Televizora səssiz baxanda...

Televizora səssiz baxanda...
  20 Fevral 2013    Oxunub:1235
Vüsalə Məmmədova

İnsafən, amansız həyatı yaşamaqda bizə tək köməkliyi telekanallarımız edır. Bütün həftəni çalışan insan həftə sonu əli cibinə girmədiyindən küçələrə axışmasın, aksiyaya-filana cəhd edib cəriməyə düşməsin deyə TV-lərimiz həftə sonu üçün lap əldən-ayaqdan gedir. Kim bunu görmürsə, nankordur!
Mən nankor deyiləm! Çünki televiziyaların (bütün sahələrdə olduğu kimi) düşmən gözü çıxardan inkişafının şahidiyəm. Buna ən son həftə sonu şahid oldum. Televizorun pultunu əlimə alıb yerli kanallarda “gəzişirdim” ki, gördüm Xəzər TV-nin kameraları yas evinə tuşlanıb.
Xalça ilə döşənmiş evdə qadın-kişi bir yerdə olsa da, hərəsi bir tərəfdən sıra ilə sakitcə yerdən düzülüb oturmuşdular. Ayaqlarına yer tapa bilməyən, hətta artıq ayaqları uyuşan bu adamların üzündən aydınca oxunurdu: “Molla fatihəni nə vaxt verəcək ki, qalxaq?” İki qadından birinin əlini ağzına tutub o birinin qulağına nəsə danışması, o birinin ağır məclisə uyğun təmkinlə əlləri dizinin üstündə başı ilə eşitdiklərini təsdiqləməsi efirdən yas məclisi yayımladıqlarına məndə heç bir şübhə yeri qoymadı.
Hə, onu deməyi unutdum axı. Yanlış anlamayın, mən pultu əlimə alıb öz kanallaırmıza çevirməzdən əvvəl, “nə olar, nə olmaz” deyib, uşağı-böyüyü düşünüb, əvvəlcə şəhadət barmağımı “mute” düyməsinə aparıram. Bu dəfə də ehtiyatı əvvəlcədən görmüşdüm deyə, kimin yası olduğunu ilk baxışdan anlamadım. Bir nəfər evin ortasında ayaq üstə dayanıb, xəbəri gec eşidib dəfnə yetişməyən, rayondan özünü mərhumun “üçünə” güclə çatdıran nisgilli qohumlara bənzəyirdi. Yoldan gəldiyi həm də ondan bəlli idi ki, ayağının birin götürüb, o birin qoyurdu. Nə isə, təfərrüata varmayaq, Siz məni başa düşdüz.
“Yox e, kimsə ölüb” deyib “mute” düyməsinə toxunduqda nə qədər qaramat olduğumu anladım. Sən demə ölkənin ən tanınmış aparıcılarından biri bir dəstə müğənnini evində qonaq edib veriliş çəkir. O rayondan özünü güclə çatdırdığın sandığım qadın isə müğənni imiş, o cür oynaya-oynaya mahnı oxuyurmuş. Mən isə iraq evdən-eşikdən, elə bilirəm ölüb-eləyən var. Harda görmüşəm e? Düzdür, dünyada verilişini şəxsi mülkündən, ofisindən, avtomobilindən, lap yaxtasından da yayımlayan teleulduzlar var. Mən isə bozumtul ölkənin qara vətəndaşı hardan düşünə bilərdim bunu? Heç ağlıma da gəlməzdi, əgər aparıcı qonaqlardan birinə belə deməsəydi:
- Sən hara getsən əliboş gedirsən? İrəhmətliyin qızı, bu boyda imarətə gəlmisən, əlinə bir şey ala bilmirdin?
Sonra əli ilə yanında əyləşən, xalq arasında özlərin nazir kimi aparan, uşaq saflığı ilə sanki indicə ayaqlarını uzadıb motal-motal oynamağa hazırlaşan kişi müğənniləri göstərdi ki, “onlar mənim evimə əli dolu gəliblər”.
Bu həftə sonu efirlərindən bir neçə dəqiqəlik görüntü idi. Amma bilirəm ki, onlarla belə əyləncə səbəbi göstərsəm də Siz yenə narazı olduğunuzu deyəcəksiz. Anası ölməmiş TV-lər fikrinizin əyri-üyrü yollara düşməməsi üçün bundan artıq neyləsinlər? Adam, üzr istəyirəm, adam Sizsiz. O boyda teleulduz Sizin həftə sonunuz üçün o boyda imarətinin qapısın bir dəstə manısın üzünə açır, Siz isə elə nankorluğunuzda qalırsız... Bu ölkənin televiziyası evinizə gəlir, Sizi evinə dəvət edir, hətta xalqın ağır vəziyyətini, cəmiyyətdə baş verən xoşagəlməz hadisələri belə görməməyiniz üçün onu Sizdən ciddi-cəhdlə gizlətməyə çalışır. O Sizdən yaxşı düşünür ki, bunun xəstəsi var, qocası var, uşağı var, uşaq planlayanı var... Siz isə... Sabir demiş:
Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!...
Bu arada, Sabirə şəkk edirsizsə, Orxan Pamukdan bir misal çəkim. “Bizim kimi bədbəxtlər aləmində film həqiqətin və bədbəxtliyimizin həqiqi rəsmini göstərmək əvəzinə, bizim başımızı qatacaq, xoşbəxt edəcək yeni bir aləm yaratmalıdır!”
Alın Sizə film kimi həftə sonu! Amma yenə kifayətlənmirsiz... Pamuk həm də onu deyirdi ki, “Dünya canavar ruhlu adamlarla doludur”... Heç şübhə etmirəm ki, bu fikri deyəndə gözləri bizə sataşıb...


Teqlər:  





Xəbər lenti