Saxta pul kəsən: “Toylar qurtardı, bu işə başladım” - Video

  03 Noyabr 2015    Oxunub : 1904
Saxta pul kəsən: “Toylar qurtardı, bu işə başladım” - Video
Tərtər polisi saxta pul kəsən şəxsləri saxlayıb.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, Tərtər rayonunun Əskipara kəndindən olan iki dost - Məmmədli Fərid Bahadur oğlu və Səxavət Axundlu şəhər sakini Qanboy Tanrıverdiyevin Tərtər Rayon Polis Şöbəsinə şikayəti əsasında tutulub.

İlkin baxış zamanı Fərid Məmmədlinin üzərindən 1 ədəd 20 manatlıq, 34 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq, Səxavət Axundlunun yaşadığı mənzilə baxış zamanı isə 1 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əsginas aşkar edilərək götürülüb. 20 yaşlı Fərid Məmmədli əsginasları printerdə çap etdiyini etiraf edib:

"Videooperatoram. Toylar qurtardı, bu işə başladım. İmkansızlıqdan başladım".

18 yaşlı Səxavət Axundlu isə Fəridin güdazına gedib. O, dostunda gördüyü saxta pula həvəslənərək 170 manatlıq saxta əsginası 75 manata alıb. O, hələ də özünü Fəridə borclu hesab edir:

"Fəriddə gördüm dükanın qarşısında, siqaret alırdı. Pulları görəndə elə bildim saxta deyil. Sonra soruşdum, dedi ki, bəs belə... Dedim, 170 manat verdi, 75 manat müqabilində razılaşdıq. Həmin axşamı Qanboy adlı şəxsə - dükana 20 manat verdim - 2 dənə 10 manatlıq. Siqaret-zad aldım. Getdim evə. Səhəri gün polis əməkdaşları məni tutdu, gətirdi bura. 75 manat verəcəkdim, verə bilmədim. Tutulduğuma görə hələ də borcluyam".

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Teqlər: