QİÇS həftəsi keçiriləcək

QİÇS həftəsi keçiriləcək
  18 Noyabr 2015    Oxunub:1849
Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) "Avropa İİV-ə testləşmə həftəsi” (European HIV Testing Week) çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlərin keçirilməsini planlaşdırır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatlarının iştirak edəcəyi bu möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyası noyabrın 20-dən 27-nə qədər davam edəcək.

Xatırladaq ki, ilk dəfə "Avropa İİV-ə testləşmə həftəsi” 20 beynalxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə 2013-cü ildə keçirilib. O zaman bu təşəbbüsə Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatları, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub.

Kampaniya ərzində keçiriləcək tədbirlər İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS haqqında biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədi daşıyır. "Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində keçiriləcək aksiyalar zamanı müvəqqəti İİV-lə bağlı könüllü müayinə və məsləhət məntəqələrinin təşkil olunması nəzərdə tutulub. Bu məntəqələrdə hər bir insan pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçib, 15-20 dəqiqə ərzində İİV-infeksiya daşıyıcısı olub-olmadığını müəyyən edə biləcək.

Aksiyaların Bakı və Salyan avtovağzallarında, mühacirlərin çoxluq təşkil etdiyi ərazilərdə, "28 Mall”, "Park bulvar”, "Metropark” Ticarət və əyləncə mərkəzlərində, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və digər şəhər və rayonlarda yerləşən ali təhsil ocaqlarında keçirilməsi planlaşdırılır.

Bununla yanaşı paytaxtda əhalinin sıx olduğu yerlərdə səyyar müayinə və məsləhət məntəqələri fəaliyyət göstərəcək. "Avropa İİV-ə testləşmə həftəsi” ərzində QİÇS-lə Mübarizə Mərkəzi mütəxəssislərinin paytaxt və regional telekanallarda çıxışları da nəzərdə tutulub. Bundan başqa Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakıda yerləşən avtobus dayanacaqlarındakı monitorlarında həftə ərzində İİV/QIÇS haqqında videoçarx nümayiş olunacaq. Eyni zamanda ölkədən Rusiya və Ukraynaya hərəkət edən qatarlarda İİV haqqında buklet və broşurlar paylanacaq və sair tədbirlər həyata keçiriləcək.

Təxmini hesablamalara görə, İnsanın İmmunçatışmazlığı Virusuna yoluxmuş hər üç avropalıdan biri bu virusun daşıyıcısı olduğunu bilmir. Bu virus uzun illər boyu özünü göstərməyə bilər, buna görə də yoluxmuş insanların çoxu bu infeksiyaya tutulmaları haqda çox gec xəbər tutur. Halbuki gec diaqnostika bu xəstəlikdən ölüm hallarını artırır. Mütəxəssislər hesab edir ki, İİV-in ilkin diaqnostikası üçün ən yaxşı metod ekspress-testdir.
"Avropa İİV-ə testləşmə həftəsi” nin məqsədi İİV-infeksiyasının sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların stiqma və diskriminasiyasına yol verilməməsidir.

Azərbaycanda "Avropa həftəsi” çərçivəsində aksiya geniş əhali təbəqəsinin, o cümlədən yoluxma riski yüksək olanların müayinəyə cəlb olunmasına, dövlət və ictimai təşkilatların bu epidemiyaya qarşı mübarizədə səylərini birləşdirməsinə, test təcrübəsinin digər ölkələrlə bölüşdürülməsinə, əhali arasında məlumatlılığın artırılmasına və s. imkan yaradır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət IIV-ə pulsuz,anonim diaqnostikanı və müalicəni təmin edir.




Teqlər:  





Xəbər lenti