`Dostunu göstər mənə, deyim sən kimsən` - Müsahibə

`Dostunu göstər mənə, deyim sən kimsən` - Müsahibə
  02 Oktyabr 2015    Oxunub:6750
Nəyinki, Rusiya, həm də Fransa və Amerika da çalışmalıdırlar ki, bölgəni və dünyanı fəlakətə aparan belə münaqişələrə son qoyulsun.

Milli Məclis Sədrinin müavini Bahar Muradova AzVision.az-a müsahibəsində Avropa-Azərbaycan münasibətləri, ölkəmizə qarşı təzyiqlər və Qarabağ münaqişəsinin həlli ilə bağlı önəmli məqamlara toxunub.

-Avropa Parlamentinin məlum qətnaməsindən sonra Azərbaycanın Avropa siyasətində hər-hansı bir ciddi dəyişiklik gözlənilirmi? Xüsusən parlament seçkiləri öncəsi artan təzyiqlər, eləcə də bəzi beynəlxalq təşkilatların seçkini izləməkdən imtina etməsi fonunda Azərbaycan-Qərb münasibətlərinin perspektivini necə şərh edə bilərsiniz?

-Biz hər zaman iki və çoxtərəfli münasibətlərimizdə qarşılıqlı hörmətə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə söykənmiş əlaqələrə üstünlük veririk. Bu istiqamətdə bizim qapılarımız hər kəsə açıqdır. Əks təqdirdə kimlərsə öz maraqlarını, iddialarını bizə qəbul etdirmək istəyəcəksə, biz hər zaman olduğu kimi yenə də öz müstəqil mövqeyimizi bəyan edəcəyik.

Milli Məclidə bu məsələ ilə bağlı sənəd qəbul edildi. Biz həmin sənəddə açıq-aşkar öz mövqeyimizi ortaya qoyduq. Bu, Azərbaycana yönəlik qərəzli qətnamalər və sənədlərin konkret maraqlara xidmət etdiyini bir daha göstərir. Hər halda biz öz tərəfimizdən söylədiyimiz əsasda münasibətlər qura bilərik.

Qeyd edim ki, ATƏT çox böyük ərazi və ölkələri əhatə edən bir təşkilatdır. Burada təhlükəsizlik və əməkdaşlıq məsələləri kompleks halda nəzərdə tutulur. Həm iqitisadi, həm siyasi, həm də humanitar əsasda əməkdaşlığa üstünlük verilir. Ona görə də bu əməkdaşlıq çox istiqamətlidir. Biz bu istiqamətdə əməkdaşlığa hazırıq. Amma eyni zamanda ATƏT və digər beynəlxalq təşkilatların fəaliyyətindəki neqativ halları da açıq şəkildə bəyan edirik. Bu təşkilatların bərabərhüquqlu bir üzvü kimi həm Azərbaycan həqiqətlərinin daha aydın və dəqiq qəbul edilməsində, həm də bu təşkilatların özünün nüfuzu və qarşıdakı hədəflərinə çatması istiqamətində müəyyən fəaliyyətlərimiz olub. Bundan sonra belə fəaliyyətimizi davam etdirəcəyik.

Biz bu il seçkidə iştirak etdiyimiz və bu istiqamətdə aktiv fəaliyyət həyata keçirdiyimiz üçün ATƏT-in bu dəfəki payız sessiyasına gedə bilmədik. Nəzərə alsaq ki, bu sessiyada hansısa qərarlar qəbul olunmur. Parlament konfransları keçirilir. Məruzələr və onların ətrafında debatlar təşkil olunur, heç bir sənəd qəbul olunmur.

Biz ATƏT nümayəndəsinin Azərbaycandakı seçkini müşahidə etməkdən imtina etməsinə qarşı olan mövqeyimizi açıqca bəyan etmişik. Demokratik Təsissatlar və İnsan Haqqları bürosu ATƏT-in bir insititutudur. O, ATƏT-in müvafiq rəsmi qrumları ilə məsləhətləşmədən və səlahiyyətlərini aşaraq özbaşına belə bir qərar qəbul edib.

Azərbaycan tərəfi də haqlı olaraq bu məsələni qaldırıb. Açıqlamalarımızda da bununla bağlı mövqeyimizi ifadə etmişik. Hesab edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri bu məsələni hər tərəfli müzakirəyə çıxardıqdan sonra buna münasibət bildirməli və hər zaman olduğu kimi ləkəli imicə malik olan ATƏT-in Demokratik Təsissatlar və İnsan Haqları Bürosunun təşkilat çərçivəsində özbaşına fəaliyyətinə son qoyulmalıdır.

Bir suveren dövlət kimi Azərbaycanın hüquqlarına zərər gətirən belə hərəkətlərdən onları çəkinməyə çağırmalıdırlar. Avropa Parlamenti ayrıca bir Avropa qurumudur. Avropa Parlamenti Avropa İttifaqı yanında fəaliyyət göstərir. Demokratik Təsissatlar və İnsan Hüquqları İnsititutu isə ATƏT yanında fəaliyyət göstərir. Bizim bu təşkilatlara üzvlüyümüz tamamilə fərqli əsaslarda qurulub. Ona görə də ölkələrin hüquqlarına hörmət etmək hər bir təşkilatın həm Avropa Parlamentinin, həm də ATƏT-in Demokratik Təsissatlar və İnsan Hüquqları İnsititutunun borcudur. Biz bu məsələdə ardıcıl mövqeyimiz ifadə edəcəyik. Biz həmin təşkilatların bu məsələyə düzgün qiymət vermələrinə çalışacağıq.

- Bahar xanım bu yaxınlarda Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın ölkəsindən qaçaraq Azərbaycana sığınması böyük rezonans doğurdu. Düşmən ölkə nümayəndəsinin Azərbaycana qaçması bizim uğurumuzdurmu?

-Erməninin hansı məqsədlərlə Azərbaycan tərəfinə keçdiyini hər halda gələcək göstərəcək. Çünki dəfələrlə belə hallar olub ki, Azərbaycandan siyasi sığınacaq istəyiblər, uzun müddət burada ailələri ilə istirahət ediblər. Gedikdən sonra Azərbaycanın əleyhinə tamamilə fərqli fikirlər səsləndiriblər. Ona görə də həmin ermənin Azərbaycan tərəfinə keçməsi ilə bağlı hansısa birmənalı fikir səsləndirə bilmərəm. Bu gün Azərbaycana sığınan və ictimai-siyasi fəaliyyətdə olan bu şəxs Ermənistan haqqında bizim bildiklərimizi mövcud olan faktlara əsaslanaraq hər kəsə bəyan edir. O, yeni bir şeylər söyləmir. Həmin faktları biz də bilirik. İndi həmin faktlar bir eməni vətəndaşının dilindən, özü də Azərbaycanda səsləndirilir. Ona görə Ermənistan tərəfi bu kimi hallardan nəticə çıxarmalıdır. Ermənistan daxili və xarici siyasətində mütləq bir dəyişiklik etməlidir. Əgər Ermənistan rəhbərliyi düşünürsə ki, onların tutduqları mövqe Azərbaycana yönəlib və bunun əziyyətini yalnız biz çəkirik, bu zaman onlar çox yanılırlar.
Erməniləri iqtisadi və humanitar fəlakətlərə sürükləyən həmin rəhbərlərin fəaliyyətinin nəticəsi olaraq əsas zərbələri də məhz öz xalqlarından alırlar.
Əminəm ki, çox saylı erməni ailələri, siyasi xadimləri başqa bir yol tapa bilmədikləri üçün bu gün Azərbaycana sığınmaq istəyirlər. Bunu üçün onlar çoxsaylı müraciətlər edirlər. Əlbəttdə ki, Azərbaycan bütün qapıları açaraq erməniləri ölkəmizə buraxmayacaq. Amma belə bir faktlar lazımdır ki, Ermənistan rəhbərliyi gözünü açsın, həqiqətin üzünə düz baxa bilsin və müəyyən nəticələr çıxarsın. Düşünürəm ki, bu çox ibrətamiz bir faktdır və Azərbaycanın uğurudur.

-Son günlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atacağı gözlənilir. Hətta iddia edilir ki, Rusiya işğal altında olan torpaqlarımızı geri qaytaracaq. Bu iddialar nə dərəcə realdır? Sizcə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın gələcəkdə hansı ciddi addımlar atıla bilər?

