifayət edir”.

AzNews.az-ın redaktoru Elçin Zahiroğlu mətbuat xidmətləri ilə bağlı məsələnin biabırçılıq səviyyəsində olduğunu deyib.

Baş redaktorun sözlərinə görə, mətbuat katiblərinin əksəriyyəti rəhbərliklə reket jurnalistlər arasında “poçtalyon” rolunu oynayır. Bu rol onların rəhbərləri qarşısında “vəzifə borcları” olmasıyla yanaşı, həm də özlərinin qazanc mənbəyidir. Müdirlərindən qopardığı “reket payı”ndan mütləq öz faizlərini götürürlər.

“Azərbaycanda reket jurnalistikasının bu cür pərvazlanmasında mətbuat xidmətlərinin müstəsna rolları var. Onların işi sual cavablamdırmaq deyil, nazirlik əleyhinə gedə biləcək informasiyaları müxtəlif üsullarla əngəlləməkdir. Ən çox əziyyət çəkdiyimiz, hər gün problemlər yaşadığımız nazirliklərin bir neçəsinin adını qeyd etmək yerinə düşər. Müdafiə Nazirliyinin mətbuat xidməti suallardan düşmən gülləsindən qorunduğu kimi gizlənir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşları cəmiyyətdə polis obrazını möhkəmlədirməklə məşğuldurlar. Onlar jurnalistlərin suallarını cavablandırmaqdansa, baş verən hadisəni necə ört-basdır örtməyin yollarını arayırlar və deyim ki, bu sahədə xeyli püxtələşmiş görünürlər. Nəqliyyat Nazirliyinin mətbuat xidmətində vəziyyət bərbaddır. Əli çıraqlı bütün jurnalistlərin axtarıb tapa bilmədiyi Namiq Həsənov bir də görürsən hansısa TV-də çıxış edir. Görünür, onun mavi ekran mərəzi var...”

Gün.az saytının müxbiri Fərid Ədalət Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətindən şikayətçidir. Jurnalistin sözlərinə görə, İcra hakimiyyətindən hər hansı məsələni dəqiqləşdirmək üçün 30-35 nömrəyə zəng vurmaq lazım gəlir: “Zəng edirsən hamı bir-birinə yönləndirir. Bir dəfə səbr etdim. Düz 33 nömrəyə yönləndirdilər. Təsəvvür edin ki, bir binanın içində 33 ayrı nömrəyə zəng vurdum. Amma yenə də hamı işi öz boynundan atdı. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti Kamran Əliyev ya zənglərə cavab vermir, ya da kobud davranır. Ondan informasiya almaq qəliz məsələdir. DİN də mətbuatla əlaqəsi zəif olan qurumdur. Söhbət gündəlik kriminal xronikanın yayılmasından getmir. Hansısa məsələdə DİN-dən münasibət öyrənmək çətindir. Mətbuatla əlaqəsi zəifdir”.

Musavat.com saytının əməkdaşı İlkin Muradov razılıq etdiyi nazirliklərin barmaqla sayılacaq qədər az olduğunu deyir: “1-2 nazirliyin mətbuat xidmətini çıxmaqla əksər nazirliklərin mətbuat xidməti ilə işləmək çətindir. Ya zənglərə cavab vermirlər, ya da “araşdırıb cavab verərik”, “Bizdə belə bir məlumat yoxdur” cümlələri ilə qısaca jurnalisti yola verirlər”.

Jurnalist hesab edir ki, əksər nazirliklərin mətbuat xidmətləri KİV-lərin sorğusuna cavab verməkdən çox, dərc olunan yazılar haqda təkzib məlumatları verməklə məşğul olur.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti