AST Telman Göyçayda bu evdə yaşayıb - FOTOLAR

AST Telman Göyçayda bu evdə yaşayıb - FOTOLAR
  13 Noyabr 2015    Oxunub:23112
Son günlərdə maliyyə problemləri, dünyanın ən bahalı otelinin satılması ilə gündəmə gələn Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı AST Telman (Telman İsmayılovun) dünyaya göz açdığı Göyçay rayonundakı ata yurdu baxımsız vəziyyətdədir.

AzVision.az xəbər verir ki, Anspress-in əməkdaşları T.İsmayılovun ata yurdunda olarkən bunun şahidi olub. Qıfıl vurulan qapının onların ailəsinə məxsus olduğunu öyrənib yaxınlaşdıqda sadə və baxımsız, təmirə ehtiyacı olan bir evlə rastlaşdıq.

Qonşuların sözlərinə görə, Telman İsmayılov 1956-cı ildə məhz bu evdə dünyaya göz açıb. 12 uşaqlı ailənin 10-cu övladı olan AST Telmanın ailəsi uzun illər bu evdə yaşayıb. Təxminən 1963-1964-cü illərdə valideyinləri ilə Bakıya köçüb.



İş adamının keçmiş qonşusu Rafiq Bayramov ANS PRESS-ə bildirib ki, biznesmenin atası Mərdan kişi həmin vaxtlar Göyçay bazarında parça mağazasında işləyib. Hələ o dövrdə imkanlı və çoxlu qızıla sahib olduğundan ona lələ ləqəbi verilib. Ailənin yaşadığı ev isə elə o illərdə rayon sakini Vidadi Babayevin ailəsi tərəfindən satın alınıb.

V.Babayevin sözlərinə görə, uzun illər sonra Telman İsmayılovla Bakı şəhərində təsadüfən görüşsə də məhşur biznesmen doğulduğu evin məhz onun tərəfindən satın alındığını sonradan öyrənib.



Milyonçu iş adamının qardaşlarından ikisi dünyadan köçüb. Qardaşları ilə bərabər atası Mərdan kişi və anası Pəri xanımın məzarları da Moskvadadır. Digər bacı və qardaşları da Moskva ətrafı vilayətlərdə yaşayırlar. Məhşur biznesmenin həyat yoldaşı isə Quba rayonundandır. Onların Ələkbər və Sərxan adlı iki övladı var.

Dünyanın ən gözəl və lük otelini tikdirən və bir neçə gün öncəyə kimi 1 milyarddan artıq qiyməti olan otelə sahib olan AST Telmanın ata yurdunun mövcud vəziyyəti isə bizi təəccübləndirdi.



Xatırladaq ki, Telman Mərdan oğlu İsmayılov Azərbaycan əsilli rusiyalı iş adamıdır. 1973-1976-cı illər ərzində o, Azərbaycanın Xalq-Təsərrüfatı institutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alıb. Orduda xidmət etdikdən sonra isə təhsilini Moskva Xalq Təsərrüfatı İnstitutunda davam etdirib. Gələcək milyonçu bu ali məktəbi 1980-ci ildə başa vurub. 80-ci illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. Öz biznesini Telman İsmayılov kütləvi istehlak malları üzərindən qurmağa başlayıb.

1989-cu ildə AST şirkətini qurur. "AST" qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Bundan öncə Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizovskiy bazarı da həmin qrupa məxsus idi.

2009-cu ildə AST Telman Türkiyənin Antalya şəhərində 7 ulduzlu "Mardan Palace" adlı lüks otel açıb. 2013-cü il üçün "Forbes" jurnalının məlumatlarına əsasən Telman İsmayılovun sərvəti $0,75 milyard dollardır. AST Telman artıq iflasa uğrayıb.

Milyonçu atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlmişdi. Satışdan əldə olunan gəlirlərlə biznesmen köhnə borclarını bağlamağa çalışıb.




Teqlər:  





Xəbər lenti