Evlənmək, içmək, gülmək olmaz... - 40 günlük qadağa

Evlənmək, içmək, gülmək olmaz... - 40 günlük qadağa
  15 Oktyabr 2015    Oxunub:66752
Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, aşura günü cari ilin oktyabrın 24-nə təsadüf edilir.

QMİ-dən verilən məlumata görə, yəni 1437-cü ilin başlanğıcı-Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2015-ci il oktyabrın 15-nə təsadüf edilir.

Məhərrəmlik ayının tarixi

Hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.



Şiə təriqətinə mənsub olanlar indiyə qədər də Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cü günü, yəni Qətl sınan gün, yaxud da başqa adla Aşura günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.

Bu ayda nə etmək olmaz?

El arasında formalaşan fikirlərə əsasən Məhərrəmlik ayında bunlar qadağandır:

-Elçi getmək, toy mərasimləri keçirmək, şadyanalıq etmək, içki məclisləri təşkil etmək, bayram tədbirləri, konsertlər, təmtəraqlı ad günü məclisləri keçirmək

Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.

Aşura günü məscidlərdə zəncirlə özünü vurub qan çıxartmaq heç də düzgün sayılmır. Bunun əvəzinə həmin gün qan vermək olar. Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur.



Məhərrəmlikdə saç kəsdirmək, boyamaq kimi məsələlər də həmişə insanları narahat edib. Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur.

Haram ay kimi qəbul olunan Məhərrəm ayında ad günü süfrəsi açmaq,sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar?

Məhərrəm ayı uzun əsrlərdir ki, Kərbəla şəhidlərinin xatirəsinə matəm ayı kimi qeyd edilir. Bu ayda şənlik mərasimləri keçirmək məsləhət deyil. Amma siz gələn qonaqlar üçün İmam Hüseyn ehsanı verib, övladınızın ad gününü belə bir savab iş görməklə qeyd edə bilərsiniz.

Təəssüflər olsun ki, el arasında belə xurafat fikirlər dolaşır. Əslində isə bu günlərdə sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar.

Məhərrəmlik ayının maddi və mənəvi tərəfləri

Məhərrəmlik ayı dini inanclarla yanaşı iqtisadi baxımdan da insanları düşündürür. İnanclı təbəqənin Məhərrəmlik ayında 40 gün yas saxlaması bir sıra biznes sahələrində təsirsiz ötüşmür.

Hətta elçi düşmək istəyənlər “Məhərrəmlik” girməmiş xeyir işlərini tez-bazar görürlər ki, bu aya təsadüf etməsin. Məhərrəm ayının gəlişi şadlıq evlərinin toy bazarını demək olar ki, alt-üst edir. Bu ay nə toy edən olur, nə də elçi düşən. Toy alverinin bağlanması ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə öz təsirni göstərir. Bu da öz növbəsində, iqtisadiyyatdan da yan keçmir.



İqtisadçı ekspert Nazim toy sektorunun zəifləməsini iqtisadiyyata mənfi təsir göstərdiyini hesab edir: “1400 il bundan əvvəl baş vermiş hadisəni bugunki inkişafın modelinə uyğunlaşdırmaq düzgün hal deyil. Bu baxışları dəyişdirmək lazımdır. Bu ayda insanların toy, nişan keçirməməsini doğru hesab etmirəm. İnsanlar öz inancları ilə başqalarına təsir etməməlidirlər.

Hətta insan planlaşdırılması, iqtisadiyyatın proqramlaşdırılması nöqteyi-nəzərdən doğru deyil. İnsanlar çalışırlar ki, “Məhərrəmlik” ayına qədər şadlıq evlərində yer tutsunlar, bu, insanların normal planlarına mənfi təsir göstərir. O obyektlərdə, restoranlarda işləyən insanların bir neçə ay ərzində işsiz qalması , praktiki olaraq, yerlərinin dəyişməsi bu kadrların normal seçilməməsinə gətirib çıxardır”.

İqtisadçı bildirib ki, “Məhərrəmlik” ayında toyların olmamasının iqtisadiyyata nə qədər ziyan dəyməsi rəsmən hesablanmasa da, bu rəqəm kifayət qədərdir.



“Belə bir hesabat aparılmır. Amma toy olmursa, bazarda alış-veriş də zəifləyir, toy olmursa ərzaq alveri də dayanır, müxtəlif mebel dükanlarına, qızıl alveri ilə məşğul olanların bazarına təsir edir, onların gəlirləri azalır. Toy sektoru iqtisadiyyatın aparıcı hissəsidir. Amma toy sektorunda qeyri-normallıq var. Həm gəlirlərin hesablanması , həm müğənnilərin vergi verməməsi, həm də şadlıq evlərinin sahiblərinin vergidən yayınması baxımından mənfiliklər var. Ancaq bu sektor kifayət qədər oturuşmuş sektordur. İldə dini nikaha girənlərin sayı 80 min nəfərdir. Əgər bunların 90 faizi şadlıq evlərində toy edirlərsə, bu o deməkdir ki, burada kifayət qədər vergi potensialı var və toy sektorunun iqtisadiyyata dəstəyi var. Ancaq bunun da çox hissəsi “kölgə” iqtisadiyyatıdır, yəni vergidən yayınma”-deyə eks-deputat bildirib.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti