Məhərrəmlik nə vaxt başlayır? – Fətva verildi

  13 Oktyabr 2015    Oxunub : 10926
Məhərrəmlik nə vaxt başlayır? – Fətva verildi
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb.

Daha sonra çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayından, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb. Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayan Şeyx qeyd edib ki, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələr verilib:

`Din xadimlərinin möizə və xütbələrində vətənpərvərlik hislərinin aşılanması vacibdir və milli, habelə məzhəb ayrı-seçkiliyinin təbliği qəti yolverilməzdir. Məsələyə nəzarət daha da gücləndiriləcək və xətaya yol verənlər müvafiq qaydada cəzalandırılacaqlar`.

Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

Tədbirdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı 1437-ci hicri ilinin təqvimini də təqdim edib.

Teqlər: