İş adamı özünü niyə öldürmək istədi? - Açıqlama

İş adamı özünü niyə öldürmək istədi? - Açıqlama
  08 Noyabr 2015    Oxunub:3233
İntihara cəhd edən şəkili iş adamı Aytən Mahmudova borclu olması barədə mətbuatda yazılanlara münasibət bildirib.
İş adamı “Report”a açıqlamasında bildirib ki, əslində intihara cəhd etməsinə səbəb bəzi KİV-lərin yazdığı kimi borclu olması deyil, ona qarşı edilən dələduzluqdur: “Neçə illərdir ailəvi dostluq etdiyim Aynur Məmmədova və əri Rahim Məmmədov birlikdə mənə qarşı dələduzluq ediblər. Mən onlara etibar edib satmaq üçün təxminən 40 min dollar dəyəri olan qızıl-zinət əşyları vermişəm. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlar nə pulu verirlər, nə də qızıllarımı qaytarırlar. Üstəlik, qızıllarımı istəyərkən onlar mənim şərəf və ləyaqətimi də təhqir edirdilər. Mən borcumun qaytarılmamasına və təhqir edildiyimə dözə bilməyərək intihar etmək istədim. Lakin həkimlərin sayəsində sağ qaldım, onlar mənim həyatımı xilas etdi”.

A.Mahmudova hazırda məsələ ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparıldığını bildirib: “Rahim Məmmədov prokurorluqda ifadə verib. Lakin həyat yoldaşı Aynur Məmmədova ifadə verməkdən yayınır. Əri deyib ki, guya o, xəstələnib, ona görə də ifadə verməyə gələ bilmir”.

A.Mahmudova Məmmədovlara verdiyi qızıllarını və ya həmin qızılların pulunu qaytarılmasını və onu intihar həddinə çatdıranların cəzalandırılmasını istədiyini söyləyib: “Mən dövlətimə, onun hüquq-mühafizə orqanlarına, o cümlədən başda Şəki rayon prokuroru Elmar Camalov olmaqla Şəki Rayon Prokurorluğuna inanıram. Əminəm ki, prokurorluq işi obyektiv araşdıraraq haqqımın özümə qaytarılmasını və günahkarların cəzalandırılmasını təmin edəcək”.

Qeyd edək ki, hadisə noyabrın 4-də baş verib. Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib. O, zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Reanimasiya şöbəsinə yerləşdirilən iş adamına lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.


Teqlər:





Xəbər lenti