Akif Əlizadə prezidentin qarşısında nədən danışdı?

Akif Əlizadə prezidentin qarşısında nədən danışdı?
  10 Noyabr 2015    Oxunub:2366
"Qədim sivilizasiyanın əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edib. Bugünkü Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və püxtələşmiş Azərbaycan elminin varisidir".
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə səsləndirib.

Akademik daha sonra çıxışını davam etdirərək AMEA-nın qədim və zəngin tarixindən bəhs edib: "Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaradılıb. 1945-ci il martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma tarixini böyük ümumi yığıncaqla qeyd edib. Bu, Azərbaycanın həyatında yeni atributun yaranmasını göstərən təntənəli hadisə idi. Azərbaycan elminin ənənələrini davam etdirən Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət ediblər. Mən onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusuf Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb. Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə töhfələri, respublika qarşısında duran problemlərin həllindəki rolu da artmaqda idi. 70 il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. Onların şərəfli əməyi layiqincə qiymətləndirilib, Azərbaycan alimləri yüksək dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülüblər. Bu proses - alimlərimizin əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması bu gün də davam etməkdədir".

A.Əlizadə Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələnin 1970–1985-ci illəri əhatə etdiyini bildirb: "Akademiya tarixinin bu mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Akademiyanın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başladı. SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi. Xoşbəxtlikdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər Akademiyası öz bütövlüyünü qoruyub saxlaya bildi. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi özümüzə və gələcəyimizə inam hissini qaytarmaqla, xalqımızın tarixi yaddaşında milli ideallara fədakarcasına xidmətin nümunəsi kimi qalacaqdır. İki faktı qeyd etmək kifayətdir. Biz iqtisadiyyatımızın ən çətin dövründə UNESCO çərçivəsində dahi Məhəmməd Füzulinin 500 illiyini və möhtəşəm Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini böyük təntənə ilə qeyd etdik. Bütün bunlar əslində, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə xidmət edərək xalqımıza onun milli mənəvi irsinin qaytarılması yolunda çox mühüm addımlar idi".

Akademik Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə olunduğunu xüsusi vurğulayıb: "Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” və 2012-ci ilin dekabr ayında xüsusi Fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma prosesinin və informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər qoyduğu bir mərhələdə bizi dövrün çağırışlarına cavab verməyə səfərbər edir. Hörmətli cənab Prezident, Sizinlə bu zalda, Akademiyanın ümumi iclasında dörd il bundan əvvəl görüşmüşdük. Bu illər ərzində həm Akademiya institutlarının xarici görkəmi kəskin surətdə dəyişib, həm də islahatlar proqramlarının böyük qismi gerçəkləşdirilib. Gözəlləşmiş Akademiya şəhərciyinə xüsusi rövnəq verən Elmi Kitabxananın və Milli Ensiklopediyanın yeni binalarının qısa zamanda tikilib istifadəyə verilməsi ölkəmizdə elmin inkişafına yüksək diqqət və qayğınızın göstəricisidir. Möhtərəm cənab Prezident, o görüşümüz zamanı qaldırılmış bir çox məsələlər də artıq ya öz həllini tapıb, yaxud tapmaqdadır. Elmə yüksək qayğınıza görə Sizə bir daha bütün alimlər adından dərin minnətdarlığımızı bildiririk".

Daha sonra AMEA prezidenti Akademiyanın kollektivinin 70 illik yubileyə əliboş gəlmədiyini, dəyərli elmi əsərlər və monoqrafiyalar hazırlandığını diqqətə çatdırıb: "Bu əsərlərin nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Bu, bizim yubiley hədiyyəmizdir. Amma bu çoxsaylı nəşrlərin sırasında bir nəşr bizim üçün xüsusilə əzizdir. Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artıran şəxsiyyətlərin fəaliyyətini görmək olar. Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır, həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi çəkən bu tarix gələcək nəsilləri də maraqlandıracaq. Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən çətin və ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır və inkişaf edir".

Çıxışının sonunda A.Əlizadə elmə göstərilən diqqət və qayğıya görə Azərbaycan elmi ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti