`Bəzi namizədlər çörək almağa pul tapmır` - KİV rəhbərləri

`Bəzi namizədlər çörək almağa pul tapmır` - KİV rəhbərləri
  15 Oktyabr 2015    Oxunub:2433
Azərbaycanda keçiriləcək parlament seçkilərinə cəmi 16 gün qaldı. Oktyabrın 9-dan başlayaraq namizədlərin təbliğat və təşviqat kampaniyasına start verilib.

Bəzi namizədləri Milli Məclisin hazırki tərkibindən tanısaq da üzə çıxmayan namizədlər də var. Əvvəlki dövlərdən fərqli olaraq bu ilki seçkilərdə namizədlərin reklam kampaniyası tam fərqli məcrada davam edir. Bundan öncə deputat olmaq istəyənlər seçki platformalarını qəzetlərdə, telekanallarda təqdim edirdilərsə, indi ödənişsiz olduğu üçün sosial şəbəkələrə üstünlük verilir.

Görünən mənzərə onu deməyə əsas verir ki, namizədlər özlərini reklam etmək üçün əllərini ciblərinə salmağa o qədər də həvəsli deyillər.

Baş redaktorlar da namizədlərin “xəsis”liyindən gileylənir...

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı hesab edir ki, insanlar artıq mediaya az maraq göstərir və bunu deputatlığa namizədlər də bilir. Birlik sədri hətta namizədlər barədə aparılan qara piara belə, o qədər də reaksiya verilmədiyini deyir: “Amma əvvəllər hər hansı mətbu qurumda deputatlığa namizədlə bağlı tənqidi məlumat verilirdisə, dərhal ona cavab da gəlirdi. Bu, ondan irəli gəlir ki, biz ümumilikdə etibarlılığı itirmişik. İkinci sosial media burada əsas faktordur. Aktiv insanlar sosial mediadadırlar. Demək ki, burada mətbuata xüsusilə də, qəzetlərə heç ehtiyac qalmır”.

E.Eyvazlının sözlərinə görə, şanslı namizdələrin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüblər ki, onlar da ancaq partiyanın mətbu orqanına reklam verirlər.

PJB sədrinin fikrincə, hər halda namizdələrin mətbuata üstünlük verməmələri açıq görünür: “Onlar seçki təbliğatında media ilə işləməkdə maraqlı deyillər. Bilmək lazımdır ki, bütün dünyada bu var. Bu ümumi mənzərədir. Mən seçkidən öncə redaktor dostlara müraciət etdim ki, namizdələrin reklam məsələsi ilə bağlı bir blok yaradaq. Onlara reklamla bağlı aparıcı medianın təkliflər paketinin təqdim edək. Müəyyən razılaşmalar olsa da, sonradan dostlar buna o qədər də önəm vermədilər. Uduzan da elə özləri oldu. Bu məsələdə ciddi media bir arada olsaydı, xeyli irəliləyişlər mümkün idi”.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı deyir ki, artıq 10-dan artıq namizədlə müqavilə bağlanılıb. Holdinq rəhbəri deyir ki, bu il üstünlüyü sosial şəbəkələr götürdüyündən əksər namizədlər “Facebook”da sponsorlu reklamlar, pullu reklamlar verirlər: “Demək olar ki, bu günə kimi görmədiyimiz namizədlər də sosial şəbəkəyə gəliblər. Reklamlarını daha çox sosial şəbəkə üzərindən qururlar. Açıq deyim ki, online mediada deputat seçkilərinin , xüsusilə sosial şəbəkələrdə bu cür iş aparmalarını uğurlu hesab etmirəm. Şəxsən mən deputatlığa namizəd olsaydım, sosial şəbəkədə bu cür təbliğat aparmazdım. İstənilən millət vəkili lokal dairə ilə işləyir. Millət vəkili seçiləndən sonra sosial şəbəkələrdə iş qurmaq doğru olar. Hesab edirəm ki, namizədlik kampaniyasının sosial şəbəkələrdə aparılması uğurlu deyil. Amma bu gün onlar buna daha çox üstünlük veriblər”.

V. Mahirqızı hesab edir ki, ictimai-siyasi ağırlığı çox olan saytlarda müəyyən namizədlər öz kampaniyaslarını aparırlar. “Amma razılaşırıq ki, ümumilikdə internet media baxımından namizədlərin təbliğat-təşviqat kampniyası ürəkaçan deyil”.

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud isə düşünür ki, məsələ reklamla həll olunmadığından reklam da verən yoxdur. Redaktor onu da bildirib ki, zaman dəyişdiyindən təbliğat-təşviqatın da forması dəyişib: “Burada sosial şəbəkələrin də payı var. Sosial şəbəkələr Azərbaycanda geniş inkişaf edib. Namizədlərin təşviqatının bir hissəsi haradasa sosial şəbəkələrin payına düşür. Onlar öz elanlarını, reklamlarını orada yerləşdirilər”.

Baş redaktorun sözlərinə görə, bu il qıtlıq olduğundan namizədlər əlavə xərclərə pul ayırmaq istəmirlər: “İmkanlar məhdudlaşıb, maliyyə çətinləşib. Pulu sağa-sola, hara gəldi xərcləmək yoxdur. Digər səbəbdən isə namizədlərin çoxu cibi boş namizədlərdir. Bəziləri var ki, evə çörək almağa pulu yoxdur, amma deputatlığa namizədliyini verib. Bilir ki, deputat seçilməyəcək, amma tanınmaq, milləti girinc etmək üçün namizədliyini verir”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev isə həmkarları ilə razılaşmır. O hesab edir ki, bəzi saytlarda əvvəlki seçki proseslərindən fərqli olaraq namizədlər öz təbliğat materiallarını yerləşdirmirlərsə, bu heç də təbliğat-təşviqat kampaniyasının sönük keçməsi demək deyil: “Birincisi, indi əvvəlki dövrlərlə müqayisədə xəbər saytlarının sayı dəfələrlə artıb, yəni namizədin kampaniya üçün xərclədiyi pul artıq daha çox mənbə arasında bölüşdürülür. Digər tərəfdən, təbliğatın KİV vasitəsi ilə aparılmasında xərclər ixtisar olunub. Özünüz də fikir verirsiz ki, sosial şəbəkələrdə hər tərəfli təbliğat aparılır. Yəni sosial şəbəkələrin geniş ictimaiyyət arasında populyarlığını nəzərə alaraq bir sıra namizədlər reklam pullarının böyük hissəsini oraya yönəldirlər. Artıq bir neçə gündür ki, başlayan təbliğat-təşviqat kampaniyasını izləyən bir şəxs kimi deyə bilərəm ki, kifayət qədər aktivlik var, namizədin reklam işlərində yeniliklər tətbiq olunur”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti