Ey hörmətli müəllim! - FOTOLAR

Ey hörmətli müəllim! - FOTOLAR
  05 Oktyabr 2015    Oxunub:8870
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu peşə bayramını qeyd edirlər. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.

Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır. Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan edib. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki kimi aktual olmayıb. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü ilə əlaqədar Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə fəxri adlar və “Tərəqqi” medalı verilib.

Bayramınız mübarək, əziz müəllimlər!

AzVision.az Bakıda yerləşən 258 nömrəli orta məktəbdən çəkilən görüntüləri təqdim edir:

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti