Kim haqlıdır: MTRŞ, yoxsa televiziyalar?

Kim haqlıdır: MTRŞ, yoxsa televiziyalar?
  03 Oktyabr 2015    Oxunub:4779
Son günlər Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə telekanallar arasında gərginlik pik həddə çatıb. Bəzi verilişlərinin bağlanmasına etiraz olaraq ANS MTRŞ-ni məhkəmə ilə hədələyib, qurum haqqında etiraz dolu ittihamlar səsləndirib.

ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Direktoru Mir Şahin Ağayev hesab edir ki, reytinqli verilişlərin bağlanması MTRŞ-nın tərəzli mövqeyindən xəbər verir.



“MTRŞ-nın bizim verdiyimiz qərara belə ağır ittihamlardan yarlıq quraşdırması artıq bütün hüdudları keçir. Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm. İki televiziya kanalında eyni tip layihəyə tam fərqli yanaşma. Digər məsələ.

MTRŞ niyə və maraqlıdır ki, tələsib?! Sanki hansısa sosial şou ilə yox, Xoşqədəm Hidayətqızıyla şəxsən mübarizə aparır. Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla. Təəssüf...”-deyə Mirşahin Ağayev qeyd edib.



Qarşı tərəf Mirşahin Ağayevin ittihamlarını cavabsız qoymayıb.

Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov verilişlərin bağlanmasına etiraz edən şirkətin vitse-prezidenti Mirşahin Ağayevə cavab verib. MTRŞ rəsmisi bildirib ki, adıçəkilən verilişlərin bağlanmasına etiraz edənlərin qanundan xəbəri yoxdur.Onun sözlərinə görə, MTRŞ-nın Monitorinq şöbəsinin araşdırmalarında da ANS telekanalında efirə gedən “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni”verilişlərində çoxsaylı qanun pozuntuları olub.

Bu qovğanın qızışdığı bir məqamda ortada sual yaranır: Kim haqlıdır: MTRŞ, yoxsa telekanallar?



“Milli Televiziya və Radio Şurası tərəfindən bəzi verilişlərin bağlanması dorğu addım idi. Amma elə problemlər var ki, onların həlli bundan da vacibdir”.

Bu fikirləri AzVision.az-a media üzrə ekspert Zeynal Məmmədli MTRŞ tərəfindən bəzi verilişlərin bağlanmasına münasibət bildirərkən deyib.

Mütəxəssis hesab edir ki, MTRŞ tərəfindən verilişlərin bağlanmasının bir neçə səbəbi var.

Onun sözlərinə görə, MTRŞ bu addımı ilə varlığını hiss etdirmək istəyir. “Azərbaycan telekanallarında şou proqramların, əyləncə xarakterli verilişlərin bayağı olması dəfələrlə deyilib. Amma nəzərə almırlar ki, bazar iqtisadiyyatıdır. Bəs, sonda niyə televiziyaların yaradıcılığına bu və ya digər şəkildə mane olunur?”.

Z.Məmmədli bu məsələdə MTRŞ-nın haqlı olduğu məqamların çox olduğunu deyir. Onun sözlərinə görə, Şura özünün haqlı olmasını da haqlı vasitələrlə deməlidir.

“Milli Televiziya və Radio Şurası özü də bilir ki, toxunduğu problemi həll etmə yolu yalnışdır. MTRŞ müstəqil qurum deyil və qərarlarını müstəqil vermir. Çünki o qərarlarını müstəqil versəydi, televiziyaların bundan da böyük problemləri var. Bu problemlərdən biri xəbər televiziyasında plüralizm yoxdur. Elə ANS-in özündə vaxtilə çox aktual mövzularda olan tok-şoular, disskusiyalar, debatlar, canlı proqramlar var idi, amma indi niyə yoxdu?.

MTRŞ istər siyasi, istər iqtisadi, istər mənədi baxımdan bu problemləri önə çəkməlidir. Televiziyada dövlət büdcəsinə ayrılan, MTRŞ bir vaxtlar payladığı serial vəsaitinin bəsit şoulara xərclənməsindən narahat olmalıdır”.

Z.Məmmədli onu da qeyd edib ki, yüksək reytinqli verilişlərin məzmunu ilə bağlı müxtəlif fikirlər səsləndirmək olar.Amma həmin verilişlər baxılırsa, yüksək reytinqlidirsə, necə demək olar ki, cəmiyyət bunu istənir. Bir sözlə, yaradıcı menecmentə MTRŞ-ın bu cür müdaxiləsi yolverilməzdir.

“İlk növbədə sərbəst bazar olmalıdır. Hər kəs bilməlidir ki, bu bazarda pul qazana biləcək. Halbuki, televiziya bazarında pulların necə verilməsi, kimə verilməsi qeyri-şəffafdır. Şəffaflıq olanda prodüsser deyir ki, filan proqramı hazırlayacam, digəri deyir ki, mən filan verilişi hazırlayacam. Beləcə bir yarış başlayır. Nəticə də isə tamaşaçı udur. Bizim bazarda milyardlar fırlanmır. Ona görə də bizdə daha çox maariflənmə kimi proqramlara üstünlük verilir. Əslində isə bu tipli verilişlər də maraqlı, fərqli hazırlanmalıdır ki, tamaşaçıya maraqlı gəlsin. Televiziyalar buna o zaman gedə bilər ki, bazardan pul qazana bilir. Televiziyalar kiminsə cibindən pul qazanırsa o zaman Azərbaycandakı vəziyyət davam edəcək”.



Qeyd edək ki, bir neçə gün öncə, Milli Televiziya və Radio Şurasının iclası keçirilib və ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının dayandırılması ilə bağlı qərar verilib.

Səbəb kimi isə sözügedən proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğu göstərilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti