Lənkəranda kritik vəziyyət - Kəndlər su altında qala bilər

Lənkəranda kritik vəziyyət - Kəndlər su altında qala bilər
  31 Oktyabr 2015    Oxunub:4212
Son günlər yağan intensiv yağışlar cənub rayonlarında ciddi fəsadlar yaradıb. Hazırda Lənkəranda fövqəladə hal müşahidə olunur.

Lənkəran şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Lənkəran çayı və digər ərazilərdəki çaylar, kanallar və suaxar arxlar seli ötürə bilmədiyinə görə artıq su çökək yerlərlə hərəkət edərək qəsəbə və kəndlərə daxil olub, evlər, həyətlər, təsərrüfatlar su altında qalıb.

Lənkəran çayının daşması nəticəsində rayonun Yuxarı Nüvədi və Sütəmurdov kəndələrində sahilyanı evlər su altında qalıb. 18 evin sakinləri FHN-nin əməkdaşları tərəfindən təhlükəsiz yerə köçürülüblər.

İH-dan onu da bildirblər ki, rayonun Bürcəli və Şürük kəndlərində 35 ev və həyət təsərrüfatını su basıb.

Dağ çaylarından toplanan sel bir çox qəsəbə və kəndləri subasma təhlükəsi yaradıb. İstisu qəsəbəsində ciddi təhlükə yaratdığından çay sahili ərazilərdən 100-dək ailə köçürülüb. Selin təsirindən həmin qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində daha bir dəmir-beton konstruksiyalı körpü uçduğundan nəqliyyat əlaqəsi kəsilib.

Girdəni kəndi ərazisində də ciddi təhlükə yarabnıb. Çayın daşdığından həyətlər su dolub və 200-dək evin sakinləri təhlükəsiz yerə köçürülüblər. Vilvan kəndi ərazisində də güclü yağışlar yağdığndan çaylarda daşqın baş verib, 50-yə yaxın ev su altında qalıb. Daşan çay dəmir-beton konstruksiyalı avtomobil körpüsünün bir hissəsi ucarub ki, nəticədə120-dən çox ailənin yaşadığı məhəllə ilə nəqliyyat əlaqəsi kəsili. Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Dağlıq ərazidə yerləşən Biləsər, Alazəpin, Daşdatük, Tuədo, Köhnəgəgir, Gəgiran və Diryan kəndləri ərazisində dərələrdən yığılan yağış suları güclü selə çevrilərək torpaq sürüşmələrinə səbəb olub.

Nəticədə avtomobil yolu bağlanıb, nəqliyyat əlaqəsi kəsilib, elektrik dirəkləri və naqillər sıradan çıxıb. Daşqınlar 6 piyada dəmir körpünü də yuyub aparıb.

Lənkəran çayı boyunca yerləşən Siyobili, Təngivan, Şovu və Əşlə kəndlərində sel kəndarası yollarını yuyub və Siyabili kəndində avtomobil körpüsünü dağıdıb.

Biləsər və Gəgiran kəndlərində dağ yamaclarına yaxın yerlərdə tikilmiş 8 ev torpaq sürüşməsi və çökməyə məruz qalaraq istifadə üçün təhlükəli vəziyyətə düşüb.

Əldə etdiyimiz məlumata görə, hadisə ilə əlaqədar olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə rayon fövqəladə hallar komissiyasının təcili yığıncağı keçirilib, əlaqədar təşkilatların vəziyyətlə bağlı məlumatları dinlənilib və zəruri tədbirlər müəyyənləşdirilərək icrasına başlanılmışdır. İlk növbədə müvafiq texnika cəlb olunub sahilyanı torpaq və daş dalaqları ilə bəndvurma tədbirləri görülüb.

Lənkəran İcra Hakimiyyətindən bildirilib ki, Havzava kəndi ərazisində mövcud olan gölün qoruyucu bəndinin dağılmasının qarşısı alınaraq aşağı ərazidə yerləşən evlər daşqından xilas edilib.Boladı çayının daşması nəticəsində sahil boyu sel həyətlərə daxil olub, 300-ə qədər evi və iri heyvandarlıq təsərrüfatı olan fermanı su basıb, 1 dəmir konstruksiyalı körpu uçub, hazırda həmin ərazidə daşqın güclənir:

“Qumbaşı çayının səviyyəsi qalxmaqda davam edir, Qumbaşı çayının sahili boyunca torpaq və qum qarışığı ilə bəndvurma işi aparılır. Buna baxmayaraq suyun səviyyəsi 5 sm də qalxarsa, çay macarasından çıxaraq həyətləri basacaq.

Leysan yağışlar əhaliyə ciddi ziyan dəyib, fərdi təsərrüfatlarda əkinlər sıradan çıxıb, kənd yerlərində yol infrastrukturuna ciddi ziyan dəyib, bəzi yerlərdə selin gətirdiyi lilli çöküntülər yolları keçilməz vəziyyətə salıb, dağlıq ərazilərdə elektrik dirəkləri, naqillər, rabitə xəttləri sıradan çıxıb. Ümumilikdə 500 yaxın ailə təhlükəsiz əraziyə köçürülüb, 1300 yaxın yaşayış evi subasmaya məruz qalıb”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti