Azərbaycandakı seçkilər dünya mətbuatında

Azərbaycandakı seçkilər dünya mətbuatında
  01 Noyabr 2015    Oxunub:2285
Rusiyanın TASS agentliyi bu gün Azərbaycanda keçirilən parlament seçkiləri haqqında yazıb.
Yazıda bildirilir ki, saat 8:00-dan başlayaraq 125 dairədə 5547 seçki məntəqəsi seçicilər üçün açılıb: “Səsvermə 19:00-da başa çatacaq. Ölkədə 5 milyon 200 min seçici var. Onlardan 63,5 mindən çoxu ilk dəfə səs verəcək. 1,2 milyon gənc seçici var. Ən yaşlı seçici Ağdaş rayon sakini 125 yaşlı Gözəl Dadaşovadır”.

TASS yazır ki, səsvermə prosesini 60 mindən çox yerli, 503 beynəlxalq müşahidəçi izləyəcək: “Təkrar səsvermənin qarşısının alınması və bir seçicinin yalnız bir bülletendən istifadə etməsi üçün ultrabənövşəyi mürəkkəbdən istifadə olunur. Seçki prosesinin internetdən izlənməsi üçün 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilərdə iki yerli və iki xarici təşkilat “exit-poll” aparır”, - deyə agentlik məlumat verib.

Bundan başqa “Rossiya 24” kanalı Azərbaycanda keçirilən parlament seçkiləri prosesi ilə bağlı informasiya yayıb. 125 yer uğrunda 767 nəfərin mübarizə aparacağını yazan Rusiya saytı qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, seçkilərdə müxalifət partiyaları da iştirak edəcək.

İnformasiyada qeyd olunur ki, seçkiləri 503 beynəlxalq müşahidəçi izləyəcək. “Rossiya 24” kanalı onların Rusiyadan, Belarusdan, İsraildən və digər ölkələrdən olduğunu bildirir. Eyni zamanda məlumatda AŞPA-dan olan müşahidəçilərin də seçkilər prosesini izlədikləri qeyd olunur.

Sonda bildirilir ki, seçkilərdə 5 milyon 200 min nəfər ölkə vətəndaşı səsvermə hüququna malikdir və onlardan 500 nəfəri 100 yaşdan yuxarıdır.


Teqlər:  





Xəbər lenti