-Mən də hər kəs kimi Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa xarici dövlətlərin bu yaxınlarda ciddi addımlar atacaqları ilə bağlı mətbuatdan məlumatlar oxuyuram. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən addımlar atmaq istəməsində qeyri-təbii heç nə yoxdur. Və bu istiqamətdə daha çox çalışmalıdırlar. Nəyinki, Rusiya, həm də Fransa və Amerika da çalışmalıdırlar ki, bölgəni və dünyanı fəlakətə aparan belə münaqişələrə son qoyulsun. Qarabağ münaqişəsi bunların ən qədimidir və ən kəskin xarakter almış bir formadadır. Qarabağ münaqişəsinin həlli digər münaqişələrin həllinə də öz töhvəsini verə bilər. Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret vaxt söyləmək və şərtlər irəli sürmək məsələsi ilə bağlı şərhlər verə bilmərəm. Bununla bağlı dəqiq məlumatım yoxdur. Belə bir tendensiyaların olması müsbət bir haldır. Rusiya, Türkiyə və Ermənistan prezidentlərinin tədbirlərin birində görüşmələri əlbəttdə ki, regiondakı vəziyyətin yaxşılaşmasına səbəb ola bilər. Mən belə görüşlərin çox olmasının tərəfdarıyam.

-Bu yaxınlarda “France 2” telekanalında “Cash Investigation” həftəlik araşdırma proqramı çərçivəsində Azərbaycanla bağlı sujet yayımlanıb və bu proqram ərzində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilərək birtərəfli, böhtan xarakterli məlumatlar səsləndirilib. Bundan sonra isə Azərbaycan tərəfi bu telekanala qarşı iddia qaldırmaq niyyətində olduğunu açıqlayıb. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Fransa səfəri zamanı tədbirlərdən birində özünü jurnalist kimi təqdim edən bir qadının Leyla Yunus və Xədicə İsmayıl adını dəfələrlə təkrarlaması konkert olaraq hansı hədəflərə istiqamətlənmişdi. Azərbaycanın Fransada həyata keçirdiyi uğurlu fəaliyyətə kölgə salmaq istəyənlər kimlərdir və hansı məqsədlərə xidmət edirlər?

-Düşünmürəm ki, Mehriban xanımın Fransa ilə Dostluq Qrupunun rəhbəri kimi göstərdiyi uğurlu fəaliyyətə hansısa bir səviyyədə kölgə sala biləcək faktlar olsun. Azərbaycan mədəniyyəti, xalqımızın adət-ənənələri və bu günkü reallıqlar nəyin ki Fransa, bir çox qabacıl Avropa ölkələrində məhz Mehriban xanımın rəhbərlik etdiyi Fondun fəaliyyəti nəticəsində daha geniş bir fomada təbliğ olunmaqdadır.

Həqiqətən də Avropada bəşəri dəyərlərə, mədəniyyətə və xalqları bir-birinə bağlayan məqamlara üstünlük verən dairələr, insanlar çoxluq təşkil edir. Onlar da bunu layiqincə dəyərləndirirlər.

Həmin qadının hərəkətləri isə müəyyən məqsədlərə və dairələrə xidmət edir. Düşünmürəm ki, həmin hərəkət belə bir uğurlu fəaliyyətin üzərinə kölgə sala bilər. Hər halda bu insanlar Azərbaycanla bağlı qərəzli mövqelərinin olduğunu gizlətmədilər. Onların bu hərəkətləri bizi daha sayıq və tədbirli olmağa çağırır. Həmçinin bütün bunlar ölkəmizə qarşı düşmən mövqedə duran dairələrin dinc oturmadıqlarını bir daha bizə göstərdi. Biz də bunları nəzərə alırıq. Azərbaycana qarşı qərəzli mövqedə olanların bir mənalı olaraq cavablarını veririk.

Tərəzinin bir gözünə Azərbaycanı, digər gözünə Leyla Yunus və Xədicə İsmayılı qoyanların nə dərəcədə bəsit və dayaz düşüncəli olduqları bir daha ortaya çıxdı. Deyirlər ki, dostunu göstər mənə, deyim sən kimsən. İnkişaf yolu tutmuş və demokratik prinsipləri rəhbər tutan Azərbaycanla bağlı onların bu qərəzli mövqeləri bilavasitə özlərinə ziyan vurur. Bu onların nə qədər dar məqsədlərə xidmət etdiklərini bir daha hər kəsə nümayiş etdirir.

Biz Leyla Yunus və Xədicə İsmayıl kimi insanlarların adlarını əldə rəhbər tutaraq 20 il ərzində Azərbaycana qarşı müəyyən qərəzli kampaniya aparanların çox şahidi olmuşuq. Onlar öz mövqelərində qalıblar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan hər gün daha da inkişaf edir, çiçəkənir, güclənir və regionun, dünyanın ictimai-siyasi həyatındakı rolunu, mövqeyini möhkəmlətməkdə davam edir. Bu kimi hallarla Azərbaycanı tutduğu öz müstəqil yolundan döndərmək mümkün deyil.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti